İqtisadi inkişaf sənayeləşmədən keçir

 

Hər bir ölkənin əsas iqtisadi gücü sənayenin inkişafı, müasir texnologiyalardan istifadə etməsi ilə müəyyən olunur. Sənayeləşmə ölkənin elmi potensialını və iqtisadi inkişafını özündə birləşdirən mühüm amillərdəndir. Müasir dövrümüzdə məhsul istehsalının əsas göstəricisi sayılan keyfiyyət də bununla bağlıdır. Dünya bazarında isə daha keyfiyyətli və ucuz mallar rəqabətə davamlı olur. Bunun üçün sənayenin elmi əsaslarla qurulması əsas şərtdir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra sənayeləşmənin həyata keçirilməsi istiqamətində bir sıra qərarlar qəbul etdi. Bu istiqamətdə ilk növbədə, müasir texnika və texnologiyaların tətbiq olunduğu müəssisələrin yaradılmasına üstünlük verildi. Doğrudur, yeni yaradılan müəssisələr ilk vaxtlar yüksək standartlara cavab vermirdi. Ancaq belə müəssisələr daxili tələbatı ödəmək üçün lazım idi. Bununla belə, həmin müəssisələr region ölkələrə də məhsul göndərə bilirdi. O zaman bunun özüböyük nailiyyət idi.

Bu gün isə Azərbaycanda sənayeləşmənin hədəfləri müasir dünya standartlarına cavab verən potensialın yaradılmasıdır. Yalnız belə müəssisələr dünya bazarına rəqabətqabiliyyətli məhsul çıxarmağa qadirdir. Azərbaycanda sənayeləşmə prosesi son illər yüksək sürətlə gedir. Səbəb Prezident İlham Əliyevin ölkənin sənayeləşməsinə xüsusi əhəmiyyət verməsidir. Ötən illər ərzində tikilən sənaye müəssisələrinin statistikasına nəzər saldıqda bu inkişafın yüksələn xətlə getməsinin şahidi oluruq. Təkcə son 12 ildə Azərbaycanda müasir standartlara cavab verən yüzlərlə müəssisə yaradılıb. Belə müəssisələrdən biriNormsement emalı zavodudur. İstehsal gücü gündə 5 min ton klinker, ildə 2 milyon ton sement olan zavod Cənubi Qafqazın bu qəbildən olan ən iri müəssisəsidir. Müəssisənin əsas texnoloji avadanlıqları Avropanın aparıcı firmaları tərəfindən təchiz edilib. Zavodda məhsul müasirquru üsul” texnologiyası ilə istehsal edilir ki, bu da həmin məhsulların müasir tələblərə tam cavab verməsi deməkdir.

Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasətinin əsas məqsədlərindən biribu sektorda şaxələnmənin genişlənməsidir.

Biz bunu ölkədə fəaliyyət göstərən müəssisələrin coğrafiyası və xarakteristikasında da aydın görürük. “Mətanət A” şirkəti tikinti materiallarının istehsalı ilə məşğul olur. 2000-ci ildə yaradılan şirkətin tərkibinə ölkəmizin müxtəlif regionlarını əhatə edən 7 zavod daxildir. Dövlətin 2,5 milyon manat güzəştli kreditindən istifadə edərək istehsal imkanlarını genişləndirən müəssisə bir sıra materiallar üzrə daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da məhsul çıxarır. Yüksək texnologiyalardan istifadə şirkətə keyfiyyətli məhsul istehsal etməklə yanaşı, bir neçə patentləşdirilmiş ixtiranın müəllifi olmaq imkanını da qazandırıb.

Son illər bu tipli sənaye mərkəzlərinin yaradılması tikinti materiallarına olan daxili tələbatı yerli istehsal hesabına ödəməyə imkan verir. Bir çox müəssisələr isə xarici bazarlara çıxır. Ölkəmizdə tikinti malları istehsal edən müəssisələrin fəaliyyəti, eyni zamanda yerli xammaldan istifadə etməyə imkan yaradır. Bu isə məhsulun maya dəyərinin aşağı olmasında önəmli rol oynayır.

Aqrar sektorda da məhsuldarlığın artırılmasına nail olmağın ən uğurlu yolu sənayeləşmədən keçir. Dünyada bu sahə üzrə müasir texnika və texnologiyaların tətbiqi sayəsində məhsuldarlığın inkişafında mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə də bu sektorda məhsuldarlığı artırmaq üçün müasir aqrar komplekslərinin yaradılmasına start verilib. Son illər dövlətin güzəştli kreditləri hesabına bu cür 43 quşçuluq və heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz, 22 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu istifadəyə verilib. Müasir texnologiyalarla təchiz edilən belə müəssisələrin fəaliyyəti sayəsində əsas ərzaq məhsulları üzrə özünütəminatın səviyyəsi ildən-ilə artır. Bununla yanaşı, 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda müasir texnikatexnologiyalardan istifadə olunması nəticəsində məhsuldarlıq ölkə üzrə rekord səviyyəyə - 58-60 sentnerə çatır.

