Bakıətrafı qəsəbələrin sosial qayğılarının həlli daim diqqət mərkəzindədir

Nardaranda həyata keçirilən genişmiqyaslı tədbirlər bunu təsdiq edir

 

Son illər ölkənin bütün regionları kimi, Bakı şəhərini əhatə edən qəsəbə və kəndlərin də infrastrukturunun yaxşılaşdırılması sahəsində əhəmiyyətli tədbirlər görülüb, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb. Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev bir neçə dəfə Bakıətrafı yaşayış məntəqələrinə gəlib və yerli sakinlərlə görüşdə onların qayğıları ilə maraqlanıb, problemləri ilə yerindəcə tanış olub.

Məhz bu cür görüşlərin nəticələri olaraq qəbul edilən dövlət proqramlarında əhalini narahat edən məsələlər öz əksini tapıb.

Dövlət proqramlarının icrası çərçivəsində paytaxtın hər bir qəsəbə və kəndində yol-nəqliyyat infrastrukturu təkmilləşdirilib, əhalinin sukanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafı təmin edilib, yeni sosial obyektlər tikilib, mövcud binalar əsaslı təmir edilib. Nardaran qəsəbəsində son aylar görülən genişmiqyaslı abadlıq və quruculuq işləri də Bakıətrafı yaşayış məntəqələrinin inkişafı, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. İyunun 21-də Prezident İlham Əliyevin iştirakı ilə Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində küçələrin yenidənqurmadan sonra açılışı Bakının qəsəbə və kəndlərində abadlıq və quruculuq işlərinin davamlı olduğunu göstərir.

Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib. Avtomobil yolunun kənarlarında 1 və 2 metr enində səkilər tikilib, yeni işıq dirəkləri və yol nişanları qoyulub. Bu yolun yenidən qurulması ilə nəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı dairəvi və Zabrat-Maştağa-Buzovna avtomobil yollarına rahat və maneəsiz çıxışı təmin olunub.

Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidənqurulmadan sonra açılışında da iştirak edib. Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti sahəsinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. Prezident İlham Əliyevin “Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2016-cı il tarixli sərəncamına əsasən isə Nardaranın daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon manat ayrılıb.

Yüksək keyfiyyətlə aparılan işlər zamanı yollarda avtomobillərin hərəkət zolaqları artırılıb. Hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, sukanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib. Nardaran sakinləri ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanın hər bir guşəsinin, hər bir qəsəbəsinin diqqət mərkəzində olduğunu bildirib: “Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət etmiş, qəsəbəyə dəvət etmişlər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir”.

Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə də tanış olub. Qeyd edək ki, Azərbaycan Prezidentinin dinitarixi abidələrə qayğıkeş münasibəti burada da hiss olunur. Prezident İlham Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən bu ziyarətgahda olub. Onun həmin vaxt bu müqəddəs məkan üçün 10 hektar torpaq sahəsinin ayrılması barədə qaldırdığı təşəbbüs nəticəsində ziyarətgahın ərazisi xeyli genişlənib. Prezident İlham Əliyev həmçinin 2004-cü ildə bu dini kompleksə hədiyyələr təqdim edib.

Bu gün Nardaranda vaxtilə mövcud olmuş problemlər həll olunur, abadlıq və quruculuq işləri ardıcıl davam etdirilir, burada mədəni həyatın inkişafı, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılır. Kommunal xidmətlərə görə sakinlərin illərlə yığılmış 42 milyon manat borcu da silinib. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasətin, hər bir şəhərin, qəsəbənin, kəndin inkişafına xüsusi diqqətinin göstəricisidir.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 23 iyun.- S.2.