Aqrar inkişafın elmi istinadgahı

 

Kənd təsərrüfatının dinamik yüksəlişində ixtisaslı kadrlar başlıca rol oynayır

 

“Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə, demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalinin 50 faizi aqrar bölgələrdə yaşayır, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır”

İlham ƏLİYEV

 

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Ölkənin ərzaq təhlükəsizliyi isə ali təhsilli kənd təsərrüfatı mütəxəssislərindən çox asılıdır. Çünki müasir dövrdə kadr təminatı aqrar siyasətdə ən başlıca amil hesab olunur. Bu baxımdan son illər respublikamızda bu sahədə müsbət irəliləyişlərə nail olunub.

Regionlar üzrə prioritet istiqamətlər təmin edilmiş, həyata keçirilən tədbirlər sahibkarların tələbləri əsasında formalaşdırılmış, aparılan tədqiqatların səmərəsi artırılmış, elmin maddi-texniki bazası və kadr potensialı xeyli gücləndirilmişdr. Bütün bunların həyata keçirilməsində isə ölkəmizdə yeganə ali təhsilli kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin böyük rolu var.

Respublikamızda kənd təsərrüfatının elmi əsaslar üzrə inkişafı, yüksək ixtisaslı kadrlar hazırlanması sahəsində yeganə və ən qocaman təhsil ocaqlarından olan Azərbaycan Dövlət Aqrar Universiteti bu gün müasir Avropanın elm və təhsil məkanına inteqrasiya etməklə müəllim və tələbə mübadiləsinə nail olmağı, elmin qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq etməyi, beynəlxalq layihə və proqramların, simpozium və zirvə toplantılarının iştirakçısı olmağı konkret vəzifə kimi öz qarşısına məqsəd qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər artıq səmərə verməkdədir.

Hazırda qocaman təhsil ocağı dünyada 40-dan artıq tanınmış universitetlə əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmuşdur ki, bununla da dünyanın elm və təhsil məkanında öz nüfuzunu artırmışdır. Türkiyə, Rusiya, Almaniya, ABŞ, Avstriya, Norveç, Macarıstan, Ukrayna, Belarus, Niderland Krallığı, Gürcüstan, Sloveniya və sair ölkələrin ali təhsil ocaqları ilə yaradılan əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Avropa və Müstəqil Dövlətlər Birliklərinə daxil olan təhsil ocaqlarından universitetə dəvətlər, əməkdaşlığa çağırış meyilləri sübut edir ki, bu gün həmin ali təhsil müəssisələri Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda maraqlıdırlar. Heç təsadüfi deyil ki, universitetin tələbələri arasında Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Özbəkistan kimi ölkələrdən 19 nəfər əcnəbi gənc var. Aqrar universitetdən isə Almaniya Federativ Respublikasında 10 nəfər, Macarıstanda 2 nəfər, Böyük Britaniya, Portuqaliya, ABŞ və Belçikanın hər birində isə bir azərbaycanlı gənc təhsil alır. Məqsəd ADAU-nu aqrar sahədə nümunəvi universitetə çevirmək, onun dünya və Avropa təhsil sisteminə inteqrasiyası və təhsilin bolonya prosesinə qoşulması ilə əlaqədar qabaqcıl ölkələrin təcrübələrini öyrənərək beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki təminatı və elmi tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaqdan ibarətdir.

Hazırda universitetdə ölkənin aqrar sahəsi üçün prioritet sayılan torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, yerquruluşu, torpaq və şəhər kadastrı, zootexnik, baytarlıq, bağçılıq və bağçılıq təsərrüfatı işi, aqromühəndislik, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, əczaçılıq, maşın mühəndisliyi, elektroenergetika mühəndisliyi, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssislər hazırlanır. 2013-2014-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsinə kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Hazırda tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. 5040 tələbənin təhsil aldığı ali təhsil ocağında 488 nəfər professor-müəllim heyəti çalışır ki, onlardan da 20-si elmlər doktoru, 214-ü elmlər namizədidir.

Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov söhbət zamanı dedi ki, bu gün qarşımızda duran əsas məsələlərdən biri ölkə başçısının dediyi kimi, tədrislə istehsalatın vəhdətini yaratmaqdır. Bunu nəzərə alan Azərbaycan Dövlət Aqrar Universiteti tədrisin səviyyəsini yüksəltmək, nəzəriyyə ilə təcrübənin paralelliyini təmin etmək, həmçinin keyfiyyətli kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə respublikamızın bir sıra rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatları ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Məsələn, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ölkəmizdə ən iri keçiçilik təsərrüfatı ilə qurulan əlaqələr böyük səmərə verir. Tələbələrin praktik bilik və təcrübələrinin formalaşmasında və inkişaf etdirilməsində bu təsərrüfat böyük əhəmiyyət daşıyır. Bundan başqa, 142 rayonla tədris-təcrübə bazası kimi əməkdaşlıq əlaqələri qurulmuşdur. Həmin təsərrüfatları hamiliyə götürən universitetin alimləri əkin, səpin və digər sahələrdə yerli təsərrüfat sahiblərinə yardımçı olur, məhsuldarlığın yüksəldilməsində əldə etdikləri təcrübələri təsərrüfatlarda tətbiq edirlər. Bəzi hallarda universitetin alimləri yerli mühitə uyğun kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnologiyaları ilə bağlı mühazirələr oxuyurlar. Şəmkirin Muxtariyə kəndindəki “Az-MMC”də, Göygölün Aşıqlı kəndindəki taxılçılıq fermer təsərrüfatında, Samuxun Qarayeri qəsəbəsindəki “Birlik-CZ” MMC-də, Tovuzun Qovlar qəsəbəsindəki “Tovuz-Baltiya” MMC-də açıq havada keçirilən seminarlarda təsərrüfat nümayəndələrinin verdikləri suallara da aydınlıq gətirilib. Söz yox ki, belə əməkdaşlıq hər iki tərəf üçün böyük səmərə verir.

Universitetdə bir neçə tədris-baza mərkəzi də yaradılmışdır ki, tələbələr bu mərkəzlərdə tədris - təcrübə keçməklə biliklərini daha da zənginləşdirirlər. Məsələn, üç ilə yaxındır ki, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində quşçuluq və balıqçılıq tədris-baza mərkəzi fəaliyyət göstərir. Qapalı balıqyetişdirmə mərkəzinin nəzdində elmi tədqiqat üçün xüsusi laboratoriya təşkil edilib. Türkiyəli mütəxəssislərin yaxından iştirakı ilə yaradılan laboratoriya ən müasir avadanlıqlarla təchiz edilib. Bu baxımdan baytarlıq fakültəsində yaradılan şərait buna misal ola bilər. Fakültə yüksək şəraitə və tədris imkanlarına malikdir. Bu gün burada zəngin laboratoriyalar, cərrahiyyə otaqları, ən müasir auditoriyalar var ki, bu da tələbələrin seçib öyrəndikəri peşələrin dərindən mənimsəmələrinə geniş imkanlar açır.

Azərbaycanda fəaliyyət göstərən “Qrand Motors” şirkəti ilə qurulmuş əməkdaşlıq əlaqələri isə gündən-günə genişlənir. Bu yaxınlarda şirkətin yardımı ilə universitetin mühəndislik fakültəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyətə başlamışdır. Şirkətin maliyyə dəstəyi ilə 5 nəfər tələbə Belçika, İngiltərə və Türkiyə respublikasına bir aylıq təlim-təcrübə kursuna göndərilmişdir.

Son illər qlobal miqyasda ekoloji tarazlığın pozulması ilə ətraf mühit xeyli dəyişikliyə məruz qalıb. İnsanlar arasında bir sıra xəstəliklərin sayı da artıb. Aparılan müşahidələr və tədqiqatlar göstərir ki, şəkərli diabet, qan təzyiqi və allergik xəstəliklərin müalicəsində, eləcə də radioaktiv şüalanmaya qarşı bildirçin yumurtası əhəmiyyətli rol oynayır. Bunu nəzərə alan universitet alimləri ölkəmizdə ilk dəfə olaraq elmi əsaslarla işlənib hazırlanmış bildirçin yetişdirmə tədris mərkəzi yaratmışlar. Yumurtasından bir çox xəstəliklərin müalicəsində istifadə edilən bildirçinin artırılması üçün kompleks tədbirlər görülür. Hazırda mərkəzdə 10 minə yaxın bildirçin saxlanılır. Alimlər döşəmə və qəfəs şəraitində bildiçin yetişdirilməsi, onlardan yumurta alınması, eləcə də ətlik xüsusiyyətlərinin öyrənilməsi üzərində tədqiqat işlərini uğurla davam etdirirlər. Universitetdə müvafiq ixtisaslarda təhsil alan tələbələr isə tədris prosesində praktiki biliklərini burada zənginləşdirirlər.

Ölkə iqtisadiyyatının günün reallıqlarına uyğunlaşdırılması və qeyri-neft sektorunun inkişafı üçün yeni texnologiyalardan və elmi nailiyyətlərdən istifadə edilməsi çox vacibdir. Kənd təsərrüfatı sahəsində belə elmi nailiyyətlərə söykənən mütərəqqi metodlar Azərbaycan Dövlət Aqrar Universitetində uğurla sınaqdan çıxarılır. Xaricdən gətirilən müxtəlif sort meyvə ağaclarının iqlimə uyğunlaşdırılmasında və bol məhsul əldə edilməsində təhsil ocağının aqronomluq fakültəsinin tələbələri yaxından iştirak edirlər.

