“Eurovision”dan “İslamiada”yadək

“Formula-1” bu silsilədə estafeti uğurla davam etdirdi

 

Hər bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən əsası onun malik olduğu beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzulu tədbirləri keçirilib. Onlara müxtəlif mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək olar. Bu, ondan xəbər verir ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır.

 

İdeal təşkilatçılıq və evsahibliyi

 

Son illər çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə evsahibliyi edib. Belə ki, bu evsahibliyinə və ideal təşkilatçılığa başqa ölkələr ancaq həsəd apara bilərlər. Belə tədbirlərdən biri Avropanın və dünyanın yaxından izlədiyi “Eurovision” mahnı müsabiqəsi idi. Bu müsabiqə ilə Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqvərvərliyini, zəngin mədəniyyətini gördü. Bütövlükdə bu müsabiqə Azərbaycanı beynəlxalq aləmə daha yaxından tanıtdı. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın yüksək səviyyədə evsahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Ölkəmizin Avropanın ən nüfuzlu mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən əsas qurumdur. Fondun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb.

Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakı 2008-ci ildən başlayır. Həmin ildən Azərbaycan təmsilçiləri qatıldıqları bütün yarışmaların hər birini uğurla başa vurublar. 2011-ci ildə isə Azərbaycan təmsilçiləri birinci yeri tutmaqla “Eurovision”u ölkəmizə gətirdilər. O zaman qarşıda duran ən vacib məsələ müsabiqəyə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirmək idi. Elə buna görə də 2011-ci ildə yarışmanın başa çatmasından bir neçə gün sonra Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın müsabiqədə iştirakının təşəbbüskarı Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsi tərəfindən bir ildə hazırlıq işləri ən yüksək səviyyədə həyata keçirildi. Eyni zamanda müsabiqənin keçirildiyi “Baku Crystal Hall”un tikintisi vaxtında başa çatdırıldı. Beləliklə, son illər çoxsaylı siyasi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan bütün dünyanın yaxından izlədiyi “Eurovision-2012” mahnı müsabiqəsinə də evsahibliyini layiqincə etdi.

Bu yarışmanın yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə növbəti töhfə və dəstək oldu. Həmin günlərdə bütün dünya Azərbaycandan danışdı, Bakıdan yazdı. Paytaxtımıza təşrif buyuran xarici vətəndaşlar, turistlər Azərbaycandakı inkişafı gözləri ilə gördülər, ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdilər. Əcnəbilər təkcə bu mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və azərbaycanlıların səmimi qonaqpərvərliyinin şahidi oldular. Bu mənada “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanın inkişafının və turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisəyə çevrildi. Digər tərəfdən, bu müsabiqəyə yüksək səviyyədə evsahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

 

I Avropa Oyunları Azərbaycanın möhtəşəm beynəlxalq uğuru idi

 

Müsabiqənin keçirildiyi 2012-ci il Azərbaycanda “İdman ili” idi. Həmin ilin sonlarına doğru İtaliyanın paytaxtı Romadan gələn bir xəbər “İdman ili”nə özünün möhtəşəm möhürünü vurdu. Belə ki, Azərbaycanda idmanın inkişafının, ölkəmizin beynəlxalq Olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. AOK-un qərarı tarixi hadisə və ölkəmizin böyük uğuru idi. Bu qərarın qəbul edilməsində ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurlar, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və s. bu kimi dünyanın diqqətini çəkən məsələlər rol oynamışdı.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına evsahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyırdı. Əlbəttə, qarşıda duran ən vacib vəzifə hazırlıq işlərinin vaxtında başa çatdırılması və yarışların ən yüksək səviyyədə keçirilməsi idi. Yay olimpiya oyunları üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq işlərinə cəmi iki il vaxtı vardı. Bu müddət yay olimpiya oyunları səviyyəsində olan bir idman yarışmasının təşkili üçün yetərli deyildi. Bundan başqa, yay olimpiya oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi demək olar ki, hər bir sahə üzrə göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü.

Lakin Azərbaycan iki il yarım vaxt ərzində ən mükəmməl hazırlıq işlərini həyata keçirdi və Avropaya öhdəliyə əməl etməyin yeni nümunəsini göstərdi. Hazırlıq işlərinə başlanandan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi I Avropa Oyunlarının Təşkilat Komitəsi əzmkar, yorulmaz və gərgin fəaliyyəti ilə bu idman müsabiqəsinin qüsursuz keçirilməsi üçün əlindən gələn hər bir şeyi etdi. Müddətin az olmasına baxmayaraq, komitə bütün işləri ən yüksək səviyyədə başa vurdu. Həmin dövrdə Bakıda 5 yeni və möhtəşəm idman qurğusu inşa edildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Veloparkdır. Yarışların keçiriləcəyi digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. Atletlər və Media kəndləri bütün xarici qonaqları heyran etdi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olan Azərbaycanın uğurlu inkişafının göstəricisi idi. Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi vaxtında başa çatdırdı.

