O, daha çox xalqının maariflənməsini düşünürdü

 

XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yadda qalan bir dövr oldu. Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli və onlarla belə ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli bəy Sultanov ki, Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil etdin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyil... Bu ilin may ayının 5-də Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi tamam olub. Bu münasibətlə, E.Sultanovu xatırlamaq, onun xidmətlərini ictimaiyyətə daha yaxından tanıtmaq istədik.

Eynəli bəy Sultanov ilk dəfə mərhum filologiya elmləri namizədi, cəfakeş alim İzzət Maqsudov tərəfindən elmi tədqiqata cəlb edilmişdir. Alim “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” adlı elmi işini müdafiə etmişdir. Həmin tədqiqatda göstərilir ki, “Eynəli Çölü oğlu Sultanov 1862-ci il yanvarın 7-də Naxçıvan şəhərində, yoxsullaşmış mülkədar ailəsində anadan olmuşdur... Yazıçının atası Çölü Naxçıvanın varlı bəylərindən olan Nadir Sultan Qullarağasıyevin böyük oğlu idi. Nadir Sultan köhnə fikirli, iranpərəst və dindar bir şəxs olduğu halda, arvadı Qızbəst isə fərasətli, dünya işlərindən baş çıxaran bir qadın idi. Eynəli Sultanovun iki qardaşı, bir bacısı var idi. Ortancıl qardaşı Böyükağa 1904-cü ilə qədər Naxçıvan şəhər ictimai idarəsinin üzvü olmuş, 1906-cı ildə vəfat etmişdir. Kiçik qardaşı Bəylər 1908-ci ildə, bacısı Maral isə gənc yaşlarında dünyalarını dəyişmişdi. Həmin mənbədə ölüm tarixi haqqında isə deyilir ki, “Eynəli Sultanov 1935-ci ilin iyun ayında Tbilisi şəhərində vəfat etmişdir”. E.Sultanovla bağlı ilk tədqiqatlar İ.Maqsudovla başladığı üçün sonrakı dövrlərdə onun haqqında yazan müəlliflərin çoxu bu alimə istinad etmişlər.

Lakin akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” doktorluq dissertasiyası və sonrakı silsilə araşdırmalarında müəllimi İzzət Maqsudova dərin ehtiramını nümayiş etdirməklə yanaşı, özünün yeni və çoxsaylı faktlara əsaslanan tədqiqatlarında arxiv sənədlərinə istinad edərək E.Sultanovun 1866-1935-ci illərdə yaşadığını irəli sürür, digər tarixi faktlara da aydınlıq gətirir. Təqdirəlayiq haldır ki, son illərin nəşrlərində - “Naxçıvan Ensiklopediyası”nda, “Naxçıvan Teatr Salnaməsi”ndə, Cəlil Məmmədquluzadənin əsərlərinin dörd cildlik və iki cildlik son nəşrlərində akademik İsa Həbibbəylinin üzə çıxardığı tarixlər əks olunub.

1880-ci ildən 1886-cı ilədək İrəvan kişi gimnaziyasında təhsil alan və dövrünün maarifçi ziyalıları F.Köçərli, Mirzə Elxanov və başqalarından dərs alan E.Sultanov 5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmış, həmin il gimnaziyanın pedaqoji şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir. Bu barədə 538 nömrəli şəhadətnamə də almışdır. Beləliklə, E.Sultanov müəllimlik fəaliyyətinə başlayır. Hələ gimnaziyanın şagirdi ikən - 1883-cü ildə - 17 yaşındaykən Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi ədəbi mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışmışdır. Hətta bir müddət sonra həmin mərkəzlərdə birgə fəaliyyət göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə “Naxçıvanda “üsuli-cədid” məktəbi və kitabxana açdırmağa nail olmuşdur. 1883-cü ildən teatr tamaşaları təşkil etmişdir. 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə təşkil edərək burada müxtəlif məzmunlu bəyannamələr çıxarmışdır. Lakin bundan xəbər tutan iri torpaq sahibləri, ruhanilər onu ən qorxulu şəxs elan edir, bu cür dar düşüncəli insanların şikayətlərinə əsasən qəza rəisinin göstərişi ilə təqib olunmağa başlanır. Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə qalan ədib Qars şəhərinə gedib özü üçün iş axtarmalı olur. Bir neçə ay Qars şəhər upravasında rütbəsiz məmur işinə düzəlir. Bu iş onu təmin etmədiyi üçün dörd ay burada işlədikdən sonra Qarsı tərk edərək İrəvan şəhərinə gəlir. Yazıçının İrəvandakı fəaliyyəti haqqında İ.Həbibbəylinin əldə etdiyi “İrəvan quberniyası Dairə məhkəməsi prokurorunun katibi Eynəli Sultanovun şəxsi işi”ndəki tərcümeyi-halında ətraflı məlumat verilir. “7 səhifəlik tərcümeyi-hal sənədləri 1892-1902-ci illəri əhatə edir. Bu dövrdə o, quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, İrəvan Dairə məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi vəzifələrində işləmiş, hətta Dairə məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi olmuşdur. Hüquq idarələrində təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə keçirilmiş, 1897-1903-cü illərdə Dairə məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır”.