Onu da qeyd etmək lazımdır ki, bəzi təsərrüfat rəhbərləri təcrübəyə gəlmiş tələbələri maddi cəhətdən həvəsləndirmək məqsədilə onlara əməkhaqqı da verirlər. Məsələn, Tovuz rayonundakı “Tovuz-Baltiya” MMC, Samuxdakı “Az-rus-dostluq” və Oğuz rayonundakı “Beytulla” fermer təsərrüfatı iki aylıq təcrübədə olmuş tələbələri əməkhaqqı ilə təmin etmişlər.

Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə və ətraf bölgələrdə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə digər fermer təsərrüfatları ilə də əməkdaşlıq müqavilələrinin imzalanması üçün hazırlıq işlərinə başlamışdır. Sənədlərə əsasən, həmin fermerlərin təsərrüfatlarından universitetin bazası kimi istifadə olunacaq və tələbələr orada təcrübə keçmək imkanı əldə edəcəklər. Bundan başqa, təsərrüfat sahiblərinin maarifləndirilməsi üçün universitetin onlayn saytının açılması da nəzərdə tutulmuşdur.

Universitetdə yüksək ixtisaslı kadrlar hazırlığı bununla bitmir. Ali təhsil müəssisəsinin tədris planına uyğun olaraq təcrübə saatlarına daha çox yer verilir və tələbələr təcrübədə nəzəri biliklərini uğurla sınaqdan keçirirlər ki, bu da onların aqrar biliklərə malik kadr kimi formalaşmasında mühüm rol oynayır.

Universitetin ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Azad İbrahimov tədrisin bu şəkildə təşkilini yüksək qiymətləndirir, daha çox səmərə verdiyini diqqətə çatdıraraq deyir ki, yüksək ixtisaslı mütəxəssis hazırlamaq həm tədrisin keyfiyyətinin yüksəldilməsindən, həm də təcrübi biliklərin zənginləşdirilməsindən asılıdır. Nəzəriyyə ilə təcrübənin səmərəsi isə məhz bu zaman ortaya çıxır. Artıq aqronomluq fakültəsinin tələbələri tədrisin belə qurulmasından xeyli təcrübə əldə ediblər. Onlar Goranboy rayonunun Xoylu kəndi ərazisində 6 hektar əkin sahəsində universitetdə öyrəndiklərini uğurla tətbiq edirlər. Tələbələr arpa toxumunun səpinə hazırlanmasından əkinin aqrotexniki qaydalara uyğun aparılmasınadək bütün prosesləri özləri həyata keçirirlər. Yaxın günlərdə tələbələr 7 hektar sahədə qarğıdalı və pambıq əkininə də başlayacaqlar.

Universitetdə ilk dəfə olaraq balıqçılıq tədris-təcrübə təsərrüfatı da təşkil edilib. Türkiyədən dəvət olunmuş mütəxəssislər universitetə yaxından kömək göstərərək zəngin laboratoriya yaradılmasında yaxından iştirak ediblər. Hazırda qapalı balıqyetişdirmə mərkəzində uğurlu tədqiqat işləri aparılır.

Son illər universitetin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə ciddi fikir verilir. Hazırda burada yeni avtobuslardan tutmuş, taxılyığan kombayn, müxtəlif ölcülü traktorlar, kotanlar, gübrəsəpən, otbicən, kartofqazan və sair aqreqatlarla zəngin olan maşın-traktor parkı yaradılıb. Tələbələrin məişət şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülüb. Dövlət başçısı İlham Əliyevin də açılışında iştirak etdiyi 514 nəfərlik mehmanxana tipli tələbə yataqxanası istifadəyə verilib. Binada məişət xidməti, idman zalı, həkim otağı və sair təşkil edilib. Burada yaradılan yüksək şərait xarici tələbələrin də qalmasına geniş imkanlar açmışdır.

Hazırda dünya ölkələri sənaye gücünə inkişaf edirlər. Sənayenin inkişafında isə elmin və texnologiyanın tətbiqi mühüm amillərdəndir. Bu iqtisadi əhəmiyyətli vəhdət texnoparklarda cəmləşir. Odur ki, ölkədə texnoparkların sayının artırılması dövlət qarşısında duran prioritet məsələlərdəndir. Elə bu məqsədlə yaxın zamanlarda universitetin nəzdində müasir texnoparkın yaradılması nəzərdə tutulmuşdur.

