Yardımlıda aqrar sektorun ixractutumlu sahələrinin inkişafı üçün böyük potensial var

 

Yardımlıda aqrar sektorun ixractutumlu sahələrinin inkişafı üçün böyük potensial var. Bu fikir Yardımlıda fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 8-də Yardımlı rayonunda olublar.

Yardımlı rayon Mədəniyyət Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişibu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb. Qeyd olunub ki, Yardımlı aqrar rayondur, əkinçilik və maldarlıq əhalinin əsas gəlir mənbəyidir. Rayonda əkinəyararlı 12 min hektar torpaq sahəsindən yalnız 5-6 min hektarından istifadə olunur. "Əvvəllər Viləş çayı boyunca yerləşən kəndlərdə 300 hektara yaxın sahədə tütün becərilirdi. Bu ərazidə, həmçinin üzümçülük inkişaf etmişdi. Rayonda 200 hektar ərazidə əkilmiş üzüm sahəsindən 10 min ton yüksək şəkərli üzüm istehsal olunurdu", - deyə A.Əsgərov bildirib.

Müşavirədə çıxış edən işçi qrupun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov dövlət başçısının rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, Yardımlıda ixractutumlu sahələrin, o cümlədən tütünçülük, üzümçülük, kartofçuluq, baramaçılıq, arıçılıq və heyvandarlığın inkişafının vacibliyini vurğulayıb.

Bildirilib ki, Yardımlının ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük töhfəsi olub. Bu, daha çox tütünçülüyə aiddir. Yardımlı, həm də heyvandarlığın inkişaf etdiyi rayondur. Son illər rayonda kartofçuluğunüzümçülüyün inkişaf etdirilməsi üçün də müəyyən işlər görülüb.

Rayonda ənənəvi təsərrüfat sahələrinin inkişafına diqqətin artırılmalı olduğunu deyən A.Əmiraslanov dövlət tərəfindən bu sahədə atılan addımların real nəticələrindən bəhs edib, aqrar sektorda həyata keçirilən layihələrdən danışıb.

Prezident Administrasiyasının rəsmisi kənd təsərrüfatı işlərində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib, müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib.

Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Diqqətə çatdırılıb ki, rayonun aqrar sektorunda əsas problem suvarma sisteminin olmamasıdır. İşçi qrupun üzvləri təkliflərə münasibətlərini bildiriblər.

Müşavirədən sonra işçi qrupun üzvləri rayonun Deman kəndində 10 hektar ərazidə yeni salınmış tütün sahələri ilə tanış olub, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.

 

AZƏRTAC

Azərbaycan.- 2016.- 9 iyun.- S. 8.