Kəşfiyyatçı Diplomat Nazir

Arif Heydərov-90

Hər bir xalqın tarixində onun təhlükəsizliyini təmin edən, qanunun aliliyini qoruyan, ictimai asayişin keşiyində dayanan insanların özünəməxsus yeri var. Ömrünü, həyatını, bütün güc və bacarığını bu müqəddəs işlərə həsr edən Azərbaycan oğulları bütün zamanlarda olub. Onların içərisində elələri var ki, bütün qəlbini bəxş etdiyi, varlığı ilə bağlandığı, amalı, əqidəsi bildiyi işi uğrunda həyatını qurban verib, vəzifə borcunu yerinə yetirərkən həlak olub. Azərbaycanın belə mərd oğullarının heç birinin qədir-qiymətini, dəyərini azaltmadan qeyd edək ki, onların sırasında görkəmli dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Nəzər oğlu Heydərovun öz yeri var.

Bu il generalın anadan olmasının 90 illiyidir. Dünyasını dəyişməsindən, daha doğrusu, faciəli ölümündən isə 38 il keçir. Az müddət deyil... Bununla belə, onu tanıyanlar, xatirəsini yad edənlər, silahdaşları, xeyirxahları arasında Arif Heydərov haqqında ancaq xoş söhbətlər dolaşmaqdadır. Onun müsbət xüsusiyyətlərini, peşə məharətini, yüksək vəzifələrdə özünü doğrultmaq səriştəsini, xalqın məhəbbətini qazana bilmək qabiliyyətini dildən-dilə, nəsildən-nəslə ötürən xatirələr hər bir kəsin qəlbində hələ də yaşamaqdadır. Bu da səbəbsiz deyil. Çünki Arif Heydərov həyat yollarında atdığı hər addımda xalqına sədaqətli xidmət nümunəsi göstərmişdir.

General-leytenant Arif Heydərov haqqında danışarkən bir məqam xüsusi vurğulanmalıdır. Bu da onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yüksək etimad göstərdiyi və inandığı rəhbər kadrlardan biri, yaxın silahdaşı və məsləkdaşı, üstəgəl, yaxın dostu olmasıdır. Təsadüfi deyil ki, 1996-cı il iyunun 27-də A.Heydərovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı xüsusi sərəncam imzalanmışdır. Bir gün sonra - iyunun 28-də isə bu fədakar insanın 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Ulu öndər Heydər Əliyev mərasimdə iştirak etmiş və söylədiyi geniş nitqində demişdir: “Arif Heydərov mənim üçün sevimli bir insan idi... Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə - 8 il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü... Ona verilən adlara, rütbələrə, ordenlərə, medallara o, tam layiq idi və öz sədaqətli işi, saf əməlləri ilə bunların hamısını almağa haqq qazanmışdı. Mən qeyd etdim ki, Arif Heydərov bir insan kimi çox sadə, təvazökar və yaxşı yoldaş idi”.

A.Heydərov şərəfli bir ömür yaşamışdı. Elə bir ömür ki, böyüyün də, kiçiyin də qəlbində qürur doğurur. O, 1926-cı il iyunun 28-də Azərbaycanın Ağdaş şəhərində dünyaya göz açmışdı. Əslən zəngəzurlu idi. Ata Nəzər Heydər oğlu və oğul Arif Heydərov harada yaşamalarından və çalışmalarından asılı olmayaraq həmişə əsl azərbaycanlı kimi vətənə və torpağa sevgilərini əməli işləri ilə təsdiqləmiş, onlara tapşırılan bütün vəzifələrdə etimadı doğrultmuş, dövlət qarşısında alnıaçıq, başıuca olmuşlar.

Heydərovlar nəsli Zəngəzur dağlarının qoynundakı Qubadlının Gürcülü kəndindəndir. Bir çox həmyerliləri kimi, Nəzər Heydərov da hələ gənc yaşlarından inqilab beşiyi Bakıya gəlmiş, Balaxanı mədənlərində işləmiş, burada zillət çəkən əməkçilərin dərd-sərinə şərik olmuş, yenidən Zəngəzur kəndlərinin azadlıq hərəkatına qoşulmuş, onun liderlərindən sayılmışdır. Sonralar peşəkar siyasi xadim və ən ümdəsi neft sənayesinin görkəmli təşkilatçılarından olmuşdur. İranın azadlığı və qurtuluşu üçün ağır mübarizə yolu keçmiş Seyid Cəfər Pişəvərinin yaxın dostu, silahdaşı idi. Bu qəzada “kimlərdənsiniz” deyə soruşulanda alınan “Heydərovlardan” cavabı etibarlı zəmanət kimi qəbul edilərdi. Sonralar bu, bütün Azərbaycanda da belə qəbul olundu.

