Erməni yalanlarını ifşa edən əsər

 

Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları sovet dövründə - 1920-1991-ci illərdə Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürmüş, məqsədə nail olmaq üçün uydurma erməni soyqırımını dövriyyəyə buraxmış, 80-ci illərin sonlarından isə Azərbaycana hərbi təcavüz edərək Dağlıq Qarabağ regionunu və ətraf rayonlarını işğal etmişdir. Ermənistanın və erməni təşkilatlarının bütün iddialarının əsassız olduğunu ən mötəbər mənbələr əsasında sübut etmək Azərbaycan tarixçilərinin başlıca vəzifələrindən biridir.

Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə il əvvəl müəyyənləşdirdiyi hücum diplomatiyası taktikası öz bəhrəsini verməkdədir. Bu mənada Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının Moskvada rus dilində nəşr edilmiş “Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix” (Moskva, İNSAN, 2016. 616 səh.) adlı irihəcmli əsəri müstəsna əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, M.Qasımlının Azərbaycanda və xarici ölkələrdə nəşr edilən əsərləri elmi ictimaiyyətin dərin marağına səbəb olur.

1920-1991-ci illərdə Azərbaycan və Ermənistan müstəqil dövlətlər deyildilər, onların xarici siyasəti mərkəzin əlində cəmlənmişdi. Buna baxmayaraq, Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlərini müxtəlif üsullarla davam etdirmişlər. Fəaliyyətlərinin başlıca məqsədi nə olmuşdur? İstəklərinə nail olmaq üçün hansı üsullardan istifadə edilmişdir? Azərbaycan ərazisində süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradılmışdır? Böyük dövlətlər öz maraqlarını reallaşdırmaq naminə erməni təşkilatlarından və Ermənistandan necə istifadə etmişlər? Ermənistan və erməni təşkilatları öz yalanları ilə mərkəzi və böyük dövlətləri necə aldatmışlar? Azərbaycan ərazilərinin işğalı necə həyata keçirilmişdir və nəticələri hansılardır?

Professor Musa Qasımlının bu monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, MoskvaQars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması əksini tapmışdır.  İrəvanda Türkiyə nümayəndəliyinə hücum, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci Dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı ərazi iddialarını irəli sürməsi, bunlar baş tutmadıqda isə xarici ölkələrdən ermənilərin Ermənistana gətirilməsi, gəlmələrin yerləşdirilməsi üçün şərait olmadığından azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirilmələri də əsərdə yer almışdır. 1950-60-cı illərdə xarici ölkələrdəki erməni diasporunun və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazilərinin işğalının nəticələri məsələləri də monoqrafiyada araşdırılmışdır. Problemə beynəlxalq münasibətlər, böyük dövlətlərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif yeni və maraqlı bir elmi baxış ortaya qoymuşdur.

Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilmişdir. Əsər tarixçi, siyasətçi, diplomatbu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

 Əsərin redaktoru professor Əli Həsənov, rəyçiləri isə Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyə İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur. Monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilmişböyük maraq doğurmuşdur. Əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.- 2016.- 11 iyun.- S. 5.