Şamaxıda “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılıb

 

İyunun 21-də Şamaxıda Mədəniyyət və Turizm Nazirliyinin, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Rayon Mədəniyyət mərkəzində təşkil edilən fərdi yaradıcılıq sərgisində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, rəssam Marqarita Morales və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov sərginin Şamaxı sakinləri və rayona gələn turistlərin böyük marağına səbəb olduğunu bildirib, bu cür tədbirlərin sənətsevərlərə dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaratdığını vurğulayıb.

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək səfirliyin təşəbbüsü ilə ölkə mədəniyyətinin müxtəlif sahələri ilə bağlı keçirilən tədbirlərin nəticəsində Azərbaycan ictimaiyyətinin Meksika ənənələrini daha yaxından tanımaq fürsətini əldə etdiyini deyib, belə tədbirlərin xalqların qarşılıqlı olaraq daha da yaxınlaşmasına, mədəni əlaqələrin inkişafına, ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Mədəniyyət sahəsi ilə yanaşı digər sektorlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdıran səfir Meksika ilə Azərbaycanın coğrafi yerləşmələri tam fərqli olmaqlarına baxmayaraq, ölkələr arasında bir çox oxşarlıqların mövcudluğunu qeyd edib.

Rodriqo Labardini tanınmış rəssam Marqarita Morales barədə məlumat verib: “Rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu-York və dünyanın bir çox muzey və qalereyalarında, həmçinin paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə şəhərində də nümayiş olunub.

Sonra rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanın ən qədim mədəniyyət və elm mərkəzlərindən biri olan Şamaxıda əsərlərinin sərgilənməsindən məmnun olduğunu ifadə edib.

Daha sonra sərgi iştirakçıları rəssamın əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əsərlərlə yaxından tanış olublar.

Sərgi iyunun 27-dək davam edəcək.

 

Azərbaycan.- 2016.- 23 iyun.- S.8.