Azərbaycanda aqrar sektorun inkişafı üçün böyük potensial var. Sadəcə olaraq, bu imkandan müasir dövrün tələblərindən çıxış edərək istifadə olunmalıdır. Qeyd etdiyimiz kimi, yüksək məhsuldarlığa nail olmağın yeganə yolu müasir texnologiyalardan istifadə etməkdən keçir. “Zirə İstixana Kompleksimüasir bitkiçilik elminin və texnologiyaların son nailiyyətlərindən istifadə edir. Müəssisədə istehsal prosesləri tam avtomatlaşdırılıb, idarəetmə kompüterləşdirilmiş avadanlıqlarla yerinə yetirilir. Kompleksdə istehsal edilən məhsullar ixracyönümlüdür və əsasən Rusiya bazarlarına çıxarılır. Ötən il müəssisə bu bazara 1300 ton tərəvəz ixrac edib.

Azərbaycan da sənayenin modernləşdirilməsi üçün dünya praktikasında özünü doğrultmuş sənaye texnologiya parklarının və sənaye zonalarının yaradılmasından istifadə edir. Belə ərazilərdəki müəssisələr bir qayda olaraq, dünyada istifadə edilən son texnikatexnologiyalarla təchiz olunur. Bunun nəticəsidir ki, Sumqayıt Texnoparkının məhsulları həm də ixrac edilir. Hazırda Sumqayıt Kimya Sənaye, Bakıda Balaxanı Sənaye və Yüksək Texnologiyalar, Mingəçevir Texnologiyalar parkları yaradılır. Yeri gəlmişkən, gələcəkdə hər bir rayonda sənaye zonalarının yaradılması da nəzərdə tutulub. Pilot layihə olaraq belə bir müəssisə Neftçala rayonunda yaradılır.

Prezident İlham Əliyev sənayeləşmənin ölkə üçün əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Biz Azərbaycanda çox güclü sənayeləşmə siyasəti aparırıq və bildiyiniz kimi, bu sahəyə diqqət gündən-günə artır. Biz həm yerli investorları ruhlandırırıq, həm də xarici sərmayələri alqışlayırıq. Elə etmək istəyirik ki, Azərbaycana qoyulan vəsait ölkəmizdə çox güclü sənaye potensialı yarada bilsin”.

Sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən birionun regionları əhatə etməsidir. Son dövrlər birbaşa dövlət dəstəyi ilə regionlarda fəaliyyətə başlayan müəssisələrin xarakteristikasına, coğrafiya, əhatə və xidmət dairəsinə diqqət yetirdikdə bunun şahidi oluruq: Naxçıvanda ildə 5 min minik avtomobili istehsal edən zavod, Ordubadda beton, Lənkəranda konserv zavodları, çaydondurma fabrikləri, Qəbələdə piano fabriki, limonad istehsalı zavodu, Füzulidə “Qarabağ Broylerfabriki, Ağcabədidə “Aqat-Aqro” heyvandarlıq kompleksi, Gədəbəydə qızıl emalı zavodu və digərləri regionlarda fəaliyyətə başlayan müxtəlif təyinatlı sənaye müəssisələrinin yalnız bir qismidir.

Məlum olduğu kimi, ölkədə sənayeləşmənin miqyasını genişləndirmək məqsədilə növbəti özəlləşdirmə proqramı həyata keçiriləcək. Çünki geniş maddi bazaya malik bir çox müəssisələr var ki, illərdir fəaliyyət göstərmir. Həmin müəssisələrin işinin bərpa edilməsi üçün onlar mütləq özəlləşdirilməlidir. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında bu barədə demişdir: “Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəkdir. Buna böyük ehtiyac var. İlk növbədə bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən, biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarıdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar, nədənsə, özəlləşdirməyə çıxarılmır. İlk növbədə, ciddi təhlil aparılmalıdır. Hansı müəssisələr ilk növbədə özəlləşdirilməyə açılmalıdır və özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatı hansı dividendlər götürəcək. Əlbəttə, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes planı təqdim edilməlidir. Belə çıxmasın ki, kimsə gəldi özəlləşdirdi, yenə də o müəssisə belə bağlı vəziyyətdə qalacaq”.

Şübhə yoxdur ki, növbəti özəlləşmədən sonra ölkəmizdə yeni modern sənaye müəssisələri fəaliyyət göstərəcək. Həmin müəssisələrin istehsal edəcəkləri yüksək keyfiyyətli məhsullar yerli bazarla bərabər xaricə də ixrac olunacaq. Belə hal həm ölkədə sənayenin inkişafına təkan verəcək və əhalinin sənaye mallarına olan tələbatı ödəniləcək, həm də ixrac olunan məhsula görə ölkəyə valyuta gələcək.

Rüstəm KAMAL,

Azərbaycan.- 2016.- 11 iyun.- S. 3.