Sürət, həyəcan və MÖHTƏŞƏM BAKI…

 

Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trekdir

 

İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri, idman müsabiqəsini layiqincə təşkil edən ölkəmiz hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm də sübut olunub ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

 

Avropanın sürət paytaxtı

 

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.

Ötən il tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən və başa vuran Azərbaycan indi növbəti beynəlxalq idman hadisəsinin şahidi olacaq. Artıq bu gün Bakıda dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “Formula-1” yarışlarının növbəti mərhələsinə start verilir. Bunun üçün bir müddətdir ki, Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri vaxtında başa çatdırılıb. İstər “Eurovision” mahnı müsabiqəsi, istər I Avropa Oyunlarında olduğu kimi hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib.

Xatırladaq ki, “Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən, pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını və ya yağını istifadə edirlər.

Builki “Formula - 1” Qran-pri yarışlarına mart ayında Melburn şəhərində start verilib. Pilotlar və komandalar noyabr ayına qədər 21 yarış mərhələsi keçməlidirlər. Son yarış noyabrın 25-27-də Abu-Dabidə baş tutacaq. Sayca 7-ci Qran-pri iyunun 10-12-də Kanadanın Montreal şəhərində keçirilib. Artıq bütün diqqətlər Bakıya yönəlib. Bakı isə həmişə olduğu kimi, hazırdır. Amma burada bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaqlar.

“Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi Avropa Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Ümumiyyətlə isə, Bakı “Formula-1” yarışlarının ən yeni ünvanıdır. Çünki indiyədək Bakıda bu yarış keçirilməyib. Bu mənada xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminə ən yeni əlavədir. Bakı Şəhər Halqasının, trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.

 

Şəhərimizin ecazkar simasını, keçmişi ilə bugününü canlandıran trek

 

Bakı Şəhər Halqası paytaxımızın tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. “Formula-1” Avropa Qran-prisi Azadlıq meydanından start götürəcək və burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.

Azadlıq meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

Azadlıq meydanı qarşısı həm də bolidlərin 340 km/saat sürətlə hərəkət edəcəyi yoldur. Burada hərəkət zamanı çox gözəl mənzərə yaranacaq. Çünki bir yanda “Formula-1” Paddok Klubunun arxasında görünən Hökumət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol və Dənizkənarı Milli Park diqqəti çəkir.

Dənizkənarı Milli Park Bakının əvəzsiz incisi və maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, şəhərimizin tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Həm də bulvar kimi tanınan bu ərazi son günlər “Formula-1” yarışlarını izləmək üçün paytaxtımıza gələn qonaqların da sevimli gəzinti və istirahət yerinə çevrilib. Azərbaycanın dinamik inkişafı nəticəsində son illərdə paytaxtımızda vüsət alan abadlıq-quruculuq işləri buradan da yan ötməyib. Bakının bu əsas parkı yenilənib, müasir infrastruktur və bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib. Bu mənada Dənizkənarı Milli Park inkişaf edən ölkəmizi və gözəlləşən Bakını özündə simvolizə edən ərazi olaraq, həm də Bakı Şəhər Halqasının əsas hissələrindən biridir.

Yarışın əsas izləyici tribunalarından biri Abşeron tribunası da Azadlıq meydanının qarşısında, bulvar ərazisində yerləşir. Bu tribunadan yarışın ən həlledici məqamlarını, start və finişi izləmək mümkündür.

Bulvarı və Hökümət Evini ötdükdən və 90 dərəcəli sol döngədən sonra, pilotlar 300 metrlik məsafədə rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər. İkinci döngədən sonra bolidləri trekin Xəqani küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar. Bu döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alırlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşırlar. Bu düz yolun sol tərəfində gözəl mənzərəli Sahil bağı yerləşir.

Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. Növbəti 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə “Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.

Bununla, trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri sona çatacaq. Bakının bu əraziləri sanki cənubi Avropanı - Barselona və Nitsanı xatırladır. Bu ərazidə çox sayda mağaza, restoran və kafelər yer alır. Həmçinin müasir memarlıq üslubunda tikilmiş bir neçə ticarət mərkəzi və gözoxşayan mənzərəyə sahib Xəzərin sahili trekə xüsusi gözəllik verir. Bəzi tribunalar da bu zonada yerləşir.

Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına tərəf yönələcəklər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Bu yerlərdə trek qismən səki hesabına genişləndirilib. Trekin ən çox çətinliyə malik hissəsi də buradan və qarşıdakı 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi artıq onun vizit kartına çevrilib. 8-ci döngədən sonra yol maksimal şəkildə daralacaq və bu hissədə pilotları kəskin yoxuş gözləyəcək. Pilotları sol tərəfdə İçərişəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək.