Nəzər Heydərov rəhbər vəzifələrə sıravi fəhləlikdən yüksəlmişdi. 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində çalışmışdı. Həmin dövrdə Nəzər Heydərovun ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsi, “Lenin”, “Qırmızı Bayraq” və “Qırmızı Əmək Bayrağı” kimi ordenlərə layiq görülməsi onun öz zəmanəsində nüfuzlu, hörmətli, sayılıb-seçilən insanlardan olduğundan xəbər verir. Bu il Nəzər Heydərovun da anadan olmasının 120 illiyidir.

Arif müəllimin anası Rəxşəndə xanım da tanınmış ailənin övladı olmuş, öz ağlı, təmkini, ana müdrikliyi ilə layiqli övladlar böyütmüşdü. Rəxşəndə xanımın atası Əhməd bəy Məlikov Ağdaşda qəza rəisi işləmiş, lakin dövrün qanlı olayları bu ailədən də yan keçməmiş və Əhməd bəy repressiya qurbanı kimi güllələnmişdi.

Arif Heydərov heç zaman öz ata-babasının şan-şöhrətinə sığınmamış, ailəsinin nüfuzundan, cəmiyyətdəki mövqeyindən sui-istifadə etməyi ağlına belə gətirməmişdi. Sadəcə olaraq həyat yollarında qanından-genindən, aldığı tərbiyədən, bilik və bacarığından qaynaqlanan keyfiyyətlərlə irəliləmişdi. Atası ona Arif adını vermiş və bu ad onun həyatının sanki rəmzinə və həqiqətinə çevrilmişdi.

Maraqlıdır ki, Arif Heydərov da atası kimi əmək fəaliyyətinə neft mədənində başlamış, Əzizbəyov adına neft trestində çilingər işləmişdi. 1941-1945-ci illər müharibəsi başlayanda Arif Heydərovun cəmi 15 yaşı olub. İki il sonra, yəni 1943-cü ildə Moskvaya, DTK məktəbinə oxumağa göndərilib. Nümunəvi kursant 1944-cü ildə həmin məktəbi bitirərək zabit rütbəsi alıb. Sonra könüllü olaraq dərhal cəbhəyə yola düşüb.

Generalın oğlu Murad Heydərov atası haqqında vaxtilə böyüklərdən eşitdiyi maraqlı xatirə danışır: “Ümumiyyətlə, onun cəbhəyə getməsinin qeyri-adi tarixçəsi var. O, bir müddət israrla könüllü olaraq cəbhədə olmaq istəyib. Nəhayət, istəyinə nail olub. Lakin bunu Bakıdakı valideynlərindən gizlətmək üçün əvvəlcədən 10 məktub yazıb tələbə yoldaşına verib ki, mən gedəndən sonra hər həftə bunlardan birini bizimkilərə yollayarsan. Və bir müddət belə də olub”.

Günlərin birində Nəzər kişi Moskvada olarkən oğluna baş çəkməyə gəlir. Lakin bildirirlər ki, Arif xeyli vaxtdır cəbhədə döyüşür. Ata isə oğlundan mütəmadi məktublar aldığını söyləyir. Bu məqamda Arifin məktublarını Bakıya yola salan dostu sirri açır...

O zaman bacarıqlı kəşfiyyatçı Moskva məktəbini keçdiyindən öz bilik və səriştəsi ilə çox fərqlənirdi. Müharibəyə Polşa ərazisində - Birinci Ukrayna Cəbhəsinin tərkibindəki əməliyyat qrupunun üzvü kimi qoşulmuşdu. Qələbəyədək burada döyüşüb. Reyxstaqda imzasını qoyub və 1945-ci il mayın 9-dan 1946-cı il sentyabrın 15-dək Almaniyadakı sovet hərbi kontingentinin Leypsiq dairə şöbəsində operativ əməliyyat qrupunun əməkdaşı olub.

