Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi

 

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfrans

 

Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.

Prezident İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə il ərzində çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri bu günlərdə Qəbələdə keçirilən “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans idi. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfransda ölkəmizdə multikultural dəyərlərin inkişafı və təbliği ilə bağlı müzakirələr aparıldı.

Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, multikulturalizmi dövlət siyasətinin prioriteti kimi təsbit edən ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.

 Konfransın moderatoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV açılış nitqi ilə çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar Şurası, “Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfransda hamınızı salamlayıram.

Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilib.

Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Lakin Azərbaycanda əsrlər boyu bu dəyər, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması ənənəsi mövcud olsa da, cəmiyyətin multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.

Təsadüfi deyildir ki, ulu öndərimizin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi siyasi fəaliyyəti layiqincə davam etdirən Prezident İlham Əliyev ənənəvi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

Azərbaycan artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun böyük əməyini də xüsusi qeyd etməliyik. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Heydər Əliyev Fondu fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış mükəmməl ənənəyə töhfələrini verməkdədir.

Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqət və qayğının birbaşa təzahürü sayıla bilər.

Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Lakin Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı il ərzində müxtəlif tədbirlər həyata keçiriləcək. Bugünkü konfrans formatında ilk tədbiri isə Qəbələdə keçiririk. Bu konfransın Qəbələdə təşkil olunmasının rəmzi mənası var. Çünki Qəbələ ölkənin əsas çoxetnoslu rayonlarından biridir. Sakinlərinin təxminən 20 faizi ayrı-ayrı xalqların təmsilçiləridir. Bu mənada rayonun səfalı, füsunkar təbiəti ilə yanaşı, onu səciyyələndirən başlıca amillərdən biri də burada müxtəlif etnosların tarixən məskunlaşmasıdır. Qədimdən burada yaşayan bütün xalqları vahid maraqlar birləşdirib. Onlar tarix boyu düşmənə qarşı birgə mübarizə aparıblar. Bu gün isə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı həmin xalqların əsas maraqlarıdır. Qəbələdə bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar rəhbər vəzifələrdə, yerli özünüidarətemə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ilə seçilirlər.

Qəbələnin etno-siyasi mənzərəsində və buradakı xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasında Azərbaycan multikulturalizminin nümunəsi aydın görünür. Təbii ki, bütün bunlar barədə konfransda çıxış edənlər tərəfindən ətraflı söz açılacaq və digər aktual məsələlərə toxunulacaq. Beləliklə, konfransı açıq elan edirəm.

Konfrans başlamamışdan öncə ulu öndərimiz Heydər Əliyevin abidəsi önündə bu dahi şəxsiyyətə sonsuz ehtiramımızı bildirərkən də vurğuladıq ki, Azərbaycan multikulturalizmi məhz ulu öndərimizin banisi olduğu azərbaycançılıq ideyasından, onun alternativsiz siyasi irsindən qaynaqlanır və ölkəmizdə yaşayan bütün xalqların rifahını, əmin-amanlığını birmənalı təmin edir. Heydər Əliyev birləşdirici lider kimi ölkədəki bütün etnosların vahid hədəflər uğrunda fəaliyyət birliyinə nail olmuşdur. Təsadufi deyildir ki, Heydər Əliyev irsi Azərbaycanda yaşayan bütün etnosların birləşdirici, səfərbəredici istinad mərkəzinə çevrilib. Bu mövzuda çıxış etmək üçün söz Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah HEYDƏROVa verilir.

 

Fəttah HEYDƏROV:

- Bu gün qədim Qəbələ torpağında sizlərlə bərabər çox əhəmiyyətli bir tədbirin iştirakçılarıyıq. Möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bu istiqamətdə qarşımıza mühüm vəzifələr qoyub. Bu konfransın keçirilməsi də hesab edirəm ki, bu sahədə həyata keçirilən dövlət siyasətinə, Prezidentin siyasi kursuna bizim mühüm töhfəmiz, əməli dəstəyimizdir.