Beləliklə, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Bakıya gələn hər bir xarici qonaq xalqımızı daha yaxından tanıdı, öyrəndi və təbii ki, bu, ölkəmizlə bağlı onların təəssüratlarının düzgün formalaşmasına imkan verir. Bu baxımdan I Oyunların Bakıda keçirilməsi həm də ölkəmizin dünyada təbliği və növbəti möhtəşəm beynəlxalq uğuru oldu. Oyunların ideal təşkili bütün Avropada etiraf olundu.

Bununla yanaşı, I Avropa Oyunları Azərbaycanın gələcəkdə də mötəbər və daha böyük idman yarışlarına evsahibliyi etmək imkanlarını yüksəltdi. Belə ki, Oyunların keçirilməsində əldə etdiyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara evsahibliyi etməyimizə şərait yaradır. Ən əsası, Azərbaycanın yay olimpiya oyunlarına təşkilatçılıq etmək şansları yüksəlib. Məlum olduğu kimi, olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün iki dəfə Bakının namizədliyi irəli sürülüb. Bu mənada I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi gələcəkdə yay olimpiya oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradır. Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatlığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. I Avropa Oyunlarından sonra isə bu narahatlıq tamamilə aradan qalxıb.

 

Bakı bu dəfə Avropanın sürət paytaxtı oldu

 

I Avropa Oyunları göstərdi ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, bu istiqamətdə maddi-texniki bazanın möhkəmləndirilməsi, tikilmiş müasir kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illər mötəbər beynəlxalq yarışların keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. İyunun 17-19-da Bakıda keçirilən “Formula-1” yarışlarının Avropa Qran-prisi bunu bir daha təsdiq etdi. “Formula-1” yarışlarına evsahibliyi edən Bakı bu dəfə Avropanın sürət paytaxtına çevrildi.

“Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və digər detalları istifadə edir.

Builki “Formula-1” Qran-pri yarışlarına mart ayında Melburn şəhərində start verilib. Pilotlar və komandalar noyabr ayına qədər 21 yarış mərhələsi keçməlidirlər. Son yarış noyabrın 25-27-də Əbu-Dabidə baş tutacaq. “Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi Avropa Qran-prisi adlandırılıb.

Bakı “Formula-1” yarışlarının ən yeni ünvanı idi. Çünki indiyədək Bakıda bu yarış keçirilməmişdi. Bu mənada xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminə ən yeni əlavədir. Bakı Şəhər Halqasının, trekin uzunluğu 6 kilometrdən bir qədər artıq idi. Bu trek uzunluğuna görə dünyada ikincidir. Bakı Şəhər Halqası paytaxtımızın tam mərkəzindən və ən gözəl məkanlarından keçirdi. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bunu qarşıya məqsəd qoymuşdular.

Unikal xüsusiyyətlərə malik Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trek idi. Bu yarışda bütün dünya bir daha paytaxımızın gözəlliyini gördü. Bakının mərkəzində gözəllik, sürət və həyəcan bir araya gələrək “Formula-1” yarışının mahiyyətini tam simvolizə etdi.

 

Azərbaycanın islam həmrəyliyinə növbəti töhfəsi

 

Gələn il isə Azərbaycan növbəti beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Bununla bağlı qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə qəbul olunub. İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Oyunların təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası nəzarət edir. Bu Oyunlar qısa müddət ərzində böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin diqqəti çəkən mühüm özəlliyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən dünyanın yeganə ölkəsidir. Məlum olduğu kimi, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan son illər sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun baş tutduğu əsas mərkəzə çevrilib. Azərbaycanda əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların və dinlərin nümayəndələri bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Ona görə tarixən Azərbaycanda tolerant dəyərlər mövcud olmuş və əsrlərdən keçərək daha da möhkəmlənmişdir. Həm coğrafi kəsişmədə yerləşməsi, həm də mədəni müxtəliflik Azərbaycanda multikultural dəyərlərin formalaşmasına yol açıb. Bu gün multikulturalizm müasir və müstəqil Azərbaycan dövlətinin milli zənginliyinin, tolerantlığının əsas göstəricilərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz indi keçirdiyi tədbirlərlə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqları təşkil etməklə bəşəriyyətdə multikultural dəyərlərin möhkəmlənməsinə layiqli töhfələr verir.

Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin də bir rəmzi mənası var. Çünki I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də özündə simvolizə edəcək. 2013-cü ilin sentyabrında İndoneziyanın Palembanq şəhərində ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib. Müraciətdə bu barədə deyilir: “Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir”.

Ölkəmiz İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə multikulturalizm və sivilizasiyalararası dialoq məkanı olduğunu nümayiş etdirəcək. Eyni zamanda, bu mötəbər yarışın Azərbaycanda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirəcək, beynəlxalq idman aləmində nüfuzunu daha da artıracaq, ölkələr arasında idman əlaqələrini genişləndirəcək.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 30 iyun.- S.7.