 

Qədim şəhər - müasir meqapolis

 

Bakı treki əsasən İçərişəhərin ətrafındakı küçələri əhatə edir. Belə demək mümkünsə, pilotlar daha çox İçərişəhərin ətrafında dövrə vuracaqlar. UNESCO-nun Maddi-Mədəni İrs siyahısına salınan İçərişəhərin çox qədim tarixi var. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilliklərlə mövcudluğunu bu gün ərazisində yerləşən abidələr təsdiqləyir. Son illər İçərişəhərdə görülən işlər göstərir ki, memarlığımızın və mədəniyyətimizin bu nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu gün İçərişəhər özünün intibah dövrünü yaşayır. “Formula-1” Bakı mərhələsi isə tarixi irsimiz sayılan İçərişəhəri bir daha diqqət mərkəzinə gətirəcək. Qədim Bakını tərənnüm edən bu ərazi bir daha ölkəmizin tarixini və memarlıq ənənələrini bütün dünyaya nümayiş etdirəcək.

İçərişəhərin qala divarlarının əhatəsindəki dar küçələrdən keçən pilotlar yenidən trekin geniş hissəsinə yönələcəklər. 9, 10 və 11-ci döngələr trekin İçərişəhər ətrafındakı hissəsində yerləşir. Trekin bu hissəsindən İçərişəhərin görüntülərini daha müasir küçələr əvəz edəcək. Bu ərazilər tamamilə milli mədəniyyəti əks etdirən binalarla zəngindir. Burada həm də İçərişəhər tribunası yerləşir. Bu tribuna yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə tamaşa etmək baxımından da unikal mövqeyə malikdir.

12-ci döngədən 15-ci döngəyədək pilotlar İstiqlaliyyət küçəsi ilə hərəkət edəcəklər. Bu küçədə onları Milli Elmlər Akademiyasının binası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Prezident Administrasiyası qarşılayacaq.

15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir. Trekin bu hissəsində sol tərəfdə Filarmoniya bağı, sağda Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir. Bu enişdə Xəzər dənizinin sahil boyu ərazilərinə tərəf gözəl mənzərə açılacaq. Lap uzaqda isə dalğalanan Azərbaycan bayrağı görünəcək.

Bayrağımızın dalğalandığı həmin ərazi Bayraq meydanıdır. Bayraq meydanının yaradılması Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydan üçün seçilmiş yer Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Bolidlər Bayraq meydanı tərəfə hərəkət etməsələr də, trekin müxtəlif yerlərindən Azərbaycan bayrağını görmək mümkün olacaq.

16-cı döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Bu ərazidəki Filarmoniya və Azneft tribunaları yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Burada tamaşaçılar bolidlərin amansız rəqabətini, kəskin dönüşlərini və döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini izləyəcəklər. Neftçilər prospektində birinci döngəyə tərəf sürətlənmə prosesi başlayacaq. Pilotlar yalnızca 17 və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar.

19-cu döngədə daha bir tarixi abidə - Qız qalası ilə rastlaşacaqlar. Qız qalası Bakının və Azərbaycanın əsas simvollarından biridir. Təsadüfi deyil ki, bu abidə Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilib. Qız qalası həm də ən möhtəşəm və sirli memarlıq abidəsidir. Bakı treki birbaşa Qız qalasının qarşısından keçdiyindən ölkəmizin bu tarixi simvolu bütün dünyaya nümayiş olunacaq.

Bu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissəsində bolidlərin sürətinin ən yüksək həddə - 340 km.saata çatacağı gözlənilir. İdman mütəxəssislərinin fikrincə, Bakı trekini yalnız Sinqapur treki ilə müqayisə etmək olar, lakin burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək olacaq. Əlavə edək ki, Bakıda trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi İçərişəhər ətrafında və 7-ci, 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.

Göründüyü kimi, unikal xüsusiyyətlərə malik Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trekdir. Ona görə bu yarışda bütün dünya bir daha paytaxtımızın gözəlliyini görəcək. Beləliklə, Bakının düz mərkəzində gözəllik, sürət və həyəcan bir araya gələrək “Formula-1” yarışının mahiyyətini tam simvolizə edəcək.

Beləliklə, Bakının möhtəşəmliyini, zəngin tarixi keçmişini və modern inkişafını 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyəcək…

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 17 iyun.- S. 4.