Konfransın Qəbələdə baş tutması isə məncə, həm də rəmzi bir məna daşıyır. Çünki Azərbaycan mültikulturalizminə ən mükəmməl nümunə axtarsaq, Qəbələ rayonunda tarixən azərbaycanlıların, udilərin, ləzgilərin, rusların və digər etnosların dinc yanaşı, dostluq şəraitində yaşadıqlarını göstərə bilərik. Ölkəmizin hər yerində olduğu kimi, Qəbələdə də başqa millətlərə və dinlərə dözümlü munasibət, hörmət var. Qəbələ ta qədimdən bugünədək çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu, xalqların birgə yaşadıqları, müxtəlif mənəvi dəyərləri bölüşdükləri məkan olub. Burada etnik zəmində qarşıdurmalara, problemlərə heç zaman təsadüf edilməyib, heç vəchlə yol verilməyib. Rayonun hər bir kəndində, qəsəbəsində multikulturalizmin parlaq nümunələrinə rast gəlmək olar.

Qəbələ Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Hələ 2000 il öncə salnaməçilər burada yaşayışın olmasını qeyd edirdilər. 1500 il əvvəl - Qafqaz Albaniyası dövründə Qəbələ paytaxt şəhəri kimi bütün Qafqazın ən mühüm iqtisadi-siyasi mərkəzlərindən idi. Bu ulu torpağın zənginliyi yalnız onun qədim və möhtəşəm tarixi ilə, misilsiz coğrafi şəraiti ilə ölçülmür. Qəbələnin ən böyük zənginliyi onun insanlarıdır, çoxmillətli etnik tərkibidir.

Bu insanların fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər minilliklərdir onları ayırmır, yada çevirmir. Ancaq insanlar onları fərqləndirən dəyərlərə əhəmiyyət vermir, tam əksinə, onları birləşdirən, qovuşduran dəyərlər yaradır və onu daim möhkəmləndirirlər. Bu torpaqlarda uzun illər savaşlar olub, yadellilərin hərbi yürüşləri buradan keçib. Amma hər bir müdaxilə məhz tarixi Qəbələ torpaqlarında yaşayan müxtəlif xalqların bir hədəfdə, bir məramda birləşməsi nəticəsində dəf edilib. Bu xalqların igid oğulları ən qədim zamanlardan son Qarabağ savaşınadək Azərbaycan uğrunda şəhid olublar. İndi Qəbələnin ölkəmizin inkişaf etmiş, abad rayonlarından birinə çevrilməsi kimi tarixi nailiyyətin əsasını da məhz burada yaşayan xalqların əməksevər nümayəndələrinin birgə zəhməti, fədakarlığı təşkil edir.

Multikulturalizm termininin əslində, çox tərifləri var. Amma onun nə qədər çox hüquqi, siyasi və mədəni tərifi, təsnifatı olsa da, xalqımızın şüurunda multikulturalizmin adı çox sadədir. Bu, əsrlər boyu formalaşmış milli dəyərimiz, hər bir kənddə, rayonda, şəhərdə özünü təsdiq edən yaşam tərzidir. Yəni, multikulturalizm elə əsl azərbaycançılıqdır. Hesab edirəm ki, “Multikulturalizm azərbaycanlıların həyat tərzidir” deyimi tamamilə real əsaslara söykənir.

Xalqımızın sıx bağlı olduğu multikultural dəyərlər ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə xüsusən sürətlə inkişaf etdi. Ulu öndər hakimiyyətinin ilk dövrlərindən etibarən xalqın mənəvi dəyərlərini, dilini məharətlə qorudu, təbliğ etdirdi. Eyni əzmkarlıqla bu ərazidə yaşayan etnosların da hüquqlarına sahib çıxdı.

Necə ki Azərbaycanın unudulmuş tarixi qəhrəmanlarını, dövlət adamlarını yenidən xalqa qaytardı, eyni fədakarlıqla da digər xalqların görkəmli nümayəndələrinin xatirəsini əbədiləşdirdi.

