Oğuzu vətən seçiblər

 

Ölkəmizin yerləşdiyi coğrafi ərazi, təbiətinin rəngarəngliyi, torpaqlarının bərəkətli olması bir çox xalqların bu məkana üz tutmalarına səbəb olub. Onların arasında dostniyyətliləri də görmüşük, ürəyimizin genişliyindən sui-istifadə etməyə hazır olanları da...

Lakin xoşbəxtlikdən xoşməramlılar daha çox olub. Xisləti təmiz, yediyi çörəyə halallıq qatan birgə yaşadığımız etnoslardan biri dağ yəhudiləridir.

Dağ yəhudiləri ümumilikdə respublikamızın müxtəlif yerlərində binə qurublar. Onların yığcam yaşadıqları məkanlardan biri Oğuz rayonudur. Dağ yəhudiləri Humanitar Mərkəzinin koordinatoru Rasim Mikayılov dedi ki, yəhudilərin Azərbaycan ərazisində məskunlaşması təqribən 300 il əvvəl Ağa Məhəmməd Şah Qacarın Şəki xanlığını istila etdiyi dövrə təsadüf edir. Həmin zaman Qacarın başçılıq etdiyi heyətin tərkibində olan dağ yəhudiləri burada qalmaq istəyib və razılıq əsasında Şəki ərazisində məskunlaşıblar. Yaşayış yeri isə Şəki qışlağı adlanan Dağdibi ərazi seçilib. Sonradan artım baş verdikcə müəyyən bir qismi Oğuz rayonuna sığınıb. XIX əsrin sonlarında Oğuzda yaşayan yəhudilərin sayı 1396 nəfər olub.

Oğuzda yəhudilər məhəllə salıblar. 1930-cu ilə qədər burada ibtidai məktəbləri də fəaliyyət göstərib.

Üç küçədən ibarət məhəllədə yaşayan insanların sayı təxminən 2 min nəfərə qədər artıb. Sonradan onların müəyyən hissəsi, əsasən də gənclər respublikanın mərkəzi şəhərlərinə, Rusiyaya gediblər. Azərbaycan növbəti dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonrakı ilk illərdə Oğuzda yaşayan 700 nəfərə yaxın yəhudinin böyük bir qismi İsrailə, Kanadaya, Almaniyaya və digər ölkələrə köçüb. Hazırda burada daim yaşayan yəhudilərin sayı təxminən 60 nəfərdir. Bununla belə, gedənlər doğulduqları yurdu unutmurlar. Demək olar ki, hər yay çoxu istirahətini Oğuzda keçirməyə üstünlük verir.

R.Mikayılovun atası sovetlər dönəmində Maliyyə Nazirliyində yüksək vəzifədə çalışıb. Bibisi oğlu İsmayıllıda yerli istehsalat kombinatının direktoru, komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsində və ayrı-ayrı qurumlarda məsul vəzifələrdə işləyib.

Rasim özü ixtisasca iqtisadçıdır. Uzun müddət rayonda baş mühasib işləyib. Hazırda fermer fəaliyyəti ilə məşğul olur. Həyat yoldaşı uşaq həkimidir. İxtisası üzrə çalışır. Oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təhsilini Moskva Beynəlxalq Əlaqələr Universitetinin hüquq fakültəsində davam etdirir. Qızı psixoloqdur.

Oğuzda yaşayaniudaizm dininə etiqad edən yəhudilərin inanc yeri olan, rayon mərkəzinin Aşağı məhəlləsində yerləşən, 1849-cu ildə tikilmiş sinaqoqa da baş çəkdik. Dedilər ki, sovet dönəmində onu anbara çevirmişdilər. Dövlət müstəqilliyinin bərpasından sonra  yenidən təyinatına uyğun işləməyə başlayıb. 1994-cü ildə bərpa edilib. Təmirdən sonra keçirilən açılış mərasimində iştirak etmək üçün 60-a qədər ölkədən nümayəndələr gəlib. Buradakı yəhudilərin müqəddəs kitabı olan Tövrat isə Fransadan gətirilib.

Dağ yəhudiləri Pasxa, Yeni ilSkot (Məhsul) bayramlarına xüsusi önəm verirlər. Bu bayramların hər biri sinaqoqda keçirilir.

Dağ yəhudilərinin qadın-kişi münasibətlərinə, milli-mənəvi dəyərlərə həssas yanaşmaları da maraq kəsb edir. Belə ki, sinaqoqda qadınlar kişilərlə birlikdə ibadət edə bilməzlər. Kişilər birinci, qadınlar isə ikinci mərtəbədə ibadət edirlər. Hətta qadınların ikinci mərtəbəyə qalxıb- düşmələri üçün əlavə girişvar. Tövratı oxumaq isə yalnız kişilərə məxsusdur.

Dağ yəhudilərinin dəfn edildikləri qəbiristanlıqda da olduq. Buradakı yaşıllıq, səliqə-sahman diqqəti çəkir. Yəhudi dini icmasının nümayəndəsi Teymur Natalinov dedi ki, hər bir yəhudi üçün sinaqoqların və qəbiristanlığın təmiz saxlanılması çox vacibdir.

Dünyasını dəyişən insanlar torpağa tapşırılan zaman yəhudilər Tövratı oxuyurlar. İlk dəfn günündə qəbiristanlığa yalnız kişilər gəlirlər. Yəhudilərdə üç mərasimi olmadığından 7 günlükdə səhər qadınlar, günorta kişilər mərhumun qəbrini ziyarət edirlər.

Söhbət əsnasında onu da dedilər ki, dağ yəhudiləri yerli xalqla qaynayıb-qarışıb. Bir-birinə qız verib, oğul evləndirənlər bu günvar. Toyyas mərasimlərində də bir yerdə olurlar. Ümumilikdə dini kəbin mərasimi istisna olmaqla, digər adət-ənənələr eynidir. Hətta buradan köçüb hazırda İsraildə yaşayan yəhudilərin toy mərasimlərində Azərbaycan bəstəkarlarının da nəğmələri səsləndirilir.

 

Əli SƏLİMOV,

Azərbaycan.- 2016.- 9 iyun.- S. 9.