Azərbaycanın hərbi-siyasi üstünlüyü sülh danışıqlarının əsas amilidir

 

Mərhələli həll variantı əsas prinsip kimi götürülür

 

Azərbaycan və Ermənistan rəhbərlərinin Sankt-Peterburqda baş tutan görüşünün nəticələri aprel hərbi əməliyyatlarından sonra yeni mərhələyə qədəm qoyan nizamlama prosesində mühüm məqam kimi qəbul edilir. Xatırladaq ki, ötən ilin dekabrında İsveçrənin Bern şəhərində prezidentlərin danışıqları nəticəsiz bitmiş, Ermənistan irəli sürülən bütün təkliflərə yox demişdi. Belə qeyri-müəyyən vəziyyətdə Prezident İlham Əliyev bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək, onlara ümumiyyətlə, ehtiyacın olmadığını bildirmişdi. Sonradan cəbhə xəttindəki məlum hadisələrin yaratdığı yeni hərbi-siyasi reallıq nəticəsində vasitəçi dövlətlər sülh müzakirələrinin bərpasını təklif etdilər. Ötən ay Avstriyanın paytaxtı Vyanada həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən prezidentlərin görüşünü bu kontekstdə yeni mərhələ kimi səciyyələndirmək olar.

 

Sankt-Peterburq danışıqlarının əsas nəticəsi: Ermənistanın limiti bitib

 

Qeyd edək ki, Sankt-Peterburq görüşü cəbhə xəttində hər an alovlana biləcək yeni gərginlik ovqatında keçirilirdi. İki ay öncəki hərbi qarşıdurmanın nisbətən səngiməsinə baxmayaraq, gərginliyin hələ də davam etməsi, həmçinin Ermənistanın qadağan olunmuş silahlardan, kimyəvi tərkibli bombalardan istifadəsi aprel hadisələrinin istənilən vaxt, özüdaha geniş miqyasda təkrarlanacağına zəmin yaradır. Minsk qrupunun fəaliyyətsizliyi və vasitəçi dövlətlərin işğalçıya sərt mövqe sərgiləməməsi nəticəsində uzanan nizamlama prosesini Azərbaycanın öz hərbi qüdrəti ilə yekunlaşdırmaq iqtidarında olması faktdır və bunu artıq beynəlxalq miqyasda hamı görür.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan aprel hərbi əməliyyatlarını uğurla bitirmək imkanında olub, lakin Ermənistanın israrlı xahişlərini əsas götürən Rusiyanın siyasi rəhbərliyi və hərbi komandanlığı atəşkəs təklifi ilə çıxış edib. Rəsmi Bakı növbəti dəfə öz sülhməramlı yanaşmasını nümayiş etdirib və cəbhəboyu inamla irəliləyən hərbi kontingentini dayandırıb. Bu durum Ermənistanın artıq hərbi güc faktorundan məhrum olduğunu göstərməklə yanaşı, Azərbaycan qarşısında aciz vəziyyətini isbatlayıb və daha böyük iflasdan qurtulmaq üçün güzəştlərin labüdlüyünü diktə edib.

Təəssüf ki, aprelin ilk ongünlüyündə Azərbaycan qarşısında tam hərbi məğlubiyyətdən yalnız vasitəçilərin səyləri ilə xilas olmuş Ermənistan rəhbərliyi bir müddət sonra yenidən ənənəvi ritorikaya qayıdıb. Onların danışıqları müxtəlif bəhanələrlə uzatmaq cəhdləri, real nəticənin əldə olunmasına çalışmamaları tam aydın görünür. Və şübhəsiz ki, bu durumda əsas məsuliyyət vasitəçi dövlətlərin - bir daha xatırladırıq, Ermənistanı Azərbaycan qarşısında məğlubiyyətdən xilas etmiş ölkələrin üzərinə düşür.

Bu baxımdan Prezident İlham Əliyevin ötən həftə sülh müzakirələri ilə bağlı verdiyi bəyanat əslində Azərbaycanın Sankt-Peterburq görüşündə sərgiləyəcəyi rəsmi yanaşma idi: “Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın... Hərbi gücümüzü bilirikaprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi. Bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu”.

Prezident İlham Əliyevin vasitəçilərə, həmsədrlərə mesajı da dəqiq, konkret və sərt idi: “Vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır”.

Azərbaycan rəhbəri danışıqlar prosesində özünün və dövlətinin üstün mövqedə olduğunu bəyan etdi, bu faktın görməzdən gəlinməyəcəyini bütün tərəflərə xatırlatdı, real nəticələr əldə olunması üçün rəsmi Bakının artıq təşəbbüsü birtərəfli olaraq öz əlinə alacağını vurğuladı.