Bəlkə müharibə veteranlarına böyük rəğbət bəsləməsi də özünün hərb şəraiti görməsindən irəli gəlirdi. O, marşal G.K.Jukovla görüşündən maraqlı əhvalatlar danışırdı... Marşal Berlinə hücum zamanı qoşun hissələrini gəzər, hətta ön cəbhəyə getməkdən də çəkinməzdi. Bu hissələrdən birində operativ vəziyyət haqqında kiçik leytenant Arif Heydərov ona məruzə etmişdi. O zaman gənc hərbçinin 18 yaşı var idi...

1947-ci ilə qədər Arif Heydərov yenə də Şərqi Almaniya Dövlət Təhlükəsizliyi Nazirliyi aparatının Saksoniya əyalətindəki əməliyyat bölməsində çalışır. 1947-ci ildə vətənə qayıdır. Həmin vaxtdan başlayaraq 20 il dövlət təhlükəsizliyi orqanlarında müxtəlif rəhbər vəzifələrdə işləyir.

Bu, çətin bir dövr idi. Könlündən təhlükəsizlik orqanlarında işləmək keçənlərin mində birini buraya göndərmirdilər. Yəni həmin orqanlarda işləmək üçün kadrları çox ciddi surətdə yoxlayıb seçirdilər. Bu da bir həqiqət idi ki, həmin sahədə heç də hər kəs işləyə bilməzdi.

Bununla belə, Azərbaycan gənclərinin çox istedadlı və yüksək keyfiyyətlərə malik bir dəstəsi çətin yollardan keçib xalqına xidmət üçün təhlükəsizlik orqanlarında layiqli vəzifələr tuta bildilər. Onlardan biri də məhz Arif Heydərov idi.

General A.Heydərov tale tərəfindən ona ayrılmış 52 illik ömrünün yarısını məhz kəşfiyyat işinə həsr etdi. Bu çox çətin, eyni zamanda şərəfli peşədə o, daim çarpışmalarda olmuş, təhlükələrlə üz-üzə gəlmiş, yuxusuz gecələr, həyəcanlı anlar, narahat günlər yaşamışdır. Ümumiyyətlə, bu fədakar insan ömrü boyu ləyaqətli və qorxu-hürkü bilməyən döyüşçü kimi fərqlənmiş, həyatı, sözün həqiqi mənasında, mübarizələrdə olmuşdur. Bu işdə ona digər keyfiyyətləri ilə yanaşı, saf əqidəsi də etibarlı dəstəkçi idi.

Şərəfli kəşfiyyatçı, diplomat adını doğrultmaq, aldığı tapşırıqları yerinə yetirmək üçün bir-birindən məsul və mürəkkəb əməliyyatlara rəhbərlik etmişdir. Vaxtilə onunla çiyin-çiyinə çalışmış peşəkar kəşfiyyatçılar yazırlar ki, Arif Nəzər oğlu analitik zəkaya, hərtərəfli dərin biliyə malik bir insan idi, hər cür mürəkkəb, dəyişkən siyasi və operativ şəraitdə düzgün istiqamət götürməyi, ən ağlabatan qərar qəbul etməyi bacarırdı və bunun sayəsində hər hansı kəşfiyyat işinin uğurla başa çatdırılmasına müvəffəq olurdu. O deyirdi ki, kəşfiyyatçı çox incə, məsul və hər zaman siyasi bir işdir. Gərək hər məqamda müqabil tərəfin niyyətini dəqiq müəyyən edəsən və yalnız bundan sonra hansı əks-tədbir görmək lazım olduğunu müəyyənləşdirəsən.

DTK-da partiya komitəsinin katibi işlədiyi zaman onun ən ali insani keyfiyyətləri də üzə çıxır. O, hamının xahişini nəzərə alır, yerinə yetirməyə çalışırdı.

Arif Heydərov doğma Azərbaycan dilini mükəmməl bilməklə yanaşı, rus, alman, ingilis, türk və fars dillərini də dərindən öyrənmişdi. Məsul əməliyyatlar üçün xarici ölkələrə ezam olunanda bu da onun çox köməyinə gəlirdi. Peşəkar kəşfiyyatçı Almaniyada və Türkiyədə çətin, operativ-diplomatik xidmətdə olmuşdu.

