Xaosanarxiyadan qanunun aliliyinə keçid

Xalqlarının taleyində misilsiz rol oynayan şəxsiyyətlər liderlik zirvəsinə məhz hər bir fərdin maraqlarını uca tutmaqla yüksəlmiş, insani dəyərlərə sadiqlikləri ilə cəmiyyətdə nüfuz, etimad sahibinə çevrilmişlər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən olaraq xalqımızın tarixində özünə əbədi abidə ucaltmış, əbədiyaşarlığını təmin etmişdir. Ümummilli lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl idarəetmə sisteminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi bir sıra faciələri ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırmış və müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə qanunçuluğunhüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Ölkədə vətəndaş müharibəsinə, xaosanarxiya mühitinə, hərc-mərcliyə son qoyulmuş, siyasi sabitlik formalaşmış, hüquqi, siyasiiqtisadi islahatlara başlanılmışdır.

Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən xilas etmək üçün xalqın israrlı tələbləri ilə dövlət rəhbərliyinə qayıdan Heydər Əliyev öz ideallarında yaşatdığı müstəqil Azərbaycan dövlətinin gələcəyini Azərbaycan Milli Məclisinin 15 iyun 1993-cü il tarixli iclasında belə müəyyənləşdirirdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.

Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı olduğunu yaxşı bilən ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmış, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri aradan qaldırmışdır. Bu da təsadüfi deyildir ki, ulu öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi gün - 1993-cü il iyun ayının 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların həyata keçirilməsinə başlamışdır. Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün ilk növbədə müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbulunu vacib saymışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapmış mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına real zəmin yaratmış, hakimiyyət bölgüsü prinsiplərini dəqiq təsbit etmişdir.

1998-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə sistemi formalaşdırılmışdır. Bu qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, məhkəmələrin cəmiyyətdə nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiyakassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. 2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçilməsi isə ulu öndərin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin təmini və keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olmuşdur.

Tarixi təcrübə göstərir ki, siyasi liderin məharəti, eyni zamanda ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığı ilə müəyyən olunur. Heydər Əliyevin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim edilən cənab İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasihüquqi islahatlar kursunu inamla davam etdirir.

Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Bu məqsədlə hələ 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir.

2004-cü ildən Avropa Şurası ekspertlərinin yaxından iştirakı ilə məhkəmə orqanlarının fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin hazırlanması - “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”nin, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi qaydaları”nın təsdiqi, nəhayət, Hakimlərin Seçki Komitəsinin yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından prinsipial siyasi iradə nümayişi kimi dəyərləndirilməlidir.

Ölkənin dinamik inkişafının keyfiyyətcə yeni mərhələsində məhkəmə hakimiyyətinin özünüidarə imkanlarının təmin edilməsi, hakimlərlə bağlı təşkilati-hüquqi məsələlərin kompleks həlli baxımından yeni quruma da ehtiyac duyulurdu. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu və 2005-ci ilin fevralından Məhkəmə-Hüquq Şurasının demokratik əsaslarla formalaşdırılmış yeni tərkibdə fəaliyyətə başlaması məhz bu zərurətlə şərtlənərək məhkəmə-hüquq islahatlarında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu ilin fevralında fəaliyyətə başlamasının 11 ili tamam olmuş Məhkəmə-Hüquq Şurası ölkə rəhbərliyinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin həlli, habelə məhkəmə orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə-hüquq islahatları çərçivəsində hakimlərin düzgün seçiminin ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsində mühüm amil olduğu da ciddiliklə nəzərə alınmışdır. Hakimlərin seçimi prosesi Hakimlərin Seçki Komitəsi tərəfindən test üsulu ilə, tamamilə obyektiv, şəffaf və demokratik şəraitdə həyata keçirilmişdir. Son illər ümumilikdə 300-dən çox hakimliyə namizəd test üsulunda uğur qazanaraq bu vəzifəyə təyin olunmuşlar. Prosesin beynəlxalq normastandartlara tam cavab verməsi, ədalətli və şəffaf mexanizmlər əsasında reallaşdırılması Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi Üzrə Komissiyasının (CEPEJ) və digər beynəlxalq qurumların hesabatlarında da yüksək dəyərləndirilmiş, Azərbaycan təcrübəsi Avropa ölkələri üçün nümunə kimi qəbul edilmişdir. Ümumiyyətlə, Məhkəmə-Hüquq Şurasının rəhbərliyi altında son illər hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmlərinin müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltmişdir.

Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq bölgələrdə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb etmişdir.

Xüsusi qeyd etmək istərdik ki, son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində indiyədək Bakının Yasamal, Sabunçu rayonlarında, habelə Gəncə, Oğuz, Gədəbəy və Şəkidə yeni məhkəmə kompleksləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə ölkədə insan hüquq və azadlıqlarının etibarlı təminatı prosesinə verdiyi sanballı töhfələr baxımından Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın amnistiya aktlarının qəbulu ilə bağlı humanist təşəbbüsləri, habelə vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsindəki nəcib addımları beynəlxalq səviyyədə yüksək qiymətini alır. Fondun prezidentinin nəcib təşəbbüsü ilə Milli Məclis “28 may - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etmişdir.

Şübhəsiz, hazırkı mərhələdə respublikamızın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatların beynəlxalq səviyyədə təbliği də vacib məsələlərdən biridir. 2016-cı ilin aprel ayında Avropa Şurası (AŞ) Nazirlər Komitəsində təşkilatın Bolqarıstan hökuməti ilə birgə keçirdiyi konfransda çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar, o cümlədən mühüm institusional tədbirlərin görülməsi, müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurasının təsis edilməsi, mükəmməl qanunvericilik bazasının yaradılması barədə məlumat vermişdir. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin davamlı olaraq genişləndirilməsi, xüsusilə hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması səlahiyyətinin yeniliklə Şuraya həvalə olunması, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, onların sosial müdafiəsinin gücləndirilməsi və əməkhaqlarının azaldılmasının qanunla qadağan edilməsi, sayının iki dəfə artırılması, müasir məhkəmə infrastrukturunun yaradılması və digər müsbət qarşılanan təcrübələr barədə məlumat verilmiş, habelə səslənən problemlərin aradan qaldırılması üzrə tədbirlərə toxunulmuşdur.

Bu təşəbbüslər və əzmkar fəaliyyət ölkədəki digər ictimai təşkilatlar üçün də yaxşı nümunədir. Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, yüksək təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə praktikasını öyrənmək, müsbət meyilləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq məqsədilə 2002-ci ildə yaradılmış Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) həyata keçirilən bu və digər tədbirləri dəstəkləyir, eyni zamanda hüquqi islahatların mahiyyətinin ictimai rəyə dolğun şəkildə, mahiyyəti üzrə çatdırılmasına çalışır.

Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin sədri olaraq Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) müxtəlif ölkələrdə keçirilən illik toplantılarında iştirakımız zamanı respublikamızın məhkəmə-hüquq islahatları sahəsindəki nailiyyətlərinin dünyada maraqla izlənildiyinin və müsbət qarşılandığının əyani şahidi oluruq. Bu qurumlarla əməkdaşlıq ümumən beynəlxalq ictimaiyyətdə respublikamızın məhkəmə-hüquq sistemi barədə dolğun təsəvvürlərin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Son illər bu qurumların Mərakeş, Fransa, Malta, Niderland, Türkiyə, ABŞ, Ukrayna, Kipr, Braziliya, Polşa, İspaniya və digər ölkələrdə keçirilmiş yüksək səviyyəli illik iclaslarında ölkə hakimlərinin təmsilçisi kimi bunu aydın şəkildə görmüşük. Tədbirlərin hər biri Azərbaycanın məhkəmə-hüquq sistemi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.

AHA-nın may ayında İsrailin tarixi Yerusəlim şəhərində keçirilən yaz iclası da mühüm nəticələrlə yaddaqalan oldu. Haşiyə üçün bildirək ki, Yerusəlim şəhərinin əsas mədəni, tarixi, dini abidələrinin yaxınlığında yerləşən “Mount Zint” hotelində təşkil olunan tədbirdə qonaqların qarşılanmasından tutmuş normal işləmələrinə və istirahətinə, habelə şəhərin qədim tarixi məkanları ilə tanışlığına yaxşı imkanlar yaradılmışdı. Davud qalası, Sion dağı, Hinnon vadisiÖlü dənizə ekskursiya qonaqlarda unudulmaz təəssüratlar doğurdu.

