Sürətlə ucalan şəhər sürət yarışına qucaq açıb

 

“Formula-1” idman yarışması və paytaxtın minlərlə əcnəbi qonağı Bakını dünyaya tanıtmaqla yanaşı, bizə də nadir imkan verir ki, özümüzə bir qədər kənardan, xaricilərin gözü ilə baxaq, inkişafımızı daha dərindən dərk edək, müasir dünya düzənində yerimizi dəqiq təyin edək, uğurlarımızın zirvəsinə sarı daha inamla gedək.

Bakı dünyanın elə nadir şəhərlərindəndir ki, ilin bütün günlərində, günün 24 saatında füsunkar və cazibədardır. Buludları qanadlarında daşıyan küləklər belə onun gözəlliyinə xələl gətirmək gücündə deyil. Əksinə, paytaxtın adının sinoniminə çevrilib. Bu, Bakının təbiətinə zənginlik gətirən vacib cizgilərdən biridir. Xəzər nə qədər şıltaq görünsə də, dalğalarıyla dünyanın ən gözəl bulvarının sahilinə toxunan kimi sakitləşir, başını şəhərin “diz”lərinə atıb kiriyir, ləpələriylə dünyanın ən yaraşıqlı və müasir şəhərinə layla çalır.

Bakının başqa bir gözəlliyi də nar ağacları ilə bağlıdır. Şəhərin çox yerlərində gül açan nar ağaclarının hərəsi bir çiçək dəstəsini xatırladır. Narı bizim şairlərimiz, aşıqlarımız min ildir ki, qadın gözəlliyinin, məhəbbətin rəmzi kimi seçiblər. Nar çiçəyi Tanrının ecazkar möcüzəsidir. Hər il mayın 15-dən 20-nə kimi çiçəkləyir və təxminən 100 gün - avqustun 20-nə kimi meyvə tutsa da, gül açmaqda davam edir. Şairlər də nar çiçəyinə biganə qala bilmirlər. Kimsə ondan ilk məhəbbətinin ətrini alır, kimsə də ürəyinə hakim kəsilən sevdaya nar çiçəyi ilə təsəlli verir. Bakıda Avropa Oyunlarının məşəli alovlanan günlərdə nar tumurcuqları köynəklərini yenicə yırtıb çıxmışdı. “Formula-1” avtoidman yarışması ərəfəsində də şəhərin bütün nar ağacları başdan ayağa çiçək içində idilər.

Dünən Qala divarları boyu dolandıq, İçərişəhərin darısqal küçələrindən keçdik. Hər yerdə dəstə-dəstə gəzən əcnəbiləri gördük. İdman yarışına gələn də var idi, Azərbaycanı bir turist kimi özləri üçün kəşf edənlər də. Kimə nəyisə öyrənmək, yol göstərmək lazım gələndə könüllü gənclər hər yerdə hamının köməyinə çatırdılar.

Bakı əsrlər boyu sakit və təlatümsüz şəhər təsiri bağışlayır. Sanki burada nə 1990-cı ilin qanlı yanvar hadisələri, nə də ki ondan əvvəl - 1918-ci ildə erməni vəhşilikləri baş verib. Çünki biz keçmişin faciələrinə, qarışıq illərin təlatümlərinə sinə gərə, sülhə, əmin-amanlığa can atan dövlət qura bilmişik. Fərqli, unikal şəhərin sakinlərinə çevrilmişik.

