Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri birbaşa elektron viza ala biləcəklər

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birbaşa “ASAN Vizasistemi ilə elektron viza ala biləcəklər. Bunun üçün Miqrasiya Məcəlləsində dəyişikliklər edilir.

AZƏRTAC xəbər verir ki, dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 6-da keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri birbaşa müraciət etməklə “ASAN Vizasistemi ilə ən gec üç günü müddətində elektron viza ala biləcəklər.

İclasda komitə sədri Əli Hüseynli bildirib ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün özləri birbaşa müraciət edə bilmirbu proses turizm şirkətləri vasitəsi ilə həyata keçirilir. Dəyişiklikdən sonra isə həmin şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil edəcək və müraciətin qəbulu barədə müvafiq təsdiqnamə aldıqdan sonra qanunla müəyyənləşmiş məbləğdə dövlət rüsumunu da elektron qaydada ödəyəcək. Viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin poçt ünvanına göndəriləcək. Yaxud viza verilməsindən imtina edildikdə də şəxsə bu barədə məlumat veriləcək. Elektron viza pasporta yapışdırılmayacaq. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportlageri qayıdış bileti ilə təqdim olunacaq. Buraxılış məntəqəsində pasportda şəxsin ölkəmizə daxil olması və ərazini tərk etməsi barədə qeyd aparılacaq. Məlumat “Giriş-çıxış qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürüləcək.

Komitə üzvləri əcnəbilər və vətəndaşlığı olmayanların birbaşa elektron viza almaq imkanının ölkəmizə səfər edənlərin sayını artıracağını bildiriblər.

İclasdaNotariat” və “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunlara təklif olunan dəyişikliklərə də baxılıb və dəyərləndirilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 18-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri sırasına biri də əlavə olunur. Belə ki, sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, həmin torpaq sahəsinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri də təsdiqləyəcəklər. Komitə sədri bunun kənd təsərrüfatı sahəsində aparılan islahatların sürətlənməsinə, işin asanlaşdırılmasına xidmət edəcəyini vurğulayıb.

 

Azərbaycan.- 2016.- 7 iyun.- S. 5.