“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 223-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 223-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.  həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013,  N 7, maddə 803; 2014, N 9, maddə 1050, N 11, maddələr 1382, 1413, N 12, maddə 1588; 2015, N 10, maddə 1121) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.1-ci bənddə “59.9-cu,” sözlərindən sonra “64.0.8-1-ci (hər iki halda),” sözləri əlavə edilsin;

2.2. 5.18-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 5.19-cu bənd əlavə edilsin:

“5.19. həmin Məcəllənin 64.0.8-1-ci maddəsində “fəaliyyət sahələri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkının rezidentionun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən həyata keçirilən gəmiqayırma fəaliyyəti, “mütəxəssislər” dedikdə, həmin rezidentonun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən dəvət edilmiş gəmiqayırma sahəsində ali təhsili və ya müvafiq ixtisas üzrə peşə təhsili və bu sahədə ən azı bir il təcrübəsi olan mütəxəssislər nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 4 iyun.- S. 7.