Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilib

İyunun 21-də “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu günsabahmövzusunda konfrans keçirilib.

Konfransdan əvvəl Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

Konfransda çıxış edən Komitənin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki dini tolerantlıqdan, dözümlülükdən, multikultural mühitdən söhbət açıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik etdiyi idarənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan daxilində iğtişaş salmaq istəyən bəzi qüvvələrə qarşı birgə mübarizə apardıqlarını bildirib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və hər zaman da yaşayacağını vurğulayıb.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda ən məqbul dövlət-din modelinin tətbiq olunduğunu söyləyib. O, Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və yerli icra qurumları ilə birlikdə səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycanda Roma Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar.

Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib.

Sonda Azərbaycan Prezidentinə müraciət qəbul edilib.

Azərbaycan.- 2016.- 22 iyun.- S. 4.