Oğul düşmən sipəridir, bu yolda o, şəhidlik zirvəsinə də ucala bilər

 

İllər ötdükcə, nəsillər dəyişdikcə insanlar tədricən unudulur. Lakin o kəslər unudulmurlar ki, onlar şəhidlik zirvəsinə ucalırlar. Necə ki, Milli Ordumuzun zabiti, kapitan İnqilab Quliyevbu xoşbəxtliyə nail oldu. Canı qədər sevdiyi müqəddəs torpaqlarımızın azadlığı üçün qorxmadan, gözünü qırpmadan düşmənin üstünə şığıdı və “Vətən sağ olsundeyib ölümün gözünə dik baxdı. Neçə erməni hərbçisini məhv etdikdən sonra şəhid oldu.

- Sonuncu dəfə mart ayının sonlarında gəlmişdi evinə. İki azyaşlı övladı var idi. Xeyli söhbətdən sonra üzünü mənə tutub dedi ki, son vaxtlar düşmən təmas xəttində fəallaşıb. Tez-tez hücumlar edir. Söz yox ki, atılan hər güllənin cavabını layiqincə veririk. Ali Baş Komandanın  əmrini gözləyirik. Belə bir əmr olsa, işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırıq.

Atası Çingiz kişi çox nikbin adamdır. Dedi ki, mən də, anası da təskinliyimizi oğlumuzun şəhidlik zirvəsinə ucalması ilə tapırıq. Çünki şəhidlər Yaradanın, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Belə insanların yüksək əxlaqi keyfiyyəti, qəlblərində Allaha, vətənə, millətə sevgisi olur.

Belə bir deyim var: Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz. Azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər zaman kölə kimi yaşayar. İnqilab da vətəni canı qədər sevən, onun hər qarış torpağı üçün ölməyə hazır olan başqa igidlərimiz kimi idi. Cəmi 33 yaşı vardı. Hərbin sirlərinə mükəmməl yiyələnmişdi. Lakin aprelin əvvəllərində qoşunların təmas xəttində, Tərtər istiqamətində ermənilərin hücumunun qarşısını alarkən igidliklə şəhid oldu. Onun cənazəsi Gəncəyə gətirilərək şəhərdəki Şəhidlər xiyabanında böyük izdihamla dəfn edildi. Mərasimdə igid zabitin doğmaları ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndələri, Gəncə şəhər rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Dəfn mərasimində onun döyüş yoldaşları dedilər ki, İnqilab Quliyeviniştirak etdiyi uğurlu əməliyyat nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi düşməndən azad edildi.

Şəhid İnqilab Quliyevin atası Çingiz Quliyev oğlunun ailəsinə göstərilən qayğını yüksək qiymətləndirərək dedi ki, var olsun dövlətimiz. Oğlumun adı əbədiləşdirilib. Şəhərdəki küçələrdən birinə onun adı verulib. Ölümündən sonra  “İgidliyə görə” medalı ilə təltif edilib. Bu günlərdə isə ailəsinə yaşayış üçün lazım olan avadanlıqlarla təmin edilmiş üçotaqlı mənzil verilib. Dövlət başçısı İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq edən şəhid atası onu da vurğuladı ki, nə qədər ki torpaqlarımız erməni tapdağı altındadır, biz rahat ola bilmərik. Lazım gəlsə, mən də düşmənə qarşı döyüşməyə, bu yolda şəhid olmağa hazıram. Təki torpaqlarımız azad edilsin. Onda şəhid övladlarımızın ruhu da rahatlıq tapar.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2016.- 26 iyun.- S.10.