Dünya azərbaycanlıları Bakıda toplaşır

Prezident İlham ƏLİYEV: “Diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir”

 

Bu gün paytaxtımızda daha bir mötəbər tədbir Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir. İki gün davam edəcək tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaqların iştirakı nəzərdə tutulub. Onların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində olacaq.

 

Fəxr edirəm ki, mən azərbaycanlıyam!

 

Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amalideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir. Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da qarşıda ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Milli Məclis qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil respublikamızın dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli aparılmağa başlanmışdır.

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində fəxarətlə söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.

2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlıları birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

 

Azərbaycançılıq ideologiyası milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir

 

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideyafikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Xalqımızın əvəzsiz sərvəti olanböyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illər əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.

 

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımız daha fəal olmalıdırlar

 

Prezident İlham Əliyev ötən 13 ildə diasporlobbi quruculuğu yönümündə sistemli aparır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Dövlət başçısının hələ 2004-cü ildə Rusiyaya reallaşan ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II Qurultayı da qonşu ölkədə soydaşlarımızın təşkilatlanması baxımından mühüm tədbirlərdən biri olmuşdur. 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi diqqəti çəkir.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü aparır. Bu baxımdan dövlət başçısının sərəncamı əsasında 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Həmin ilin iyun ayının 7-də Türkiyənin Antalya şəhərində təşkil olunmuş Azərbaycan və Türk diaspor təşkilatlarının birgə konfransı, dünya Azərbaycanlı Ziyalılarının Forumu və 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu bu sahəyə verilən önəmin parlaq nümunəsidir.

Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq həmvətənlərimizin qəlblərində böyük qüruriftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ilk növbədə öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi tarixi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.

 

Diaspor quruculuğu siyasəti ardıcıl və sistemli xarakter daşıyır

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində müvafiq dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da fəal mövqe tutması son dərəcə vacibdir. Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Azərbaycan diasporunun nümayəndələri bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalı, yaşadıqları ölkələrdə Ermənistanın ifşası istiqamətində fəal aparmalıdırlar.

Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli işlər görülməlidir. Bakı şəhərində 2011-ci il iyulun 5-6-da Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi də məhz bu vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Dünya azərbaycanlılarının mühüm nəticələrlə yadda qalan III qurultayı Azərbaycanda uğurla həyata keçirilən diaspor quruculuğu siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini bir daha nümayiş etdirdi. Bu ali tədbir azərbaycanlıların vahidmonolit qüvvə kimi təşkilatlanması prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərdi. Hazırkı mərhələdə Azərbaycan diasporunun qarşısında duran vəzifələri düzgün müəyyənləşdirməklə xaricdə fəaliyyət göstərən təşkilatları milli məqsədlər naminə səfərbər etmək, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olmaq bu gün üçün aktual məsələlər olaraq qalır.

Dünya Azərbaycanlılarının III Qurultayı göstərmişdir ki, Azərbaycanın Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu nitqində Azərbaycan diasporunun formalaşması prosesinin başa çatdığını demişdir: “Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni, 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər”.

Xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək.

Elnur HACALIYEV

Azərbaycan.- 2016.- 3 iyun.- S. 5.