Son dövrlərdə atmosferə buraxılan zəhərli qazların və digər texnogen proseslərin təsiri ilə planetimizdə qlobal iqlim dəyişikliyi müşahidə olunur. Ətraf mühitin çirklənməsi və ekoloji tarazlığın pozulması ilə meyvə və tərəvəzlərdə toplanan kimyəvi maddələr insan orqanizmi üçün böyük təhlükə mənbəyinə çevrilir. Problemin dərindən öyrənilməsi və həlli yollarının tapılması məqsədilə ölkəmizdə ekoloq mütəxəssislərə ciddi ehtiyac var. Bu məqsədlə universitetdə yeni laboratoriya yaradılıb. Tələbələr laboratoriyada ekologiya anlayışını daha dərindən qavrayaraq bioekologiyanın müxtəlif metodları ilə yaxından tanış olurlar.

Universitet bir sıra qabaqcıl təhsil ocaqlarının təcrübəsindən də maksimum yararlanmağa çalışır. Vaxtaşırı dünya miqyasında tanınmış görkəmli alimlər dəvət edilərək mühazirələr təşkil edilir. Məsələn, indiyədək Amerika Birləşmiş Ştatlarının İllunoys Universitetinin professoru Məhəmməd Babadost, Ukrayna Respublikasının Lvov Biotexnologiya və Baytarlıq Universitetinin rektoru Vladimir Styubelin və başqalarının aqrar sahədə qazanılmış uğurlar və problemlər barədə maraqlı mühazirələri dinlənilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə ADA Universiteti arasında kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının həyata keçirilməsinə dair anlaşma memorandumunun imzalanması nəticəsində ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlığa əsasən, ADAU tələbələri “MBA” tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, biznesin idarə edilməsi üzrə nəzəri fənlərdə və praktiki seminarlarda iştirak edirlər.

2005-ci ildən universitetin bakalavriat səviyyəsində menecment (alman proqramı) ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. İxtisasın tədris planı Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi Elmlər Universitetinin mütəxəssislərinin iştirakı ilə hazırlanmışdır. Tədris planının uyğunluğu tələbələrin mübadiləsinə, kreditlərin transferinə əlverişli imkanlar yaratmışdır. Hazırda qeyd olunan ixtisas üzrə universitetdə 100-dən artıq tələbə təhsil alır.Təhsil proqramında alman dilinin tədrisinə xüsusi yer verilməklə, bu dili yaxşı mənimsəməyən tələbələr 6 ay müddətində Almaniyanın fermer təsərrüfatlarında istehsalat təcrübəsi keçirlər. Keçən il bu məqsədlə 4 tələbə Almaniyanın “LOGO e.V” təşkilatının dəstəyi ilə qeyd olunan ölkənin fermer təsərrüfatlarında təcrübə keçmişlər.

Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün tələbələr arasında müxtəlif maddi həvəsləndirmə metodlarından da istifadə edilir. Tez-tez ən yaxşı oxuyan, universitet həyatında fəallıq göstərən tələbələrə həvəsləndirici mükafatlar verilir. Onlar müxtəlif istirahət mərkəzlərinə göndərilir. İmtahanlarda yüksək bal toplayan tələbələrə noutbuq və ya pul mükafatları verilir. Məhz bunun nəticəsidir ki, əlaçı tələbələrin sayı ildən-ilə artır.

Yarandığı vaxtdan indiyədək Azərbaycan Dövlət Aqrar Universitetində çoxlu sayda görkəmli şəxsiyyətlər yetişmişdir. Burada görkəmli elm xadimləri, keçmiş SSRİ və Azərbaycan Milli Elmlər Akademiyalarının həqiqi və müxbir üzvləri, professorlar, elmlər doktorları çalışmışlar. Akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Daşdəmirov, Yusif Məmmədəliyev, Firuz Məlikov, Siddiqə Məmmədova və başqalarının adları bu gün də kənd təsərrüfatının inkişafı istiqamətində qazanılan uğurlarda hörmətlə çəkilir. Az qala bir əsrlik tarixi olan bu ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində uğurla inkişaf etməkdədir. Bu inkişaf isə dövlətin elmə, təhsilə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan Dövlət Aqrar Universitetinin uğurları indi də davam etməkdədir. Bu günlərdə “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin “2015-2016-cı tədris ilinin ən yaxşı universiteti və rektoru” nominasıyası üzrə keçirdiyi müsabiqədə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov ilin ən yaxşı rektoru, 54 ali məktəb arasında isə ADAU “Ən yaxşı universitet” adına layiq görülmüşdür.

Sabir ƏLİYEV,

Azərbaycan.-  2016.- 11 iyun.- S. 6.