Azərbaycan-Pakistan əməkdaşlığı təhsil sahəsində də inkişaf etməkdədir

Azərbaycana dost ölkə olan Pakistanla digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir. İki ölkənin münasibətləri bütün dövrlərdə ən yüksək səviyyədə olub. Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə hər zaman diqqət yetirib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində davam etdirilməsi üçün əlverişli zəmin hazırlayıb. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına həssas yanaşır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə yönələn xidmətləri də xüsusilə qeyd olunmalıdır.

Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dəhşətli zəlzələdən dərhal sonra Müzəffərabadda 500 şagirdin təhsil aldığı qızlar məktəbini inşa etdirib. Fondun Pakistanın bütün əyalətlərində və bölgələrində mütəmadi olaraq apardığı xeyriyyəçilik işləri pakistanlılar tərəfindən hər zaman xüsusi ehtiramla qeyd edilir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən “Hilal-e Pakistanali ordeni ilə təltif olunub. Bu, Mehriban Əliyevanın humanizmə və dostluğa əsaslanan fəaliyyətinin Pakistanda nə qədər yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirir.

Azərbaycan-Pakistan təhsil əlaqələrinin inkişafı baxımından təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ElmiTexnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirakı mühüm əhəmiyyət kəsb edir.

COMSTECH 1981-ci ildə Məkkədə, İƏT-in üçüncü İslam Zirvə görüşündə təsis olunub. COMSTECH-in sədri vəzifəsini Pakistan Prezidenti icra edir. COMSTECH-in əsas məqsədi İslam Birliyinin elmitexnoloji tələbatlarının müəyyənləşdirilməsi və düzgün dəyərləndirilməsi ilə yanaşı, İƏT üzvü olan ölkələr arasında elmtexnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi, milli, regional, beynəlxalq səviyyədə elmitexnoloji fəaliyyətlərin planlaşdırılması, inkişafı, araşdırılması və monitorinqi üçün səmərəli strukturun yaradılmasıdır.

Tədbirin açılış sessiyasında Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, elmtexnologiya naziri Rana Tanvir Hüseyn, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Mədəni, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli əl-Mədəni və COMSTECH-in baş əlaqələndiricisi Şaukat Hamid Xan çıxış ediblər.

Əllidən çox ölkənin nümayəndəsinin qatıldığı tədbirdə təhsil naziri M.Cabbarov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini vurğulayıb, respublikamızın hərtərəfli inkişafında elm və texnologiyanın rolundan danışıb. Nazir Azərbaycanda elm, texnologiya və təhsilin əlaqələndirilməsindən söz açıb, 40 ali təhsil müəssisəsinin beynəlxalq tədqiqat bazası və nəşrlərinə çıxışını təmin edən “Thomson Reuters” şirkəti ilə imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.

M.Cabbarov, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən, informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizin nailiyyətlərindən bəhs edib. Nazir bütün bu tədbirlərin Azərbaycan hökumətinin innovativ inkişaf və modernləşməyə göstərdiyi diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan tərəfinin COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilməsi ölkəmizin beynəlxalq aləmdə və xüsusilə İƏT-də nüfuzunun artmasını bir daha sübut edir. Bu seçimdən sonra təhsil naziri M.Cabbarov İƏT-in və COMSTECH-in ixtisaslaşmış qurumlarının hesabat və təkliflərinin təqdim olunduğu plenar iclasa sədrlik edib.

Tədbirin birinci gününün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikası Prezidentinin rəsmi qəbulunda iştirak edib.

Eləcə də Azərbaycan nümayəndə heyətinin qarşılıqlı maraq doğuran sahələr üzrə digər ölkələrin nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri ilə görüşləri olub.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”.- 2016.- 5 iyun.- S. 7.