Rossiya 24” telekanalının “İşgüzar səyahət” proqramında Azərbaycanın uğurlarından bəhs olunub

Rusiyanın “Rossiya 24” telekanalı Azərbaycan haqqında maraqlı proqram yayımlayıb.

AZƏRTAC xəbər verir ki, 25 dəqiqəlik “İşgüzar səyahət” verilişində Azərbaycanın son illərdə qazandığı uğurlardan, iqtisadiyyatının inkişafından, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə tolerant münasibətdən bəhs olunur.

Rossiya 24”ün əməkdaşı Andrey Şlyapnikov Azərbaycanla bağlı hazırladığı verilişə Bakının İçərişəhər hissəsi və Naftalanla bağlı görüntlülərlə başlayır. Naftalanın ölkəmizin kurort zonalarından biri olduğunu vurğulayan müəllif buradakı neftin insan orqanizmi üçün faydalarından danışır, hətta neft vannası qəbul edir.

Neftin tarixinə toxunan Andrey Şlyapnikov XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əldə olunan “Əsrin müqaviləsi”ndən söhbət açır. Müəllif qeyd edir ki, son illər Azərbaycan irimiqyaslı iqtisadi və memarlıq layihələrinin, o cümlədən bütün dünyaya səs salan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. O, buna misal olaraqEurovision” mahnı müsabiqəsini və birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayır. Paytaxt Bakıda müasirliklə qədimliyin vəhdət təşkil etdiyini deyən müxbir diqqəti “Alov qüllələri” və Heydər Əliyev Mərkəzinə yönəldir. “Alov qüllələri”ni iqtisadiyyatın güzgüsü adlandırır. Jurnalist Heydər Əliyev Mərkəzinin binasının dizaynının nadirliyindən də bəhs edir.

Verilişdə Sumqayıtın Azərbaycanın neft-kimya sənayesinin mərkəzi olduğu bildirilir. İsmayıllının İvanovka kəndinə də ekskursiya edən müxbir iqtisadiyyatın bütün sahələri ilə maraqlanır. Orta ümumtəhsil məktəblərindən birində çəkiliş aparan müəllif vurğulayır ki, burada təhsil alan 2 min şagirddən 1300-ü rus bölməsində oxuyur.

Proqramda Azərbaycandakı multikulturalizm mühiti, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dincfiravan yaşadığı xüsusi vurğulanır.

Azərbaycan.- 2016.- 14 iyun.- S. 7.