Gələcəyi keçmişdə axtaranlar

 

Bir daha doğma dilə ögey münasibət barədə

 

Doğrusu, bu mövzuya qayıtmaq fikrimiz yox idi. Özü də təkcə ona görə yox ki, bəzi azərbaycanlıların Azərbaycan (həm də dövlət) dilinə əcaib münasibəti və münasibətdən doğan əcaib reallıqlar haqqında bir müddət əvvəl yazmışdıq. Həm də o səbəbə ki, bubu mövzu ilə bağlı digər yazıların həmin münasibət və reallıqları dəyişmək iqtidarında olduğuna inanmırdıq və əslinə qalsa, elə indi də inanmırıq!

Görünür, dil xəstəliyimiz elə sadə mərəz deyil ki, onu maarifləndirmək, anlatmaq, başa salmaq kimi üsullarla müalicə etmək mümkün olsun. Yəqin onun, türklər demiş, nədənini mövcud zaman, məkan və tələbatdan irəli gələn obyektivlikdən daha çox, genetik koda, milli qürura və yüksək savada bağlı olan subyektivlikdə axtarmaq lazımdır. Onları isə sən demə, sözün müdaxiləsi ilə dəyişdirmək nəinki qəliz məsələ, hətta heç mümkün deyilmiş. Olsaydı, müstəqillikdə yaşadığımız bu 25 ildə olardı. O 25 il ki, saylarını bilərəkdən az göstərmək üçün işlətdiyimiz “bəzi” (əslində isə sıraları gündən-günə genişlənən) azərbaycanlılar üçün sanki yoxdur, elə bil, onlar hələ də qırmızı imperiyanın tərkibində yaşayırlar və yaşaya-yaşaya gələcəklərini həmin keçmişdə axtarırlar. Axtaransa həmişə tapmır, itirdiyi zaman da olur və həmin zaman heç vaxt geri qayıtmır.

...Bir qonşumuz var. Deməsə də, kənd adamı olduğu idimindən tökülür. Bu yaxınlarda uşağını 1-ci sinfə qoymaq üçün tanış axtarırdı. Təəccüblənib tanışın nəyə görə lazım olduğunu soruşanda cavabı gözlənilməz və bir o qədər də acı təəccüb doğuran oldu: “Uşağı rus bölməsinə qoymaq istəyirəm, hansı məktəbə müraciət edirəmsə, deyirlər bütün yerlər dolub, Azərbaycan bölməsinə istəyirsinizsə problem yoxdur”. Bunun davamı olan başqa bir fakt: sözün bütün mənalarında klassik Azərbaycan ailəsi tanıyırıq ki, ilkin övladına, özü də qız uşağına təhsili məlum dildə vermək üçün neçə ildir dəridən-qabıqdan çıxır. Çünki nəinki ailələrində, hətta nəsillərində belə, nə rusca danışan olub, nə də təhsil alan! Belə bir mühitdə körpə qızcığazın vəziyyətini təsəvvür edirsinizmi?! Bu yerdə yaxın bir tanışımızın rayonda yaşayan qardaşının orta məktəbin rus bölməsində 1-ci sinfə gedən oğlunun valideynlərinə verdiyi sual yada düşür. Deməli, uşaq atasından “şurşitsözünün tərcüməsini soruşub və ardınca da bildirib ki, o bu sözü əvvəl “şit şorkimi başa düşüb.

Tam səmimiyyətlə bildiririk ki, bu faktların heç biri uydurma deyil. Axı, hamının hər gün rastlaşdığı, müşahidə etdiyi, adlarına “bəzilər” dediyimiz çoxlarınınsa yaşadığı bu acınacaqlı reallığı göstərmək üçün uydurma faktlaraehtiyac?! Adam çaşıb qalıb, bilmir kimi, nəyi qınasın - özümüzdən asılı olmayan zəmanənimi, yoxsa zəmanədən asılı olan özümüzümü?! Amma bütün hallarda doğma dilə bu səviyyəsizlikdə ögey münasibətə heç cür bəraət qazandırmaq mümkün deyil. Çünki dil təkcə ünsiyyət vasitəsi yox, həm də milli varlıqdır! Boş yerə deməyiblər ki, əgər bir xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al! Bəs, bizedirik - dilimizi əlimizdən özümüz veririk, baxmayaraq ki, onu bizdən istəyən yoxdur. Yad dildə təhsil almaq, yəni, “Dədə Qorqud” əvəzinə, “İqor polku haqqında dastan”ı oxumaq, Nizami, Füzuli, Sabirin yerinə PuşkinLermontovu əzbərləmək, AğqoyunluQaraqoyunlunu kənara qoyub Velikorusun tarixini öyrənmək dili və deməli, həm də xalqı əldən vermək deyil, bəs nədir? Biz Puşkinin, Lermontovun əleyhinə deyilik. Amma gəlin əvvəlcə özümüzü oxuyaq, öyrənək, sonra başqalarını. Evdə, küçədə, bağda, bağçada balası ilə ana dilində danışmayan, bəlkə də bunu özünə yaraşdırmayan, şit şorla böyüyən kənd çocuğunuşurşitin tərcüməsini axtarmağa məcbur edən, onsuz da ömrünün sonunacan gözündən kənar qoymayacaq qız övladına təhsili perspektivsiz bir dildə verən valideynlərin bu hərəkəti vətənə, millətə nankorluq deyil, bəs nədir?!

