“Ən böyük dayağımız, himayədarımız İlham Əliyevdir”

 

Qaçqın və məcburi köçkünlər Azərbaycan Prezidentinin qayğısı nəticəsində yeni həyata başladıqlarını deyirlər

 Qloballaşan dünyamızda bəşəri problemlərdən biri də qaçqın həyatı yaşayan insanların sayının ilbəil artmasıdır. Demək olar ki, hər il milyonlarla insan zora, təcavüzə, işgəncələrə, eləcə də silahlı münaqişələrə və təbii fəlakətlərə məruz qalaraq öz doğma yurd-yuvasından didərgin düşür, qaçqınlıq həyatı yaşayır. Məhz bunun nəticəsidir ki, BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunan qətnaməyə əsasən hər il iyunun 20-si Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir.

Təəssüf ki, XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. Ölkəmizin geostrateji mövqeyi, zəngin təbii sərvətləri bu bölgəyə olan maraqları artırmış, azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsi ilə nəticələnmişdir. Özübu maraqlar ermənilər tərəfindən uydurma faktlara söykənərək daha da genişləndirilmişdir. Nəticədə 1905, 1918-1920, 1948-1953 və ən nəhayət, 1988-1993-cü illərdə azərbaycanlılar öz ata-baba yurdlarından didərgin salınmışlar. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazilərdə yaşayan azərbaycanlılar son nəfərədək öz doğma yurdlarından zorla qovulmuşlar. Bundan sonra Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon - Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan işğal olunmuşdur. Nəticədə bir milyonadək azərbaycanlı öz daimi yaşayış yerlərindən məcburi köçkün düşmüş və respublikamızın 62 şəhər və rayonunda məskunlaşmışdır. Beləliklə, Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkün yaşayan ölkələrindən birinə çevrilmişdir.

İlkin vaxtlarda qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti çadır düşərgələrində, fin tipli yığma evlərdən ibarət qəsəbələrdə, fermalarda, dəmir yolu üzərindəki vaqonlarda, ictimai binalarda, təhsil müəssisələrinin yataqxanalarında, uşaq bağçalarında, istirahət evlərində, eləcə də tikintisi yarımçıq qalmış binalarda məskunlaşsalar da, 1998-ci ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı”na əsasən onların sosial müdafiəsi təmin edilmiş, mənzil-məişət problemlərinin həlli ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycanda mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunmuş, bölgələrdə ən müasir qaçqın şəhərcikləri salınmışdır. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin dövlət proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrası istiqamətində uğurlu işlər görülmüşdür. 2007-ci ildə Sabirabadda, Saatlıda, Biləsuvarda, Ağcabədidə, Ağdamda, Şabranda, Bakının Ramana qəsəbəsində, 2008-ci ilin oktyabrında Beyləqanda, 2009-cu ildə Bakının Binəqədi rayonunda, 2010-cu ildə Yevlaxda və ən nəhayət, Gəncədə bütün infrastruktura malik yeni qəsəbələr salınmışdır. Ötən 5 il ərzində yeni qəsəbələrin salınması davam etmişdir.

Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində öz yurdlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllini dövlətimiz hər zaman bir nömrəli vəzifəsi hesab edir. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dinamik inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün geniş imkanlar yaratmış, nəticədə onların mənzil-məişət, eləcə də sosial vəziyyətlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi istiqamətində çox görülmüşdür. Artıq dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin “Böyük qayıdış” layihəsi də hazırdır. Layihə işğal altında olan torpaqlarımız azad olunduqdan sonra həyata keçiriləcəkdir.

Son vaxtlar cəbhədə qazanılan uğurlar onu deməyə əsas verir ki, qaçqın və məcburi köçkünlərin doğma yurda qayıdışı tezliklə gerçəkləşəcək. Bu gün öz məcburi qaçqın və köçkünlərinə hər cür şəraiti təmin edən dövlətimiz əzəli torpaqlarımız olan Dağlıq Qarabağona bitişik rayonlarımızı azad etməyə, sonra dağıdılmış rayonlarımızda böyük abadlıq və quruculuq işləri aparmağa qadirdir.

Bu fikirləri Gəncədə salınmış 1500 ailəlik qaçqın şəhərciyində məskunlaşan sakinlərin də dilindən eşitdik. Əslən Kəlbəcərdən olan 70 yaşlı Nəsib Quliyevin evində olarkən ailənin xoşbəxt həyatının şahidi olduq. Nəsib kişi dedi ki, iki övladı var. İkisi də ailəlidir və dövlət onların ailəsini mənzillə təmin edib. “Getsin o günlər, gəlməsin”, - deyə Nəsib kişi ailəsi ilə keçirdiyi ağır günləri yada saldı. Dedi ki, 1993-cü ildə Kəlbəcərdən böyük müsibətlə Gəncəyə pənah gətirdik. Təsəvvür edin ki, evdən bircə əynimizin paltarı ilə çıxmışdıq. Heç nə barədə düşünmürdük. Ailə üzvlərimi erməni gülləsindən qorumaq üçün çox əziyyət çəkdim. 10 ildən artıq heç bir şəraiti olmayan tələbə yataqxanasında yaşadıq. Ancaq ümidimizi qırmadıq. Dövlətimizdən diqqət və qayğı gördük. Yeni salınmış qəsəbədə mənə ikiotaqlı mənzil verəndə sevincimin həddi-hüdudu yox idi.

