Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ

Zati-aliləri!

Dünya Azərbaycanlılarının IV Qurultayının təşkilinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. İlk dəfə on beş il öncə keçirilmiş dünya azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi məzmun kəsb edən tarixi ənənəyə çevrilmişdir. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Biz - xaricdə yaşayan azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz sayəsində Azərbaycanın siyasi, iqtisadisosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq. Qlobal miqyaslı təlatümlərin geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə inamla irəliləyir. Doğma Vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi daha da artırır.

Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövr ərzində diasporumuzun fəaliyyətində də bir sıra mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirilmişdir. Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınmasında “hücum taktikası”na keçən diaspor təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa çalışır. Azərbaycana dost münasibəti bəsləyən bir sıra xalqların müxtəlif ölkələrdəki milli icmaları, o cümlədən türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədilə ortaq strategiya müəyyənləşdirilmiş, bir sıra əhəmiyyətli görüşlər və forumlar keçirilmişdir.

Cənab Prezident!

Qurultay nümayəndələri Zati-alinizin yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində modern ölkəyə çevrilməsindən qürur hissi duyur. Bu gün dövlət müstəqilliyinin 25-ci ildönümündə olan Azərbaycan dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə yeni dostlar qazanmış və etibarlı, dayanıqlı tərəfdaş kimi tanınmışdır. Məhz bunun nəticəsidir ki, dünya birliyi ilə əməkdaşlıq yolunda inamla irəliləyən Azərbaycanla sıx münasibətlər qurmağa çalışan ölkələrin sayı ildən-ilə artır. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsi bütün dünyada geniş ictimai rezonans doğurdu. Bununla yanaşı, hər il ölkəmizdə keçirilən Qlobal Bakı Forumu, 2016-cı ildə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumus. tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana çevrildiyinin bariz göstəricisidir.

Biz Zati-alinizin beynəlxalq miqyasda ölkəmizin yüksək imicinin formalaşdırılması, Azərbaycan Respublikasının milli mənafeyinin təmin olunması, doğma Vətənimizin inkişafı, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirik. Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı altında olması və dünya birliyi tərəfindən təcavüzkar dövlətə qarşı qəti addımların atılmaması hər bir azərbaycanlını narahat edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağonun ətrafındakı yeddi rayonda oyuncaq rejim yaradan Ermənistan rəhbərliyinin qoşunların təmas xəttində törətdiyi diversiya aktları, dinc əhalinin qətlə yetirilməsi təcavüzkar dövlətə qarşı qəti cavab tədbirləri görülməsinin vacibliyini bir daha ortaya qoyur.

Cari il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısını qətiyyətlə alaraq, əks-həmlə ilə onu geri oturdan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ölkəmizin yüksək hərbi-iqtisadi potensialının və vətənpərvərlik ruhunun göstəricisi kimi bizi çox sevindirir.

Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri problemin həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə dəstəkləyir. Biz inanırıq ki, münaqişənin ədalətli həlli sahəsində atdığınız addımlar Azərbaycanın ərazi bütövlüyüsuverenliyinin bərpa olunması ilə nəticələnəcək. Bu gün hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik.

Cənab Prezident!

Dünya azərbaycanlıları Sizin inamlı siyasətiniz nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsi üçün qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur hissi duyur.

Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan bacarığımızı səfərbər edəcəyik.

 

 

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Azərbaycan Respublikası, Bakı şəhəri,

4 iyun 2016-cı il.

AZərbaycan.- 2016.- 9 iyun.- S. 6.