İxtisasca tarixçi idi. Tarixi, o cümlədən öz xalqının tarixini gözəl bilirdi. Azərbaycanı əsl övlad məhəbbəti, vətəndaş qeyrəti ilə sevirdi. Sovet dönəmində ermənilərin azərbaycanlılarla “dost” olduğu addımbaşı təlqin edilsə də, Arif Heydərov xalqının dostlarını da, düşmənlərini də yaxşı tanıyırdı.

Müasirləri danışırlar ki, ötən əsrin 70-ci illərində Ermənistanın İcevan rayonunda müşavirə keçirilir. Tədbirin ziyafət hissəsini İcevan rayon partiya komitəsinin sinəsində deputat nişanı gəzdirən birinci katibi idarə edirdi. Bu həmin vaxt idi ki, ermənilər Yerevan şəhərinin 1750 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşırdılar. Qısası, cavan katib sağlıq deyir və sözünün canı bu olur ki, Cənubi Qafqazda ən qədim şəhər Yerevandır, ən bacarıqlı və vətənpərvər insanlar isə ermənilərdir. Natiq dostluq şərəfinə badə qaldırmağı təklif edir. Bu zaman general Heydərov badəsini yerə qoyur və deyir ki, mən sizin dediyiniz sağlığa içməyəcəyəm. Çünki siz tarixi yaxşı bilmirsiniz. İş burasındadır ki, bu yaxınlarda biz Bakının 10 min illiyini qeyd edəcəyik.

Erməni katib tarixçi olduğunu söyləyir, Heydərov isə rişxəndlə gülərək deyir: “Biz də sizin kimi bir daşın üzərinə tarix yazıb Xəzər dənizinə tullamışıq, bu yaxınlarda çıxarıb yeni bir tarix icad edəcəyik”.

Ziyafətdə iştirak edən Ermənistan, eləcə də Gürcüstan nümayəndələri azərbaycanlı nazirə təsir edə bilmirlər və erməni katib ondan dönə-dönə üzr istəyir.

Bir sözlə, Arif Heydərov öz vətənpərvərliyi ilə hamıya nümunə idi.

Hələ on il bundan əvvəl anadan olmasının 80 illiyi münasibətilə nəşr olunmuş “General Arif Heydərov” kitabındakı aşağıdakı sətirlər bu görkəmli dövlət xadiminin keçdiyi həyat yoluna bir daha işıq tutur. “...Neft mədənlərindən əmək yoluna başlayıb DTK-ya, diplomatlığa, nəhayət, DİN rəhbərliyinə gəlmişdir. Məncə, oğul Heydərov həyatdakı bütün qazanclarına görə ilk tərbiyəçisi atasına, həyat universiteti - DTK-ya və heç şübhəsiz, öz ağlına, istedadına, bacarığına borcluydu. 25 ildən artıq təhlükəsizlik sistemində çalışan Arif müəllimi xalqımızın bütün dövrlər üçün müdrik oğlu olan Heydər Əliyev Daxili İşlər Nazirliyinə tövsiyə edəndə uzaqgörən addım atmışdı. O, 8 il bu vəzifədə çalışdı, SSRİ daxili işlər nazirləri arasında ən nüfuzlu, ən cavan və ən yüksək rütbəli (general-leytenant) rəhbər oldu. O dövrdə A.Heydərovun fitri istedadı sayəsində kadrların seçilməsi və onlara qarşı yüksək diqqət və tələbkarlıq, mənəvi, əxlaqi, vicdani paklıq yeni nazirin iş üsulunun mayasını təşkil etdi, əməkdaşların peşə hazırlığı, DİN orqanlarında siyasi-tərbiyə işləri, intellektual səviyyə, mədəni davranış qaydaları yüksəldi, rüşvətə, korrupsiyaya, səhlənkarlıq və biganəliyə qarşı aparatın özündəcə mübarizə cəbhəsi yaradıldı, son nəticədə ölkədə qanunçuluq möhkəmləndirildi, adamların hüquqlarının qorunması sahəsində neqativ hallar ləğv edilərək ədalətin zəfər çalmasına meydan açıldı”.