Dünya ümumbəşəri dəyərlərin, sülhün və qarşılıqlı inamın qorunması üçün yeni modellərin axtarışında olduğunu bəyan edir. Müzakirələr, təkliflər, təşəbbüslər və qlobal forumların sayı nə qədər çox olsa da, əfsus ki, nəticələr bir o qədər zəif və təsirsizdir. Qarşıdurmalar, sərtliklər daha qabarıqdır. Lakin bu sırada qollarını möhtəşəm beynəlxalq tədbirlərə açan Azərbaycan dünya düzəninə yeni sülh modelini təklif edir. Əmin-amanlığa doğru ölkəmizin atdığı addımlar onu deməyə əsas verir ki, biz işğalçı qonşularımızdan fərqli olaraq dünyəvi dəyərlərə daha yaxın və daha sadiqik. Bizim fəlsəfəmizin nuru qaranlığı nişan alan erməni millətçi ideologiyasının “əzabkeş ağısı”ndan dəfələrlə yüksəkdə dayanır və sülhə söykənir. Xalq da, hakimiyyət də yaxşı dərk edir ki, bu ölkənin ən böyük arxası, bu dövlətin yenilməzliyi hakimiyyətlə xalqın sarsılmaz birliyindədir. Bunu əcnəbilər də görür və ölkəmizə, onun insanlarına münasibətləri dəyişir.

Azərbaycanda multikulturalizm dövlət siyasətinin qayəsini təşkil edir. Ölkəmizin əhalisinin əksəriyyəti müsəlman olsa da, burada xristian, yəhudi və digər dinlərin təmsilçiləri mehriban ailə kimi yaşayırlar. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Onların arasında ayrı-seçkilik yoxdur, hamı bir-birinin adət və ənənələrinə hörmətlə yanaşır, hamıda qarşı tərəfə əsrlər boyu formalaşan xüsusi rəğbət var. Bu, çoxlarının həsəd apara biləcəyi yüksək sosial tolerantlığın təzahürüdür. Multikultural münasibətlər burada yaşayan xalqların qanına, gen yaddaşına əsrlər öncə hopub. Qardaşlıq, dostluq, bərabərlik, qarşılıqlı rəğbət Azərbaycan xalqının qanındadır. Artıq onu dəyişmək, qoparıb atmaq mümkün deyil. Azərbaycanda 100-dən artıq xalqın nümayəndəsi yaşayır. Ümummilli lider Heydər Əliyev çoxmillətliliyi ölkəmizin milli sərvəti sayırdı. Bu gün həmin sərvət bizə imkan verir ki, mühüm, dünya əhəmiyyətli beynəlxalq tədbirlərdə minlərlə əcnəbini, turisti hamıdan fərqli, dünyanın heç yerində rast gəlinməyən xüsusi qonaqpərvərlik və nəzakətlə qarşılayaq.

Maraqlısı odur ki, ölkəmizə qonaq gələn hər bir əcnəbi burada özünə doğma və yaxın olanları tapır. Özünü qərib hiss etmir, bir daha ölkəmizə gəlməyi düşünür. Şəhərdə qarşılaşdığımız əcnəbilərdən bir neçəsi ilə söhbət edirik. Fariza MukanovaAsel Karanbayeva Qazaxıstandan gəliblər. Bakıya heyranlıqlarını ifadə etmək üçün söz tapmırlar. Öyünürlər ki, türkdilli xalqların belə müasir, əzəmətli şəhəri var. Fariza deyir ki, Astana da gözəl şəhərdir, lakin onu Bakı ilə müqayisə etmək mümkün deyil:

- Bakı Şərqin Parisidir. Bizi heyrətləndirən odur ki, 20 ildən çox müharibə getməsinə baxmayaraq adi sovet Bakısını dünyanın ən ecazkar şəhərinə çevirmisiniz. Biz sizinlə fəxr edirik, uğurlarınıza sevinirik.

İspaniyalı teleoperator Fernando günün sonuna yaxın kamerasını Qız qalasının ayağına qoyub bu qədim, keçmişi əfsanələrdən bəhrələnən abidənin ən maraqlı rakursdan çəkilişini aparır. İspanca salamlaşırıq. Soruşuruq ki, söhbət edə bilərikmi? Madrid ləhcəsində vaxtının az olduğunubundan təəssüfləndiyini deyir.

