Mərhələli həll variantı Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipə çevrilir

Prezidentlərin Sankt-Peterburq görüşü problemin həllində yeni mərhələ açır

 

Aprel hərbi əməliyyatları zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi dərs, müəyyən ərazilərin işğaldan azad olunması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın meydana gəlməsinə rəvac verib. İlk növbədə Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, Azərbaycan hərbi potensial baxımından da təcavüzkardan dəfələrlə güclüdür və lazım gəldiyi anda işğal altındakı əraziləri ordusu hesabına qısa müddətdə azad etmək iqtidarındadır.

Bu proseslərin nəticəsi olaraq beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin vacibliyini etiraf etməli oldu. Bu fonda münaqişə ilə bağlı yeni vəziyyət yarandığı özünü qabarıq göstərdi və Azərbaycanın artıq daha güclü mövqe sahibi kimi danışıqlar prosesinə qatılması aydın müşahidə olundu.

Beləliklə, mayın 16-da Vyanada prezidentlərin iştirakı ilə keçirilən görüş 24 ildən sonra yaranmış yeni situasiyada baş tutdu. Bunun davamı olaraq prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü də münaqişənin həlli istiqamətində irəliləyiş hesab oluna bilər. Çünki verilən açıqlamalardan bəlli olur ki, bu görüş konstruktiv şəraitdə keçirilib.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikrincə, Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Prezidentinin iştirakı ilə keçirilən görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar: “Bu, bütün məsələlərə yanaşma nöqteyi-nəzərindən daha konstruktiv və münaqişənin həllində tərəflərin daha maraqlı olmasını nümayiş etdirən görüş oldu. Bu görüşdə aparılan danışıqlar onu deməyə əsas verir ki, Rusiya Prezidenti Vladimir Putin münaqişənin həllində daha qətiyyətlidir və daha da məqsədli fəaliyyət ortaya qoyur. Görüşdə təmas xəttində gərginliyin azaldılması, təhlükəsizliyin yüksək səviyyədə təmini və monitorinqlərin daha əhatəli olması ətrafında fikir mübadiləsi aparıldı. Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin mərhələli həlli istiqamətində irəliyə getmək lazımdır. Bu razılığın həyata keçməsi üçün, əlbəttə, bundan sonra həmsədrlər xüsusi fəaliyyət göstərməlidirlər”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da görüşün nəticələrini müsbət qiymətləndirir: “İnanırıq ki, bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”.

Elə ATƏT-in Minsk qrupunun həmsədrləri də qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə müsbət addımların atıldığını qeyd edir: “Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli görüşdə problemin nizama salınması üzrə müsbət addımlar atıldı. Həmçinin birgə bəyanat qəbul edildi. Biz münaqişənin danışıqlar yolu ilə nizama salınması üzərində işləməliyik”.

Belə vəziyyət ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni mərhələ açılır. Bu mərhələ isə özündə münaqişə ilə bağlı mövcud status-kvonun dəyişdirilməsini ehtiva edir. Rusiyalı ekspert Sergey Strokanın da bu mənada fikirləri çox maraqlıdır: “Prezident İlham Əliyev Sankt-Peterburqda onu anlatdı ki, danışıqlar prosesini əsas tutaraq, münaqişənin daha 20 il davam etməsinə göz yummayacaq. O, Vladimir Putinlə görüşdə də birbaşa bildirdi ki, Bakı status-kvonu qəbul etmir və ərazilər geri qaytarılmalıdır”.

Ekspert əlavə edib ki, Rusiya tərəfləri barışdırmaq üçün uzun illər boyunca fəaliyyət göstərib: “2011-ci ildə Dmitri Medvedev prezidentləri Kazanda görüşdürdü. Hətta tərəflər münaqişəni həll etməyə yaxın idilər. Lakin bu, baş tutmadı. O vaxtdan 5 il keçib. Bu illər ərzində nələr dəyişib? Əsas fərq odur ki, bu regionda əvvəlki kimi sabitliyin saxlanılması mümkün deyil. Vəziyyət nəzarətdən çıxır, idarəolunmaz hal alır və böyük müharibə ilə hədələyir. Nəhayət, ən vacib məqam Bakıda ciddi dəyişikliklərin nəzərə çarpmasıdır. Yerevanda hiss olunmasa da, son beş ildə Azərbaycan siyasi, hərbi, diplomatik arsenalını xeyli gücləndirib. Prezident İlham Əliyev bu gün postsovet məkanında dünya siyasətçiləri ilə ən fəal ünsiyyət saxlayan liderdir. Hətta erməni diasporunun güclü olduğu paytaxtlarda belə onun arqumentlərini dinləyirlər və bu arqumentlər həm Vaşinqtonda, həm də Berlində qəbul edilir, dəstək qazanır”.

Prezidentlərin üçtərəfli görüşünü Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru politoloq Sergey Markov isə belə şərh edib: “Hesab edirəm ki, bu görüş sadəcə görüş xətrinə keçirilən görüş deyildi. Qeyd edim ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyiş əldə olunub. Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib olan görüşlərdən biri idi. Aprelin əvvəlindəki “dörd günlük müharibə” göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır. Hələlik görüşlər Kazan formulunun bəndlərində olan fikir ayrılıqlarının aradan qaldırılması uğrunda gedir. Bu fikir ayrılıqları Ermənistana birya iki dəhlizin verilməsi, ilkin mərhələdə 5-6 və ya 7 rayonun qaytarılması, gələcəkdə referendumun keçirilib-keçirilməməsi, yekun müqavilədə BMT qətnamələrinin qeyd olunub-olunmamasından ibarətdir”.

Belə vəziyyət həm də onun göstəricisidir ki, bütün xarici dəstəkdən məhrum olan Ermənistan artıq bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmağın, mövcud status-kvonu qoruyub saxlamağın mümkün olmadığını görür. Bu da, əslində, mərhələli şəkildə işğal olunmuş ərazilərin azad olunmağa başlayacağını deməyə əsas verir.

Elə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun da qeyd etdiyi kimi, son danışıqlarda mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Azərbaycan dövlətinin mövqeyibudur ki, ermənilər ilk olaraq Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri, yəni 5 rayonu mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə eyni zamanda Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür. Növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə olunub hazırlana bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Münaqişənin həlli prosesində Azərbaycan dövləti və onun başçısı ilk növbədə sülh variantına üstünlük verirlər. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, əraziləri azad etmək üçün lazım gəldiyi anda güc amilindən istifadəni də istisna etmir. Bunun isə hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilən vasitəçilər məsələnin danışıqlar yolu ilə həllində fəallıqlarını artırıblar.

Artıq faktdır ki, Minsk qrupu həmsədrləri, o cümlədən Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirir. Qeyd edilənlər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşünün nəticələrinin ölkəmizin mənafeləri baxımından müsbət olduğunu deməyə əsas verir.

Bütün bunlar Azərbaycanın hərbi və diplomatik manevrlərinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi də çıxış edir. Belə vəziyyət həm də işğal altındakı ərazilərin yaxın tezlikdə azad olunacağını da aydın göstərir.

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 24 iyun.- S.1.