Nazir təyin olunarkən Arif Heydərov dövlət təhlükəsizliyi sistemində işləyirdi və o vaxt Türkiyədə sovet səfirliyində baş konsul kimi çox mühüm postda idi. Dövlət təhlükəsizliyi orqanında işlədiyindən güclü əməliyyatçı idi. Daxili işlər orqanlarında əsas vəzifə əməliyyat işi olduğundan Arif müəllim üçün burada işləmək problem deyildi. Sahəni bilirdi və əməliyyat işinin içində bərkimişdi. Odur ki, nazir kimi fəaliyyətə başlayanda artıq hiss edilirdi ki, o, çox bacarıqlı və uzaqgörən rəhbərdir.

Arif Nəzər oğlu Daxili İşlər Nazirliyinə Azərbaycanın ictimai-siyasi həyatının çətin dövründə rəhbərlik etməyə başlamışdı - respublikada cinayət halları çoxalmış, təşkilatlanmış kriminal qurumlar özünə möhkəm yer etmişdi. Heydərov öz gəlişi ilə nazirliyə təzə ab-hava, zəngin fikirlər gətirmişdi. Onun istər nazirliyin kollegiya üzvləri və əməkdaşları, istərsə də ümumiyyətlə, respublikanın daxili işlər orqanları işçiləri arasında hörməti getdikcə artırdı, fəaliyyət dairəsi genişlənirdi.

Nazir bildikləri, öyrəndikləri ilə heç vaxt kifayətlənmirdi, elmə böyük marağı vardı. Bu maraq işdə də özünü göstərirdi. O, nazirlikdə də işləri elmi əsaslarla qurmağa çalışırdı. Birinci növbədə də cavanları Omsk, Karaqanda, Rostov məktəblərinə, Moskvadakı akademiyaya oxumağa göndərməklə şəxsən məşğul olurdu. O zaman Daxili İşlər Nazirliyinin Akademiyasının rəisi general-polkovnik S.M.Krılov idi. Özü çox dərrakəli, bilikli insan olan bu alim Arif Heydərovu yüksək dəyərləndirir, ona həmişə hörmət və məhəbbətlə müraciət edirdi. Hamıya söyləyərdi ki, bilmirəm nə qədər yaşayacağam, ancaq taleyimdən razıyam ki, Arif Nəzər oğlu kimi bir zəka titanı ilə rastlaşmışam.

O zaman bəzən gözlənilməz hadisələr də baş verirdi - bir də görürdün kimsə könüllü olaraq orqanlardan çıxıb gedir. Bunlar o kəslər idi ki, mənəviyyatlarının, əqidələrinin nazirin tələbləri ilə uzlaşmadığını görürdü. Arif Heydərovun nazir olduğu dövrdə bütün mexanizm ahəngdar işləyirdi. Artıq daxili işlər orqanlarında qanun, obyektivlik, konkretlik, dəqiqlik, dərin təhlil hökm sürürdü. Bütün ağır işləri, dolaşıq məsələlərin həllini nazir öz nəzarətində saxlayır, iş vaxtı ilə hesablaşmadan gecəli-gündüzlü çalışırdı.

Həmin illərdə respublikada cinayətkarlığın qarşısının alınması sahəsində böyük işlər aparılırdı. Cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Respublikası ovaxtkı ittifaqda, müttəfiq respublikalar arasında ən yüksək göstəricilərə nail olduğu üçün SSRİ Nazirlər Soveti tərəfindən A.Heydərov general-leytenant hərbi rütbəsinə layiq görülmüşdü. O vaxt müttəfiq respublikaların nazirləri içərisində yalnız Arif Heydərov Sov.İKP qurultayına nümayəndə seçilmişdi. Bu, Azərbaycanın tarixində görünməmiş hadisə idi. Bundan başqa, o, Azərbaycan KP MK-nın üzvü, respublika Ali Sovetinin deputatı, Azərbaycan KP qurultaylarının nümayəndəsi olmuşdur. Və Heydərov bütün bu şan-şöhrətdən əsla qürrələnmirdi. Özünə qarşı daim tələbkar idi, nizam-intizama ciddi riayət edir, tabeliyində olanlarda da məhz bu xüsusiyyətləri görmək istəyirdi. Bununla belə, dostluqda və yoldaşlıqda çox sədaqətli, diqqətcil, həssas idi. Arif Heydərovu tanıyanlar, yəni onunla birlikdə çalışmış və ünsiyyətdə olmuş indiki yaşlı və orta nəslin nümayəndələri bütün bunları yaxşı xatırlayır, minnətdarlıqla yada salırlar.

