Bakıda “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir

İyunun 23-də Bakıda “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Avropa İttifaqına üzv və tərəfdaş ölkələrin təcrübələrinin təhlili aparılan konfransda mobillik və miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumun Azərbaycan ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib. O, Avropa İttifaqının Azərbaycan ilə əlaqələri bir çox sahələrdə daha da genişləndirmək fikrində olduğunu diqqətə çatdırıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ötən il Riqa sammitində Azərbaycan-Avropa İttifaqı strateji tərəfdaşlığına dair saziş layihəsinin təqdim edildiyini və bu sənədə miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin daxil olduğunu xatırladıb. Nazir müavini bildirib ki, sənədin imzalanması əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi dialoqun bərpası üzərində iş aparılır. Eləcə də bu ilin ikinci yarısında Avropa İttifaqında Azərbaycana dair alt komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Həmçinin aviasiya sazişinə dair danışıqların da davam etdirilməsi və Azərbaycan ilə strateji tərəfdaşlıq üçün müzakirələrin başlanması üçün Avropa Komissiyasına mandat verilməsi gözlənilir.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin layihə koordinatoru Violetta Vaqner qeyd edib ki, mobillik naminə tərəfdaşlıq miqrasiya və mobillik sahəsində Avropa İttifaqı, quruma üzv dövlətlər, eləcə də üçüncü ölkələr arasında ən qabaqcıl əməkdaşlıq və tərəfdaşlıq çərçivəsidir.

Konfransda mövzu ətrafında müzakirələr aparılıb.

Tədbir iki gün davam edəcək.

 

AZƏRTAC

Azərbaycan.-2016.- 24 iyun.- S.7.