Azərbaycanın uğurları xaricdə yaşayan bütün həmvətənlərimizdə böyük qürur hissi doğurur

Azərbaycanın hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizdə böyük qürur hissi doğurur.

Bu fikri Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı Ələkbər Qarayev AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, qurultay xaricdəki soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması, milli diaspor hərəkatının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmaların mütəşəkkilliyi və fəallığının artmasında böyük rol oynayır. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Biz Prezident İlham Əliyevin Azərbaycan diasporuna yüksək diqqət və qayğısını hər zaman hiss edirik. Dövlətimizin başçısının qarşımıza qoyduğu vəzifələri tam şəkildə yerinə yetirmək üçün səylə çalışacağıq.

Azərbaycan.- 2016.- 5 iyun.- S. 5.