Bir daha vurğulayaq ki, ulu öndər Heydər Əliyev və Arif Heydərov dostluğunun bünövrəsində də onların hər ikisinə məxsus olan yüksək insani keyfiyyətlər dururdu. Bu barədə ulu öndər belə demişdir: “Mən Arif Heydərovla 1950-ci ildə Azərbaycana, Bakıya işə gələndən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə yaxınlığa çevrildi. O zamanlardan Arif Heydərovun həyatının son dəqiqələrinə qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi dostluğum olubdur. Bunun da əsası var. Əsası da ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm. Arif Heydərovun mənəvi dəyərləri, mənəviyyatı hər şeydən üstün tutması, sadəliyi, işgüzarlığı, öz üzərində daim çalışması, özünü təkmilləşdirməsi, işə sağlam münasibəti, sağlam əxlaqı - bunların hamısı birlikdə mənim tələblərimə uyğun olduğuna görə mənimlə onun arasında şəxsi münasibətlər yaranmışdı”.

General Arif Heydərov sözün əsl mənasında ziyalı idi. Hərtərəfli biliyi, yüksək mədəniyyəti ilə fərqlənirdi. İxtisası və çalışdığı sahələr ədəbiyyatdan uzaq olsa da, nəsri və poeziyanı çox sevirdi. Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir poeziyasından tez-tez misallar gətirərdi. Bir çox xarici dilləri bilməsi onun dünya ədəbiyyatı klassiklərinə marağını daha da artırırdı. Hafizin, Getenin, Şillerin və başqalarının yaradıcılığına yaxından bələd idi.

Danışırlar ki, hökumət nümayəndə heyətinin tərkibində Almaniyada olarkən ziyafətlərin birində A.Heydərov sağlıq deməli olub. Sözlərinin təsirindən iştirakçıların gözü yaşarıb. Səfərdə iştirak edən SSRİ nazirlərindən biri soruşub ki, Heydərovun dediyi nə idi belə?! Nitqin məzmununu ona rus dilində qısaca çatdırıblar.

Arif Heydərov deyibmiş ki, mən müharibə dövründə sizin ölkənizdə olmuşam. Biz özümüzü heç zaman işğalçı kimi aparmırdıq. Şəxsən mən alman uşaqlarını soyuqdan qorumaq, yedizdirmək üçün öz rahatlığımdan keçmişəm. Yaşlıların imdadına yetişmişəm, ailələrə kömək əlimi uzatmışam. Biz faşistlərə qarşı, ancaq alman xalqını bu bəladan qurtarmaq üçün müharibə aparırdıq. İttifaq naziri təəccübünü gizlədə bilməyərək “bax nazir belə olar” deyib.

Bu bir həqiqətdir ki, A.Heydərov keçmiş SSRİ-nin ən nüfuzlu nazirlərindən biri idi.

Ankarada hökumət nümayəndə heyətinin şərəfinə ziyafətdə isə bir nəfər onun həyat yoldaşına, Ədilə xanıma yaxınlaşıb soruşur: “Sizin ərinizin ixtisası nədir?” Qısaca “tarixçidir” cavabını alandan sonra isə deyir: “Mənə elə gəldi ki, o, fizikdir, ədibdir, musiqiçidir, kosmosu da əla bilir, Yuri Qaqarinlə sanki səmaya da uçub”.

Arif müəllim bütün bunlarla yanaşı, gözəl ailə başçısı, övladlarını böyük məhəbbətlə sevən ata və valideynlərinə dərin hörmət bəsləyən, qayğı göstərən oğul idi.

Xaricdə işləyərkən bir gün axşamdan xeyli keçmiş şəhərlərarası telefonla anası ona Bakıdan zəng vurur. Səs pis eşidilsə də, köməkçisi başa düşür ki, Arifin atası ağır xəstələnib, o, tezliklə Bakıya uçmalıdır.

