Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq müzakirə edilib

 

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramil Usubov strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu qeyd edib. Nazir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini, Pakistanın müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

Ramil Usubov qonağa ölkəmizdə mövcud kriminogen durum barədə məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Nazir cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb.

Dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsində beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıqla, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində əməkdaşlığa dair imzalanmış hökumətlərarası iki sazişin əhəmiyyətini vurğulayıb. Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən Ramil Usubov 2012-ci ilin noyabrında İslamabadda keçirilmiş “Narkotiklərlə mübarizə üzrə strategiyalar” adlı regional konfransda iştirakını, Pakistanın rəsmi şəxsləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini məmnunluqla xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveriqanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd edilib.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən general Rəşad Mahmud dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu önə çəkib. O, xüsusilə son iki ildə bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.

Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, dini ekstremizmə qarşı birgə mübarizənin zəruriliyini nəzərə çatdıran general Rəşad Mahmud hər iki tərəfdən müsbət təcrübənin öyrənilərək tətbiq olunmasının, Azərbaycan ilə Pakistan arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan 2016.- 3 mart.- S. 7.