Qəbələdə MDB dövlətlərinin bədən tərbiyə və idman üzrə Şurasının iclası işə başlayıb

İyunun 9-da Qəbələ şəhərində MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının növbəti iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, "Qafqaz Sport" otelində təşkil edilən iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edir.

MDB-nin yaranmasının 25 illiyi münasibətilə keçirilən Şuranın iclasında bu quruma üzv olan ölkələrdə bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi və tədbirlər planının hazırlanması, 2020-ci ilə qədər olan dövr ərzində bədən tərbiyəsi və idman üzrə Milli Strategiyanın həyata keçirilməsi, eyni zamanda, 2018-2020-ci illər üçün tədbirlər planı layihəsinin hazırlanması məsələləri müzakirə edilir.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək iştirakçılara ölkəmizdə idmana göstərilən dövlət dəstəyi, idmançılarımızın beynəlxalq idman yarışlarındakı uğurları barədə məlumat verib. Nazir keçmiş SSRİ respublikaları arasında idman sahəsində əməkdaşlığın uğurla davam etdirilməsi, bu ölkələrdə idmanın inkişafı sahəsində əldə olunan nailiyyətlərin təbliği, qabaqcıl təcrübədən qarşılıqlı şəkildə faydalanmaq, yüksək səviyyəli idmançıların inkişafında bir-birinə dəstək olmaq, idmanın kütləviliyinin artırılması və bu yolla insanların həyat keyfiyyətinin yüksəldilməsi, onlara normal həyat tərzinin aşılanması məqsədilə 2010-cu ilin mayında Minskdə imzalanmış Saziş əsasında keçirilən bu iclasın əhəmiyyətini yüksək qiymətləndirib.

Azad Rəhimov iclasda MDB ölkələrinin birgə maraq dairəsində olan məsələlərin müzakirə ediləcəyini və beynəlxalq yarışlarda idmançıların üzləşdikləri müxtəlif problemlərin aradan qaldırılması mövzusunun diqqətdə saxlanılacağını vurğulayıb. Bildirilib ki, dopinqə qarşı birgə mübarizə, kütləvi idman tədbirləri zamanı tribunalarda azarkeşlər arasında zorakılıq hallarının aradan qaldırılması, futbol yarışları zamanı əvvəlcədən sövdələşdirilən oyunların keçirilməməsi üçün tədbirlərin görülməsi və beynəlxalq idman qanunlarına zidd hərəkətlərin qarşısının alınması müzakirə olunacaq məsələlər arasındadır.

Sonra Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Rusiya idman nazirinin müavini Pavel Kolobkov, Qazaxıstan İdman və Mədəniyyət Komitəsinin sədri Elsiyar Kanaqatov, Qırğızıstan Hökuməti yanında İdman və Bədən Tərbiyəsi üzrə Dövlət Agentliyinin baş mütəxəssisi Çolponbek Samudinov, MDB-nin İcraiyyə Komitəsinin mədəniyyət, idmanturizm departamentləri, humanitar mübadilələr və sosial problemlər şöbəsinin məsləhətçisi Natalya Timçuk, Belarus, Türkmənistan və Tacikistanın ölkəmizdəki səfirliklərinin nümayəndələri çıxış edərək, təmsil etdikləri ölkələrdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlər, əldə edilən uğurlar barədə məlumat verib, birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

İki gün davam edəcək iclasda MDB-nin 25 illik yubileyi münasibətilə tədbirlər planı işləniləcək. Toplantıda 2017-ci ildə Rusiyanın Ulyanovsk əyalətində MDB-yə üzv ölkələrin milli idman növləri festivalına hazırlığın müzakirəsi də nəzərdə tutulur.

 

Azərbaycan.- 2016.- 10 iyun.- S. 2.