Yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunub

İyunun 10-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin “Turizm haqqında” qanun layihəsinin ABŞ-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə birgə müzakirəsi və dünya təcrübəsinin dinlənilməsinə dair iclası keçirilib. Yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi ilkin müzakirədən sonra üzərində lazımi dəyişikliklər aparılaraq əlaqədar qurumlara göndərilib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. Komitə sədri turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, ayrı-ayrı şirkətlərin nümayəndələri ölkəmizdə turizmin inkişafı üçün hökumətlə aparılan dialoqu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, son illər Azərbaycanda infrastruktur daha da yaxşılaşdırılıb, yeni inşa olunan otellərin sayı artıb. Vizaların sadələşdirilməsi ilə bağlı atılan addımlardan sonra ölkəyə gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli çoxalıb. Vizaların elektron qaydada verilməsi, “ASAN Vizasisteminin tətbiqi Azərbaycanda böyük potensialı olan turizmin inkişafını daha da sürətləndirəcək. Vurğulanıb ki, Azərbaycana turistlərin səfər etməsi üçün xidmətin səviyyəsi yüksəldilməklə yanaşı, onların təhlükəsizliyi məsələsi də diqqətdə saxlanılır.

Çıxış edənlər qanun layihəsi ilə bağlı verilən təklif və tövsiyələrin sənədin daha da təkmilləşdirilməsi işinə yardımçı olacağını bildiriblər.

Azərbaycan.- 2016.- 11 iyun.- S. 4.