AHA-nın yaz iclasının açılış mərasimi may ayının 21-də Yerusəlim şəhərindəki Şotland kilsəsi adlanan tarixi binada oldu. 44 üzv ölkədən 37-nin iştirak etdiyi iclasın iştirakçılarını İsrailin ədliyyə naziri, Ali Məhkəmənin sədr müavini və digər rəsmilər salamladılar. İsrail Hakimlər Birliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri xanım Zfat konfrans iştirakçılarını salamlayaraq ölkəsi haqqında 5 dəqiqəlik videoçarxa baxmağa dəvət etdi. Sonra Avropa Hakimlər Birliyinin prezidenti Kristof Regnard iştirakçıları salamlayaraq iclası açıq elan etdi. İclasın əvvəlində qurumun İspaniyanın Barselona şəhərində keçirilmiş iclasının on bir bənddən ibarət protokolu təsdiq edildi.

AHA-nın prezidenti məruzəsində son 6 ay ərzində qurumun keçirdiyi tədbirlər, habelə məhkəmə hakimiyyəti ilə bağlı Avropadünya miqyaslı tədbirlərdə iştirakı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı və s. layihələr barədə ətraflı məlumat verdi.

Məlumat üçün bildirək ki, son illər BHA və AHA-nın iclaslarında müxtəlif ölkələrin hakimlərinin üzləşdikləri problemlər, xüsusən də onların müstəqilliyinin məhdudlaşdırılması, qlobal böhranla əlaqədar maaşlarının aşağı salınması kimi çətinliklər geniş müzakirə olunur. Təqdirəlayiq hal kimi vurğulamaq lazımdır ki, Azərbaycanla bağlı zərurət yaranmadığı üçün indiyədək heç bir problemli məsələ müzakirəyə çıxarılmamışdır.

AHA-nın son iclasında sədr Kristof Regnard Monteneqroda hakimlərin sosial problemləri, Slovakiyada isə müstəqilliklərinin məhdudlaşdırılması ilə bağlı həmin ölkələrin rəhbərliklərinə rəsmi müraciətlərin ünvanlandığını diqqətə çatdırdı. Sədr mövcud çətinliklərin aradan qaldırılması üçün Slovakiya hökuməti ilə danışıqların davam etdirildiyini, eyni zamanda Monteneqrodan heç bir rəsmi cavabın olmadığını təəssüflə vurğuladı.

Daha sonra cənab Regnard AHA-nın bir sıra beynəlxalq təşkilatlarla - Avropa Şurası, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ), Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Məhkəmə Şuralarının İşçi Şəbəkəsi, Venesiya Qrupu və digər qurumlarla əməkdaşlığına toxundu. Sədr həmçinin “Üzv assosiasiyaların statusu üzrə işçi qrupunun işi”, “Müxtəlif Avropa ölkələrində qarşıya çıxan çətinliklər”, “AHA-nın büdcəsi”, “AHA Beynəlxalq Hakimlər Assosiasiyası sırasında” mövzuları üzrə məlumatlar verdi.

Daha sonra iclasda Azərbaycan Hakimlər BirliyininMülki işlərdə nümayəndəlik başqa ölkələrin qanunvericiliyində” və Sloveniya Hakimlər BirliyininSizin ölkədə hakim arbitrya mediator (vasitəçi) qismində çıxış edə bilərmi?” sualları ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı Azərbaycan tərəfinin sualına cavab vermiş üzv assosiasiyaların nümayəndələrinə minnətdarlığımızı bildirdik. Yeri gəlmişkən, təcavüzkar Ermənistanın Hakimlər Birliyi “Qaçqınlar, sığınacaq, deportasiya problemləri” mövzusunun müzakirəsini xahiş etsə də, AHA-nın sədri mövzunun üzərindən sükutla keçdi və məsələ müzakirəyə çıxarılmadı.