Ən əsası isə vasitəçilərə sonuncu xəbərdarlığını etdi: münaqişə dondurulmayıb və hərbi əməliyyatlar başlasa, onların sülh çağırışları artıq heç bir əhəmiyyət daşımayacaq. Sadə dillə desək, hər hansı bir hərbi gərginlik yaranarsa, onun qarşısını heç bir vasitəçi dövlət ala bilməyəcək və Ermənistanı tam məğlubiyyətdən artıq heç kəs xilas etmək imkanında olmayacaqdır!

Son hərbi əməliyyatların dayandırılmasının və atəşkəsin əldə edilməsinin əsas təşəbbüskarı olan Rusiya Prezidenti V.Putinin təklifi ilə baş tutan görüşə Prezident İlham Əliyev məhz bu qətiyyətli mövqe ilə getdi.

 

21-ci görüş...

 

Sankt-Peterburq müzakirələri iki ölkə rəhbərlərinin 1998-ci ildən başlamış təmaslarının sayca 53-cüsü idi. Ümumilikdə Rusiyanın 20-ci dəfə evsahibliyi etdiyi bu danışıqlar həm də Prezident İlham Əliyevlə S.Sarkisyanın 21-ci görüşü oldu.

Bu quru statistikanın arxasında isə əslində, milyonlarla insanın itən ümidləri, qaçqın və məcburi köçkünlərin yurd həsrətləri, hər dəfə bir bəhanə ilə yarımçıq kəsilən müzakirələr, vasitəçilərin məsuliyyətsizliyi və “ikili standartları”, bir sözlə, Qarabağın qara dərdi dayanır.

İllərdir bu uğursuzluq statistikasını real nəticəyə çevirməyə çalışan, Azərbaycanın savaşını şərəflə aparan Baş Sərkərdəmizin son dövrlərdə daha da kəskinləşən Qarabağ mövqeyini şərtləndirən amil hər kəsə məlumdur. Prezidentin təbirincə desək, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib, ölkəmiz hər bir sahədə böyük üstünlüyə nail olubbu üstünlüyü əldən verməyəcək, iki ölkə arasında bütün sahələrdə fərq daha da böyüyəcəkdir.

Bakıda “mənasız, imitasiya naminə danışıqlar aparmayacağıq” bəyanatını verən Prezident İlham Əliyevin sərt üslubu Sankt-Peterburqda da dəyişmədi: “Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır”.

Prezident həmişə olduğu kimi, bu dəfə də aydın danışdı: Status-kvo qəbuledilməzdirsə, işğalçı qoşunların əraziləri boşaltmasına nail olun! S.Sarkisyanla görüşə gedərkən isə Azərbaycan rəhbəri son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamikanın veriləcəyinə ümid etdiyini söylədi. Bu ovqatla başlayan danışıqların rəsmi nəticəsi isə cəmi iki cümlə ilə izah edildi: “Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər”. Diplomatiksiyasi protokol qaydalarına əsasən, həmçinin müzakirələrin məxfiliyini qorumaq üçün şübhəsiz ki, belə yığcam bəyanat verilməli idi.

Lakin məlumat nə qədər lakonik olsa da, görüşün nəticələri ilə bağlı ilkin təəssürat yaratmağa imkan verir. İlk mühüm məqam odur ki, tərəflər arasında qarşılıqlı anlaşma əldə olunan məsələlər var. Həmçinin prezidentlər bu formatdakı görüşləri müntəzəm keçirməyə hazırdırlar.

Müzakirələrdən dərhal sonra açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qeyd edib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir: “İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, prezidentlər danışıqlar prosesinin aktivləşdirilməsini qərara alıblar və təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılıq ifadə olunub. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü müsbət və faydalı qiymətləndirib, konstruktiv atmosferdə keçirildiyini deyib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fikrincə isə, bu görüş münaqişənin sülh yolu ilə həll edilməsində müsbət addım oldu.

Göründüyü kimi, bütün tərəflər danışıqların nəticələrini ehtiyatla da olsa müsbət qiymətləndirir, irəliləyişə doğru gedildiyini bildirirlər. Bu, əslində, Azərbaycanın və onun Prezidentinin uzun müddətdir istədiyi, son aylarda isə qətiyyətlə tələb etdiyi şərt idi: danışıqlar imitasiya xarakterindən real məcraya keçməlidir və nəticələr verməlidir.

Hər halda artıq ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər. Xüsusən də münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsi mühüm əhəmiyyət kəsb edir. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönməsini və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.

Azərbaycanın hərbi-siyasi üstünlüyü bu gün sülh danışıqlarının əsas amilidir. Rəsmi Bakı bu reallığın kontekstində Ermənistana və vasitəçilərə sonuncu dəfə seçim imkanı verib: ya Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün gerçək danışıqlara başlanılsın, yaxud bu vəzifə Azərbaycan əsgərinin öhdəsinə buraxılsın!

Prezident İlham Əliyevin dediyi kimi, biz gücümüzü biliriköz gücümüzə də arxalanırıq...

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.- 2016.- 22 iyun.- S. 1.