Pakistanlı general: Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa böyük önəm veririk

 

Pakistan Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa böyük önəm verir.

Bu fikir martın 2-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində hər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Nazir qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə möhkəm zəmin yaratdığını söyləyib. O, qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

General Rəşad Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zalları, həmçinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

Azərbaycan 2016.- 3 mart.- S. 7.