Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz çalışmalıdırlar ki, üzərlərinə düşən bu məsul vəzifənin öhdəsindən layiqincə gəlsinlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 3-də Bakıda işə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində keçirilən “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusundakı panel sessiyada səsləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada “Gənclər Azərbaycan diasporunun fəaliyyət tarixində yeni mərhələnin aparıcı qüvvəsi kimi”, “Yeni nəsli fərqləndirən başlıca keyfiyyətlər”, “Azərbaycan diasporunun indiki nəsli ilə gənclər arasında fikir və düşüncə fərqi”, “Keçmiş nəslin təcrübəsi və yeni nəslin müasir yanaşma tərzi - ümumi harmoniyanı necə yaratmalı?” “Keçmiş təcrübənin yeni nəslə ötürülməsi üsulları hansılardır?” mövzularda diskussiyalar aparılıb.

Ramin Məmmədov qeyd edib ki, gənclərin erməni təbliğatına qarşı fəallığı daha da artırılmalıdır. Onlar müasir innovativ texnologiyalardan istifadə etməklə bu mübarizədə öz sözlərini deməlidirlər. Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib.

Panel sessiyası çıxışlarla davam edir.

Azərbaycan.- 2016.- 4 iyun.- S. 3.