Angela MERKEL: “Azərbaycan hakimiyyətinin addımlarını alqışlayırıq”

 

Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir

 

Prezident İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qaldı.

Dövlətimizin başçısı Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, vitse-kansler, iqtisadiyyatenerji naziri Ziqmar Qabriel, Alman-Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi. Qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın aparıcı dövlətinə çevrilən Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Almaniya üçünvacib önəm daşıyır.

Bu gün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. “Folksvagen”, “Manseman-Demaq”, “Siemens” və “Virtgenkimi nüfuzlu şirkətlər Azərbaycandakı fəaliyyətlərində böyük uğurlar qazanmışlar. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” proqramında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri iştirak etməkdə maraqlıdırlar. Azərbaycanla ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Prezident İlham Əliyevin Almaniyaya budəfəki səfəri zamanı Azərbaycan-Almaniiya İqtisadi Forumunun keçirilməsi də perspektiv əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Azərbaycan yeddi ölkəni əhatə edən “Cənub qaz dəhlizi” enerji layihəsinin icrasında mühüm rol oynayır. Almaniya başda olmaqla Avropa İttifaqına üzv dövlətlər də bu layihəni dəstəkləyirlər. “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək. Azərbaycan və Almaniya aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdironun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Almaniya xüsusilə də Azərbaycanın Avropanın siyasiiqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa Birliyi ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Almaniya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində Almaniyanın müstəsna rolunun mövcud münasibətlərdə əsas müzakirə mövzularından biri olması da təsadüfi deyil. Rəsmi Bakı bu və digər avrostrukturlara inteqrasiya prosesində geniş imkanlara malik Almaniyanın dəstəyinə böyük ümidlər bəsləyir.

Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə respublikamızın sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülhsabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik.

Bu dörd qətnamə iyirmi ildən çoxdur ki, qəbul edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və onların icrası üçün heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib”.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirdi. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Almaniya Kansleri Angela Merkel Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən Federal Kansler dünyada gedən iqtisadi böhranneftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirdi.

Azərbaycanın son illər dünya miqyasında siyasi imici daha da yüksəlmiş, ölkəmiz beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevrilmişdir. Regionda qlobal miqyasda iri layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri bir daha göstərdi ki, yaxın gələcəkdə bu əməkdaşlıq ölkələrimizin maraqlarına uyğun daha da yüksələcək.

Ümumilikdə, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük BritaniyaAlmaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirirlər. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasəti də xüsusi vurğulanır. Onun sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları yüksək qiymətləndirilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə lüzum görmürük.

Beləliklə də, Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər haqda” səsləndirilən fikirlərin reallığa söykənmədiyi ortaya çıxır.

Elnur HACALIYEV,

Azərbaycan.- 2016.- 9 iyun.- S. 5.