Həmin illərdə Heydər Əliyevin böyük etimadı ilə müxtəlif yüksək vəzifələrdə çalışmışam, habelə Naxçıvanda - Ordubad, Culfa rayonlarına rəhbərlik etmişəm. Böyük şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yaxşı xatırlayıram. Dahi rəhbərin biz məmurlardan bir əsas tələbi də var idi: Daim deyirdi ki, azərbaycanlılarla yanaşı, digər xalqların da hüquqlarını qoruyun, onları incitməyin. Onların mədəniyyətlərini, adət-ənənələrini yaymalarına şərait yaradın. Qoy bayramlarını keçirsinlər, öz tarixlərini unutmasınlar. Heydər Əliyevin tələblərindən biri də o idi ki, milli azlıqların kompakt şəkildə yaşadıqları kənd və qəsəbələrdə sosial problemlər dərhal aradan qaldırılsın, onlar üçün zəruri infrastrukturlar yaradılarkən, hökmən klublar, muzeylər, bir sözlə, onların milli dəyərlərini yaşadacaq mərkəzlər xüsusi nəzərə alınsın. Elə bu gün konfrans keçirdiyimiz Qəbələdə də udilərin, ləzgilərin yaşadıqları kəndlərin abadlaşması və onların mənəvi hüquqlarının tanınması məhz ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinin bəhrəsi idi.

Təsadüfi deyildir ki, məhz ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan xalqlar da milli-mənəvi intibah mərhələsini yaşadılar. İlk olaraq hər birinin folklor ansamblları yaradıldı, arxasınca tarixi qəhrəmanları və şəxsiyyətləri barədə kitablar nəşr olundu, onların xatirələri əbədiləşdirilərək küçələr adlandırıldı, büstləri qoyuldu. Mədəniyyət abidələri təmir və bərpa edildi, mənəvi dəyərlərinin təbliği üçün dövlət dəstəyi formalaşdırıldı. Müxtəlif mədəni festivallar keçirilirdi. Bir sözlə, Heydər Əliyevin sayəsində çoxmillətliliyin əslində, etnik zənginlik olduğu bir həqiqət kimi ortaya çıxdı.

Heydər Əliyevin müdrikliyini və misilsizliyini sübut edən faktlardan biri də budur ki, o, xalqımızın bütün müsbət xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Bu dəyərlərin küll halında təbliğini təmin edib. Bu xüsusda multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın mühüm tərkib hissələri kimi nəzərdən keçirirdi.

Təsadüfi deyil ki, hələ ötən əsrin 70-80-ci illərində ulu öndərimiz ölkədə yaşayan bütün xalqları Azərbaycanın mənəvi bayrağı altında demək olar birləşdirdi. Təəssüf ki, ümummilli liderimizin 1987-ci ildə məlum istefasından sonra Heydər Əliyevin müəllifi olduğu “Vahid maraqlar, Azərbaycan mənafeyi ətrafında birləşmiş millətlərin mənəvi ittifaqı” da dağıldı, ölkə separatizm və savaş meydanına çevrildi.

Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik qazansa da, bütün sahələrdə acınacaqlı vəziyyət hökm sürürdü. Bu dövrdə həm xarici təsirlər, həm də güclü hakimiyyətin olmaması səbəbindən ölkədə separatizm meyilləri güclənirdi. İctimai vəziyyət dözülməz həddə çatmışdı, yüzilliklər boyu bir-birlərini qardaş hesab edən millətlər öz aralarında artıq etnik fərqlilik axtarışına çıxmışdılar. Bu zərərli meyilləri zorakılığa çevirmək üçün çoxsaylı cəhdlər baş qaldırmışdı. Amma Heydər Əliyev dühası bunların qarşısını mətinliklə aldı. Adi bir çağırışla rus da, talış da, ləzgi də, kürd də, tat da, molokan da... bir sözlə, bütün xalqlar vahid dövlət maraqları ətrafında səfərbər oldular. Bütün xalqlar anladılar ki, yalnız “Heydər Əliyev bayrağı” altında onların təhlükəsizliyi, rifahı təmin oluna bilər, milli hüquqları qorunar. Belə də oldu.