İspan dilinin müxtəlif ləhcələri mövcuddur, bizdə Şəki, Quba, Naxçıvan ləhcəsi olduğu kimi. Sadəcə, ispanlarda ləhcələrin əhatə dairəsi daha genişdir. Kubalılar bizim şəkililər kimi elə sürətlə danışırlar ki, onları başa düşmək ümumiyyətlə, çətin olur. Ona görə də müasir ispan ədəbi dilinin meyarı kimi tələffüzü nisbətən asan başa düşülən Madrid ləhcəsi seçilir.

Fernando ala-babat ispanca danışan yerli jurnalistlərə sevinir, bir neçə dəqiqə də olsa danışmaq istəyir. Madriddən gəldiyini, Megastar TV kanalında işlədiyini deyir:

- Bakı kimi gözəl və həm də bizim Avropa şəhərlərinə oxşayan məkanda işləmək xoşdur. Dünyada ən məşhur idman növünün - “Formula-1”in Bakı mərhələsinin çəkilişlərini aparmaq əksər jurnalistlərin arzusudur. Biz bəxti gətirənlərdənik! Burda italyan memarlıq nümunələrini gördük. Gənclərin də bir qədər ispanlar kimi çılğın olması məni sevindirir. Qızlarınız da ispan qızları kimi gözəldirlər. Biz ispanlar korridanı - öküz döyüşünü çox sevirik, elə maşın yarışmasına da demək olar ki, italyanlaralmanlar qədər marağımız var. “Formula-1” Qran-prinibütün İspaniya izləyir. Bu bizim üçün böyük məna kəsb edir. Sizin şəhərdə demək olar ki, darıxmaq mümkün deyil. Bizi qarşıda avtomobil yarışmasının maraqlı və dramatik səhnələri gözləyir. Bakı tədbiri yüksək səviyyədə keçirir, hər şeyə görə - paytaxtın gözəlliyinə və insanların mehriban qonaqpərvərliyinə görə Azərbaycana minnətdarıq.

Rəyini öyrəndiyimiz əcnəbi qonaqların paytaxtımız, ölkəmiz haqqında ümumi fikirlərini bir neçə cümlə ilə də ifadə etmək mümkündür. “Heç bir ölkədə, heç bir xalqda olmayan qonaqpərvərliyin şahidi olduq. Yolda kimdənsə nəsə soruşanda bir adamın yerinə 3-4-ü cavab verir, yol göstərməyi, ötürməyi bacarırlar. Könüllülərin əksəriyyəti ingilis, rus dillərində sərbəst danışırlar. Bu bizim işimizi asanlaşdırır. Dəfələrlə yolu düz keçməyəndə belə, sürücülər əyləci basır, maşını saxlayır və bizə təbəssümlə yol verirlər”.

Avtoyarışın trası boyu gedirik. İlk nəzərə çarpan təhlükəsizlik qaydalarına ciddi əməl olunmasıdır. Polislər gəzintiyə çıxanları istiqamətləndirir, nəzakətlə yol göstərir, qadağan olunmuş yerlərə keçməyə icazə vermirlər. Soruşuruq ki, işiniz ağır deyil ki? Gənc bir polis zabiti cavab verir: “Ağır deyil, lakin məsuliyyətlidir”. Başımızın üstündə helikopterlər aramsız dövrə vurur, bəzən də bir nöqtədə asılıb qalırlar.

Bütün bunların fonunda şəhər təntənəli bayram əhvali-ruhiyyəsindədir. Hara gedirsənsə əcnəbilərlə rastlaşırsan. Kafelərdə, restoranlarda, küçə və meydanlarda onların sayı-hesabı yoxdur. Bakı növbəti dəfə möhtəşəm sülh paytaxtına, hamının diqqətini özünə cəlb edən meqapolisə çevrilib.

Bahadur İMANQULİYEV,

Fərman BAĞIROV və Ağaəli MƏMMƏDOV (foto),

Azərbaycan.- 2016.- 19 iyun.- S. 6.