“Formula-1” həyəcanı başladı

 

Dünya ölkəmizin inkişafının, xalqımızın qonaqpərvərliyinin və zəngin mədəniyyətinin növbəti dəfə şahidi oldu

 

Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən “Formula-1” Avropa Qran-prisinə ölkəmizin evsahibliyi etməsinin qürursevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın Azərbaycanda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.

Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb edib. “Formula-1” Avropa Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıtdı.

Hər kəs Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının şahidinə çevrildi. Bunu iyunun 17-də start verilən ilk yarış günündə aydın şəkildə görmək olurdu. İlk növbədə, Azneft dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları, “F1” Şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açıb. Dünəndən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilirlər.

Tədbirlər isə hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalıb. Üç günlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, “Formula-1” həyatını daha yaxından izləmək şansına malik oldular. Tamaşaçılar komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini yaxından izləmək imkanını əldə etdilər.

Avtoqraf sessiyalarda Bakı bulvarının əsas səhnəsində sürətsevərlər öz qəhrəmanları - “Mercedes AMG Petronas”, “Red Bull Racing”, “Toro Rosso” və “Scuderia Ferrari” pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu isə azarkeşlər üçün əsl hədiyyə oldu. Günün sonunda isə tanınmış müğənni Kris Braun konsert proqramı ilə çıxış etdi. Onun ifasında səslənən mahnılar tamaşaçılarda əsl bayram ovqatı yaratdı.

“Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırıb.

Bunlardan biri “McLaren Honda” komandasının ispaniyalı üzvü Fernando Alonsodur. İkiqat dünya çempionu qeyd edib ki, azarkeşləri ən nadir sürət yarışlarından biri gözləyir: “Burada olan azarkeşlər “Formula-1” haqqında çox məlumatlıdırlar yarışı səbirsizliklə gözləyirlər. Yarış üçün artıq hər şey hazırdır. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidir ki, burada sürət çox yüksək həddə olacaq şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur. İndi isə dar döngələri, küləkli küçələri sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün yarış gününü səbirsizliklə gözləyirəm”.

Uilyamskomandasının pilotu Valtteri Bottas da Bakı treki haqqında oxşar təəssüratlara malikdir: “İnanmıram ki, Bakı Şəhər Halqası bizim üçün çox çətin olsun. Bununla yanaşı, ondan sonra gələn üç yarış üçün eyni fikirdəyəm. Tam əminəm ki, biz yenə yaxşı həftəsonu yaşayacağıq. Əgər bolidi daha da yaxşılaşdırmağa çalışsaq, biz podiuma çıxa bilərik bu məhz bizim komanda olaraq hədəfimizdir”.

“Sahara Force İndiakomandasının pilotu Niko Hulkenberq isə deyib ki, bu yeni trek bütün sürücülərdən daha yüksək səviyyədə mübarizə tələb edir: “Bu yeni bir trekdir. Bu haqda heç bir fakt məlumat yoxdur, pilotlar da indiyədək bu trekdə dövrə vurmayıblar. Buna görə hamı sıfırdan başlayacaq bu olduqca maraqlı olacaq. Sözsüz ki, trek həyəcanverici görünür biz artıq buna şahid olmuşuq!”

Məlumat üçün qeyd edək ki, reqlamentə əsasən pilotlar iyunun 17-də hər biri 1,5 saat olan iki sərbəst yürüşdə trasla tanış olub, maşınları qarşıdakı sıralanma turu yarışa sazlayıblar. Bu gün isə səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Nahardan sonra sıralanma turu ya təsnifat mərhələsi keçiriləcək. Bu turun yekun nəticəsinə görə sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşacaq.

Beləliklə, ölkəmizə gələn turistlər, dünyanın aparıcı pilotları, avtomobil mütəxəssisləri Azərbaycanla daha yaxından tanış oldular, onun inkişafını gözləri ilə gördülər. Azərbaycan bu yarışa yüksək səviyyədə evsahibliyi etməklə bir daha sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2016.- 18 iyun.- S. 1.