Müzakirələrin yekununda sədrin məruzəsi bəyənilərək qəbul edildi. Sonra ənənəvi olaraq “Brüsselə gedən yollar” adlı işçi qrupunun bir illik fəaliyyəti ilə bağlı məlumat dinlənildi. İşçi qrupunun üzvü, almaniyalı hakim Peter Şneyderhan məruzəsində AHA-ya üzv ölkələrin heç də hamısının Avropa Şurasına üzv olmadığını diqqətə çatdırdı. Bildirdi ki, həmin ölkələrdə Avropa standartları keçərli olmadığı üçün vahid məhkəmə sistemi siyasəti yürütmək çətindir. Bəzi ölkələrdə prokurorluq məhkəmə hakimiyyətinin tərkibində olduğu halda, bəzi ölkələrdə icra hakimiyyətinə tabedir. Bir çox ölkələrdə hakimiyyət bölgüsü prinsipinə əməl olunmadığı üçün siyasi hakimiyyət məhkəmə hakimiyyətini sıxışdırır. İşçi qrupunun üzvü onu da qeyd etdi ki, qrupda müzakirə olunacaq məsələlərin siyahısı müzakirə edilir və növbəti iclasda müvafiq qərarlar qəbul ediləcəkdir.

Sonra AHA-nın işçi qrupunun üzv assosiasiyalardakı vəziyyətlə bağlı məlumatı dinlənildi. İşçi qrupu sədrinin əvvəlcədən iclas iştirakçılarına paylanılmış çıxışı qısa müzakirə olunmaqla məqbul sayıldı. Bundan başqa, Ukraynada, Sloveniyada, Polşada, Monteneqroda və Türkiyədə hakimlərin bəzi problemlərinin olduğu vurğulandı.

Müzakirələr zamanı bildirildi ki, Ukraynadakı vəziyyətlə bağlı qətnamə qəbul edilmiş, maliyyə böhranından əziyyət çəkən BelçikaPolşa rəhbərliyinə isə hakimlərin maaşlarının aşağı salınmaması ilə bağlı məktub ünvanlanmışdır.

Avstriyalı hakim Ernest Marker ölkəsində ədliyyə nazirliyi ilə Hakimlər Birliyi arasında anlaşma olmadığını, bundan məhkəmə hakimiyyətinin əziyyət çəkdiyini diqqətə çatdırdı. AHA-nın sədr müavini cənab Jose-İglas Matos isə Macarıstanla bağlı məlumat verərək bildirdi ki, araşdırmalara görə, bu ölkədəki problem Məhkəmə Hüquq Şurasının sədri xanım Zilanın qeyri-məhdud səlahiyyətə malik olması ilə bağlıdır. Belə ki, burada hakimlərin intizam məsələsinə baxılarkən subyektivliyə yol verilir və beynəlxalq normaların tələblərinə məhəl qoyulmur.

Müxtəlif məsələlərin müzakirəsi zamanı sədr Kristof Reqnard bildirdi ki, Yəmən Afrika qitəsində yerləşsə də, bu ölkənin Hakimlər Birliyi AHA-ya üzv olmaq üçün müraciət edib. Bunun üçün monitorinq qrupu yaradılıb və fəaliyyətə başlayıb. Bildirildi ki, hələlik ölkədəki siyasi və hərbi durum gərgindir, məhkəməyə ciddi təhdid və təhlükələr var. Hətta üzvlük xahişi ilə AHA-ya müraciət etmiş hakim ailəsi ilə birlikdə ölkəsini tərk etmək məcburiyyətində qalaraq Fransadan sığınacaq istəmişdir.

İsrail səfəri çərçivəsində ölkəmizin və onun hüquq sisteminin inkişafı haqqında müsbət fikirlər eşitmək çox xoş idi. Müxtəlif ölkələrdən olan hakimlərlə söhbət zamanı Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, və hüquqi islahatlar barədə ətraflı məlumat verildi. Görüşlərdə onu da qeyd etdik ki, BHA və AHA ilə əməkdaşlıq Azərbaycan hakimlərinin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə, hakimlərin peşəkarlığının artırılmasına, səmərəli fikir və təcrübə mübadiləsinə, habelə ümumi məsələlərin həllinə töhfə verir.

Maraqlı təəssüratlarla, səmərəli görüş və müzakirələrlə yadda qalan səfərdən ümumi qənaətimiz bu oldu ki, respublikamızda ardıcıl və sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatları beynəlxalq miqyasda diqqətlə izlənir və təqdir olunur.

Ələddin CƏFƏROV,

Yasamal Rayon Məhkəməsinin, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri

Azərbaycan.- 2016.- 14 iyun.- S. 4.