Qəsəbədə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Respublikamızın digər bölgələrində salınmış qaçqın şəhərcikləri kimi, burada da ən müasir infrastruktur mövcuddur. Qəsəbədə mədəniyyət evi, məktəb, musiqi məktəbi, uşaq bağçası, poçt, elektron ATS, polis məntəqəsi, xəstəxana fəaliyyət göstərir. Qəsəbədaxili yollar asfaltlanmış, su, kanalizasiya xətləri çəkilmişdir. Tamamilə yaşıllığa bürünmüş qəsəbədə sakinlərin istirahəti üçün, demək olar, bütün şərait yaradılıb.

1993-cü ildə Kəlbəcərin işğalı zamanı ata-baba yurdundan didərgin düşmüş məcburi köçkünlərdən biri də Ədalət Tağıyevdir. O, 1987-1989-cu illərdə sovet ordusunda hərbi xidmətdə olarkən Əfqanıstana gedib. Xidməti başa vurub qayıdanda Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatılıb. 1993-cü ilədək könüllülər batalyonunun tərkibində döyüşlərdə iştirak edib.

Ədalətin həyat yoldaşı Məlahət Tağıyevanın ailəsi də Kəlbəcərin işğalı zamanı çox əziyyət çəkib. Lakin dövlətin göstərdiyi diqqət və qayğı onları yaşamağa ruhlandırıb. Atası Mirzə Xələfov İkinci Dünya müharibəsində iştirak edib. Mirzə kişi deyir ki, Kəlbəcərdən Gəncəyə pənah gətirdik. Sağ olsunlar, bizə xoş münasibət göstərdilər. Var olsun dövlətimiz. Bizi çətinlikdən xilas etdi. 2014-cü ildə Gəncədə salınan bu qəsəbədə bizə də mənzil verdilər. Gördüyünüz kimi, hər bir şəraitimiz var. Ancaq yurd həsrəti içimizi didib-parçalayır. Xüsusilə 101 yaşlı anam Zərnişanın dilindən hələ də Kəlbəcər sözü düşmür. Deyir ki, mən ölsəm, ancaq Kəlbəcərdə öləcəm. Hər gün pəncərədən dağlara sarı boylanıb, ana yurdumuz Kəlbəcəri haraylayır.

Söhbət zamanı Mirzə Xələfov onu da dedi ki, heyifsilənirəm ki, Kəlbəcərdən çıxanda şəkil albomunu götürmədim. İndi soraqlayıb qohum-əqrəbadan ailə üzvlərimə aid olan şəkilləri axtarıram. Hətta İkinci Dünya müharibəsində həlak olmuş atamın şəkli üçün onun döyüşdüyü və həlak olduğu Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin arxivinə müraciət etmişəm. Hələ ki bir cavab yoxdur.

Qəsəbədə ikiotaqlı mənzillə təmin edilən Şabər Bəşirov bizi gülər üzlə qarşıladı. Yer göstərib, gəlməyimizdən məmnun qaldığını söylədi. Jurnalist olduğumu biləndə dedi: “Görünən dağa bələdçi lazım deyil. Hər şey göz qabağındadır. Yaşadığımız qəsəbə də, həyat şəraitimiz də. Şükürlər olsun, pis dolanmırıq. Allah Prezidentimizi qorusun. Ən böyük himayədarımız İlham Əliyevdir. Qısa vaxtda ağlımıza gəlməyən işlər gördü. Bizi yeni mənzillərlə təmin etdi. Yaşayış səviyyəmizi yaxşılaşdırmaq üçün bizə daim diqqət və qayğı göstərir”.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İkram Salmanovla söhbət zamanı dedi ki, qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qəsəbədə məskunlaşan kəlbəcərlilərin bir qismi rayon strukturuna daxil olan idarə və təşkilatlarda çalışır. Hazırda yeni çörək sexi inşa edilir ki, istifadəyə verildikdən sonra 20 nəfər işlə təmin ediləcək. Bundan başqa, yeni ictimai iaşə və ticarət obyektlərinin inşası üçün geniş imkanlar yaradılmışdır. Kənd rayonlarında məskunlaşan kəlbəcərlilər üçün isə əkin sahələri ayrılmış, güzəştli kreditlərlə təmin edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Sabir ƏLİYEV,

Azərbaycan.- 2016.- 19 iyun.- S. 7.