1904-cü ildə, 38 yaşında ata-anasının məsləhəti ilə Naxçıvanda varlı mülkədar ailəsindən olan Tubu xanımla evlənən ədibin bir il sonra bir oğlu olur və ona atasının adını - Çölü qoyur. XIX əsrin səksəninci illərindən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlığa başlayan E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edirdi və ictimaiyyət arasında publisist kimi tanınırdı. Məhz qələminin kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə edilmişdi. İrəvanda olarkən 10 il müddətinə hüquq sistemində müxtəlif vəzifələr daşıması artıq E.Sultanovun bir hüquqşünas kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçi vəzifəsini daşımışdır. 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir. Görkəmli ədib bu dövrdə artıq Tiflisdə çıxan “Zakavkazye” qəzetində dərc olunan “Naxçıvan məktubları”, “İfşaedici vərəqələr” silsilə məqalələrinə görə təqib olunmağa başlanmışdı. Qəza rəisi və din xadimlərinin ciddi müqavimətinə rast gələn E.Sultanov ona məxsus olan Sürəməlik, Göynük və Sirab kəndində olan torpaqları kəndlilərə bağışlayır, öz mülkünü satır və Tiflis şəhərinə gedib ömrünün sonuna qədər orada “Sumbatov küçəsindəki (həmin küçə hazırda M.F.Axundzadənin adını daşıyır) 11 nömrəli mənzildə yaşamışdır.

E.Sultanov öz xalqının qarşılaşdığı problemlər haqqında təkcə qəzet və jurnallara məqalələr yazmaqla kifayətlənməmiş, bu problemlərin həlli üçün konkret əməli fəaliyyət də göstərmişdir. O, Səttərxan inqilabına kömək məqsədi ilə yaradılan “Mücahid” inqilabi təşkilatına daxil olmuşdu. Tiflisdə yaşadığı ilk illərdə, konkret olaraq 1909-cu ildə E.Sultanov burada “Zubalov adına xalq evi” yanında Azərbaycan dram şöbəsinin təsis edilməsinə çalışan və buna nail olan maarifçilərdən biri olmuşdur. 1911-ci ildə Gürcü Əyanlar Teatrında təşkil edilən Azərbaycan Teatr Cəmiyyətinin də bürosuna üzv seçilmişdir. O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Gürcüstan SSR Mərkəzi Dövlət Arxivindəki “Tiflis birinci qadın gimnaziyasının müəllimi Eynəli Sultanovun şəxsi işi”ndə onun 1912-ci ilin dekabr ayından 1918-ci ilin fevral ayına qədər “Tiflis-İran” məktəbində rus dili müəllimi... 1917-ci ildən gimnaziyada siniflər milliləşəndən sonra hazırlıq şöbəsinə ana dili müəllimi təyin olunur... Oktyabr inqilabından bir müddət sonra, 1918-ci ilin mart ayından nəşr olunmağa başlayan Rusiya Teleqraf Agentliyinin Qafqaz ölkəsi, Gürcüstan şöbəsinin təbliği xarakter daşıyan, gündəlik daxili və xarici xəbərləri zəhmətkeşlərə çatdıran “Kavkazskaya kommuna” (rus dilində) adlı qəzetin redaktoru olur. Xalqının maarifini, mədəniyyətini, ədəbiyyatını sevən, onu öyrənən və təbliğ edən E.Sultanov 1923-cü ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı həvəskarları” dərnəyi yaradır və burada Nizami, Füzuli, Vaqif, Nəbati, M.F.Axundzadə və digər Azərbaycan şair və yazıçıları haqqında məruzələr oxuyur.

1924-cü ildə o dövrün mətbuatında da ciddi müzakirə mövzusu olan latın əlifbasına keçmək uğrunda mübarizəyə qoşulan E.Sultanov Yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi seçilmiş, “Yeni fikir” qəzetinə əlavə kimi nəşr edilən “İşıq yol” qəzetinin məsul katibi vəzifəsini daşımışdır. Hətta bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını almışdır. Daha sonra yeni türk əlifba komitəsində tərcüməçi vəzifəsində çalışan yazıçı 1930-cu ildə elə həmin komitədən də təqaüdə çıxmışdır. E.Sultanov 1935-ci ilin iyun ayında Tiflis şəhərində vəfat etmiş və müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Görkəmli ədib folklor toplayıcısı kimi də fəaliyyət göstərmiş, 1886-1890-cı illərdə - 4 il müddətində İrəvan quberniyasını və Naxçıvanı dolaşaraq 3 mindən çox atalar sözü, bir neçə aşığın yaradıcılığından nümunələr, sayaçı sözlər, mahnılar, bayatılar və digər şifahi xalq ədəbiyyatı nümunələrini toplamışdır. Topladığı folklor materiallarının bir çoxunu 20 məktub vasitəsilə F.Köçərliyə göndərmişdir. Çox təəssüf ki, həmin məktubların heç biri bu günədək əldə edilməmişdir. Bədii yaradıcılıqla məşğul olan ədib 46 hekayənin, 3 dram əsərinin, bir sıra şeir və tərcümənin müəllifidir. Onun sağlığında “Tatarka” (“Azərbaycan qadını”) adlı iki pərdəli dram əsəri 1904-cü ildə İrəvanda, “Seyidlər” hekayəsi (Rzaqulu Nəcəfovun müqəddiməsi ilə) isə 1926-cı ildə Tiflisdə kitab halında nəşr olunub. “Tatarka” 1883-cü ildən indiyədək bir çox teatrlarda tamaşaya qoyulmuşdur.

