Bizi sevir, əməyimizi qiymətləndirirlər

 

Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin açılış mərasimində mən də iştirak edirdim. Mərasimdə Şəkinin ünvanına söylənilən xoş sözlər rayon sakini kimi məni çox qürrələndirdi.

Ali qonaqlardan biri - TÜRKSOY-un Baş katibi dedi ki, Şəki türk dünyasının mənəviyyat paytaxtı elan edilən beşinci şəhərdir. Şəki böyük şairlərin, yazıçıların, incəsənət xadimlərinin vətənidir. Tarixi abidələri, şirniyyatı, yumoru ilə dünyada məşhurdur. Bu amillər onun türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynayıb.

Mərasimdə o da xatırladıldı ki, Şəki 2012-ci ildə TÜRKSOY tərəfindən “Türk dünyasının qeyri-maddi, mədəni irs paytaxtı” seçilmişdi.

Həqiqətən də qürur doğuran faktlardır. Belə münasibət və dəyərləndirmə hamıda xoş əhvali-ruhiyyə yaratmaqla yanaşı, sakinlərin qurub-yaratmaq əzmini artırır, gənclərimizi doğma yurda daha ürəkdən bağlayır. Bu bağlılıq, ruh yüksəkliyi özünü insanların fəaliyyətində də göstərir. Rayon inkişaf edir, Şəkinin, kəndlərimizin siması aydan-aya, ildən-ilə dəyişir, daha abad və yaraşıqlı olur.

Bizi məmnun edən birodur ki, rayonumuza qonaq gələnlərin hamısı xoş təəssüratla ayrılırlar. Yaşından, peşəsindən asılı olmayaraq, onların hər biri tezliklə yenə də Şəkiyə gələcəklərini söyləyirlər. Bunun özünün də mənası var: bizi sevir, əməyimizi qiymətləndirirlər.

 

Seyid VAHABOV,

Şəki

Azərbaycan.- 2016.- 12 iyun.- S. 6.