Səhər tezdən onu Sofiyadan gedən birinci reyslə Bakıya yola salırlar. O, atası ilə görüşməyə və vidalaşmağa imkan tapır. Bu, ona çox təskinlik verir. Doğrudur, Arif müəllim atasının yas məclislərində mütəmadi iştirak edə bilməmişdi, nə etməli, vəziyyət belə tələb edirdi... Yalnız burada onun vəfalı dostları, ən başlıcası Heydər Əliyev vardı!

Anasının da dünyadan köçməsi nisgilli olmuşdu. Arif respublikanın daxili işlər naziri olan vaxtda Rəxşəndə xanımı Arif müəllimin yaşadığı evin yaxınlığında avtobus vurmuşdu. O, həmin xəsarətdən sonra dünyasını dəyişmişdi. A.Heydərov sürücünü tutulmağa qoymamışdı. Demişdi ki, əvvəla, burada heç bir sui-qəsd olmayıb, sonrası da axı sürücünün böyük külfəti var, qoy gedib balalarını dolandırsın.

Ömür-gün yoldaşı Ədilə xanım Heydərova həyatının son günlərinədək onun haqqında keçmiş zamanda danışa bilmirdi. Belə bir insanın vaxtsız ölümü ailəni mənəvi sıxıntıya salmışdı. Ədilə xanım övladlarıyla təsəlli tapır, işdən, ictimai fəaliyyətindən soyumurdu. O, Azərbaycanın əməkdar müəllimi, ölkənin maarif əlaçısı idi.

Arif müəllimin insan təbiətində qiymətləndirdiyi yüksək keyfiyyətlərdən biri xeyirxahlıq idi. Deyirlər ki, nazir olanda hətta kiminsə işdən çıxarılması haqqında əmrə qol çəkərkən son məqamda soruşurmuş: “Bunun neçə uşağı var?”

Zərif cinsin nümayəndələrinə, analara xüsusi ehtiram bəsləyərmiş. Övlad böyüdən qadınlara kömək edərmiş. Həmişə az qala filosofcasına fikirləşərdi ki, insan ali məxluqdur, bəs onun daxilində şər, qara qüvvələr, bəd xislət haradan və necə yaranır? Elə bu bəşəri suala cavab axtara-axtara bir çox mürəkkəb məsələləri həll etməyə qadir olan kəşfiyyatçı, diplomat, nazir, general A.Heydərov varlığına şeytan girmiş bir vəhşinin əli ilə qətlə yetirildi... 1978-ci il iyunun 29-da... Ad gününün sabahı...

Kim bilir, bu qədər qorxmaz və cəsarətli olmasaydı, ehtiyatlı olsaydı, bəlkə son taleyi də belə olmazdı. Heç vaxt can qoruyucusu, mühafizəçi saxlamazdı. Bakının küçələrində, parkda, bulvarda tək gəzməkdən ehtiyat etməzdi. Rayonlarda olanda da icazə verməzdi ki, onu cangüdən, yaxud kimsə müşayiət etsin...

Generalın sağlığında xidmətləri yüksək qiymətləndirilmiş, qazandığı rütbələrdən əlavə “Qırmızı bayraq”, “Şərəf nişanı” ordenləri, SSRİ-nin və bir sıra xarici ölkələrin medalları ilə təltif olunmuşdu. Ən böyük mükafatı isə xalqın sevgisi idi.

Görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun anadan olmasından 90 il ötür. Hələ də yaşaya bilərdi. Çox sevdiyi Azərbaycanın müstəqilliyini görə və çox işlərdə vətəninə, dövlətinə gərəkli ola bilərdi. Bu gün Bakıda Arif Heydərovun adına küçə və məktəb, Xəzər gəmiçiliyində tanker var. Lakin onun adını əbədiləşdirən təkcə bu deyil. Vaxtilə çalışdığı sahələrdə onun çoxlu ardıcılları, yetirmələri var. Gəncliyində Arif Heydərov nümunəsi görmüş bir çox zabitlər indi özləri yüksək rütbələrə çatıblar və xalqa bu örnəyə uyğun olaraq xidmət edirlər.

İradə ƏLİYEVA,

Azərbaycan.- 2016.- 25 iyun.- S.7.