Zəhmətsevər publisist olan ədib haqqında bir fikri xatırlatmaqla onun hansı səviyyəli qələm sahibi olduğunu təsəvvür edə bilərik. A.Feyzullayeva qeyd edir ki, “Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan inqilaba qədər demokratik Azərbaycan publisistikasının keçdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir”. İlk qələm təcrübələrini gənclik illərində “Tərcüman”da çap etdirən, onun mühərririni (İsmayıl Qaspıralı-E.M.) özünün “ilk publisist müəllimi” adlandıran” E.Sultanov sonralar rus dilində nəşr olunan “Novoye obozreniye”, “Kaspi”, “Kavkaz”, “Vozrojdeniye”, “Zakavkazye”, “Zakavkazskaya reç”, “Qruziya”, “Kavkazskoye şkola”, “Kavkazskaya kommuna”, “Novosti Zakavkazya”, “Kavkazskaya slovo”, “Kultura i pismennosti Vostoka”, “Sankt-Peterburqskie vedomosti”, Azərbaycan dilində nəşr olunan “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin qəzetin əlavəsi olan “İşıq yol”da), “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” (1932-ci ildən sonra “Yeni qüvvə” adı ilə çıxanda belə), “Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış etmişdir. Hətta “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmişdir.

Adıçəkilən mətbuat orqanlarında E.Sultanov məqalələrini fərqli imzalarla dərc etdirib. Belə ki, o, şəxsi imzası ilə yanaşı, “Neizvestnıy”, “İzvestnıy”, “Perelyotnıy”, “Musulmanin”, “Aziz”, “Kullar-Aqasi”, “Abd-ul Millet”, “Ayn Sin”, “Neştər”, “Dəli”, “Ədibbaz” gizli imzaları ilə də yazılarını oxuculara təqdim etmişdir. Çox təəssüf ki, bu qədər zəngin və məhsuldar fəaliyyətə malik olan şəxsiyyətin yaradıcılıq məhsullarının cüzi bir hissəsi bu-günkü oxuculara bəllidir. Halbuki ədib ömrünün sonuncu illərində 45 illik əməyinin məhsulu olan əsərlərini bir yerə toplayıb çap etdirmək istəmiş, lakin buna nail olmamışdır.

Ədibin əsərlərini sonradan - 1937-ci ildə oğlu Çölü qaydaya salmış, “Azərnəşr”ə təqdim etmiş, lakin məlum olmayan səbəblərə görə XX əsr Azərbaycan ədəbiyyatında müəyyən mövqe qazanan yazıçının əsərləri nəşr edilib oxuculara çatdırılmamışdır. Bəlkə də özü olmasa da, yazdıqları 37-ci ilin repressiyasının qurbanı olmuşdur. Ölümündən sonra - 1966-cı ildə İ.Maqsudovun tərtibi ilə E.Sultanovun “Seçilmiş hekayələr” kitabı nəşr olunmuşdur ki, burada da ədibin yaradıcılığının çox az bir qismi, cəmi 12 hekayəsi toplanmışdır.

Ömrünü xalqının maariflənməsinə, ziyalılanmasına həsr edən, qadın azadlığı, dini fanatizmin aradan qaldırılması və yeni əlifba başda olmaqla bir çox vacib məsələlərin həlli uğrunda mübarizə aparan E.Sultanovun yaradıcılıq irsinin yenidən xalqına təqdim edilməsi üçün apardığımız axtarışlar, tədqiqatlar müəyyən mənada öz bəhrəsini versə də, hələ də yetərli səviyyədə deyildir. İnanırıq ki, bu sahədəki axtarışlarımız “Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə, ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim qədər sevirəm! Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm. Bütün məziyyətlərin və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini ayırd edirəm...” - deyən Eynəli bəy Sultanovun irsinin tamamilə ortaya çıxarılması ilə nəticələnəcəkdir.

Elxan MƏMMƏDOV,

Azərbaycan.- 2016.- 12 iyun.- S. 5.