Belələrinin özlərinə bəraət qazandırmaq üçün yalnız bir arqumenti var: əlavə dil bilməyin nəyi pisdir ki... Bunu biz də danmırıq. Xüsusən, indiki zamanda əlavə, yəni, xarici dil bilməyin nəinki lazım, hətta vacib olduğunu danan yalnız nadanlar olar. Bizim dediyimiz başqadır: gəlin təhsil almaqla əlavə dil öyrənməyi qarışdırmayaq. Birincisi millilik, vətənpərvərlik, soya, kökə bağlılıqdırsa, ikincisi dünyaya açılan pəncərədir. Birincisi özümüzü təsdiq, ikincisi nümayiş etdirmək üçün vasitədir. Birincisi qürur mənbəyimiz, ikincisi intellekt səviyyəmizdir. Göründüyü kimi, hər iki haldakı amillər təkcə bir-biri ilə sıx bağlı deyil, həmçinin bir-birinin davamı və tamamıdır. Başqa sözlə desək, kamilmüasir olmaq istəyən şəxs ilk növbədə öz ana dilini, sonra isə bir-iki aparıcı xarici dili bilməlidir. Bir daha təkrar edirik: aparıcı xarici dili, daha nostalji dilini yox! Çünki Azərbaycan bu gün bütün dünyaya inteqrasiya olunur. Bunun üçünsə dünyanın dilini öyrənmək, bilmək lazımdır, özü bütün mənalarda.

Övladlarına məlum dildə təhsil verənlərin bir bəhanəsi var: guya məktəblərin Azərbaycan bölməsində təhsilin səviyyəsi aşağıdır. İnandırıcı deyil! Ən azından o səbəbə ki, ölkədə təhsilin səviyyəsinin bölmədən ərazidən asılı olaraq dəyişməsi sadəcə mümkünsüzdür. O ki, qaldı savada, onun da hansı dildə təhsil almağa dəxli yoxdur! Müşahidələrimiz göstərir ki, bu gün dünyanın Harvard, Kembric kimi aparıcı universitetlərində təhsil almış yüksək ixtisaslı mütəxəssislərimizin əksəriyyəti orta məktəbi ana dilində bitirənlərdir. Yaxud keçmiş sovet dövrünü götürək. Həmin illərdə bizimkilər xüsusən Bakıda kütləvi surətdə rus dilində təhsil alırdılar. Halbuki o zaman qonşu respublikalarda nəinki həmin dildə təhsil almağa, hətta danışmağa pis baxırdılar. Nəticəsi oldu? Bu gün Rusiyanın əksər sahələrində məşhur adamların, aparıcı mütəxəssislərin, alimlərin çoxu həmin qonşu xalqların nümayəndələridir. Bizimkiləri isə saymaq üçün əlimizdəki barmaqlar da çoxdur. Haqlı sual yaranır: hanı o yüzminlərlə rusdillilər?! Deməli, əsas olan kəmiyyət yox, keyfiyyətdir! Yəni, gəlin özümüzü aldatmayaq, rus dilində təhsilə bugünkü axının səbəbinin hansısa uğurlu perspektiv yox, uğursuz tələbat olduğunu etiraf edək.

Bu baxımdan Təhsil Nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Müasir gəncliyin gələcək nəslin savadına, dünyagörüşünə, bir az da dərinə getsək, əqidəsinə cavabdeh olan bu nazirlik indiki kimi lüzumsuz kortəbii tələbatın arxasına düşməməli, əksinə, həmin tələbatı özü müəyyənləşdirməli bu istiqamətdə tədbirlər görməlidir.

Raqif MƏMMƏDOV,

Azərbaycan.- 2016.- 7 iyun.- S. 7.