Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilib

 

İyunun 9-da Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda DYƏT-in, onun təftiş komissiyasının və nəqliyyat hüququ komissiyasının 2015-ci ildəki fəaliyyəti, birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq, DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı, üzvlük haqlarının ödənilməsi, DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı, DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında və BMT-nin İqtisadi Komissiyasının “ÜmumavropaAvrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru üzrə DYƏT-in Komitə sədrinin məlumatı üzrə məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının və dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın hazırda nəqliyyat sahəsində reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində görülən işlərin böyük hissəsi yekunlaşıb. “Gürcüstan ərazisində artıq işlər bitib. Hazırda abadlıq işləri aparılır. Türkiyə isə əldə olunan razılığa əsasən tikinti işlərini 2016-cı ilin sonunda yekunlaşdıracaq. Bundan sonra Avropaya ən qısa və ucuz yolla yükdaşıma həyata keçirmək mümkün olacaq”, - deyə C.Qurbanov vurğulayıb.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov təşkilata üzv olan ölkələri dəmir yolu sahəsində əlaqələri genişləndirməyə çağırıb.

O bildirib ki, burada iştirak edən ölkələr yaranmış şəraitdən istifadə edərək iqtisadi inkişafı sürətləndirə bilər. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik.

Daha sonra tədbir iştirakçıları Azərbaycan dəmir yolunun inkişaf tarixindən bəhs edən film izləyiblər.

Qeyd edək ki, Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində DYƏT-in 60 illik yubileyiqeyd olunub.

 

Azərbaycan.- 2016.- 10 iyun.- S. 2.