“Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində təmir-bərpa işləri aparılıb

Muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsi digər amillərlə yanaşı, həm də bu sahədə görülən işlərin nəticəsidir. Bu ilmuxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilib, “Əshabi-Kəhf” ziyarətgahında təmir-bərpa işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə kompleksinə gəlib, burada görülən işlərlə maraqlanıb.

Bildirilib ki, çoxəsrlik tarixi keçmişimizin və dini-mənəvi dəyərlərimizin ifadəsinə çevrilən “Əshabi-Kəhf”də ilk dəfə ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə bərpa işləri aparılıb. Son illər isə burada geniş yenidənqurma, bərpa və abadlıq işləri görülüb. Ziyarətgahın ərazisində əl işlərinin və yerli məhsulların satış mağazaları fəaliyyət göstərir. Bu il də abidədə kompleks təmir-bərpa işləri aparılıb, su təminatı və işıqlandırma sistemləri yenidən qurulub, ərazi abadlaşdırılıb, zəvvarlar üçün hərtərəfli şərait yaradılıb.

“Əshabi-Kəhf” turistlərin də böyük marağına səbəb olur. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turistqonaq ziyarət edir.

Ali Məclisin Sədri abidəyə mütəmadi diqqətin davam etdirilməsinin vacibliyini bildirib, ərazinin təmiz saxlanılması və yaşıllıqların artırılması barədə tapşırıqlar verib.

Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.