Heydər Əliyev birləşdirici şəxsiyyət idi. Onun ideyaları təkcə kiçik bir qrupu, toplumu yox, ümumilikdə vahid sərhədlər hüdudunda yaşayan bütün millətləri birləşdirmək gücünə malik idi. Bu baxımdan tam əminliklə deyə bilərəm ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası azərbaycanlılarla yanaşı, digər millətlərin də maraqlarını uca tutan, hüquqlarını tanıyan və təmin edən, onlara bərabər imkan yaradan mənəvi normalar sistemidir.

Məlumdur ki, azərbaycançılıq ideyası xalqımızın minilliklər boyu formalaşdırdığı dəyərlər toplusu, mənəvi külliyatıdır. Dədə Qorquddan Nizamiyə, Nəsimiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadədən Mirzə Cəlilədək bir çox ziyalılar - əsl vətənpərvərlər bu ideyanın inkişafına töhfələr vermiş, onu daim təkmilləşdirmiş, yaymışlar. Fəqət, Heydər Əliyev dühasının böyüklüyü onda idi ki, o həmin ideyanı müasir dövrün tələblərinə uyğunlaşdıra bildi və onu artıq müstəqillik mübarizəsinin məramına çevirdi. Hələ 70-ci illərdən onu müstəqil dövlətçiliyin təməl prinsipi kimi formalaşdırmağa başladı. Yəni, əsrlər boyu təshih oluna-oluna təkmilləşən bu ideya əvvəllər daha çox maarifçilik qayəsi kimi idisə, Heydər Əliyevin sayəsində o, sırf dövlətçilik və müstəqillik amalının konseptual təməlinə çevrildi.

Ən əsası, azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən milli kimliyimizin ideoloji göstəricisi miqyasını aşdı. Eyni zamanda, artıq bu ərazidə yaşayan bütün etnosların birləşdirici gücünə çevrildi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası həm də mükəmməl bir ideologiyadır: o, Azərbaycanda yaşayan bütün insanları ayrı-seçkilik qoymadan vahid amal, vahid dövlət, vahid maraqlar ətrafında birləşdirir.

Heydər Əliyevin fəaliyyətinin mahiyyətini və müəllifi olduğu azərbaycançılıq ideyasının məğzini təşkil edən əsas prinsip budur ki, müxtəliflik - istər milli, istər dini baxımdan olsun, - bizi ayırmır, əksinə, birləşdirir. Fərqlilik bizi zəiflətmir, əksinə, gücləndirir.

Fikrimcə, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün milli xüsusiyyətləri ilə yanaşı, həm də bəşərilik prinsiplərinə əsaslanır. Bu ideologiya Azərbaycanda yaşayan, özünü Azərbaycan vətəndaşı, hətta azərbaycanlı sayan milyonlarla insanın mənəvi istinad mənbəyinə, birləşdirici amilə çevrilib.

Yuxarıda xatırlatdığım kimi, ölkəmizin ciddi sınaq qarşısında qaldığı həmin çətin günlərdə - 1993-cü ildə burada yaşayan bütün xalqların ulu öndərin bir çağırışı ilə Azərbaycanın düşmənlərinə qarşı vahid qüvvə kimi səfərbər olmasının da səbəbi məhz Heydər Əliyev şəxsiyyəti və onun formalaşdırdığı azərbaycançılıq ideyası idi. Sonrakı tarixi sınaqlarda da digər xalqların nümayəndələri daim ön cərgədə oldular, müstəqilliyimizin qorunub saxlanmasında fədakarlıqlar göstərdilər. Yəni, Heydər Əliyevin sayəsində Azərbaycanda yaşayan bütün insanlar anladılar ki, millətindən asılı olmayaraq bu vətən onlarındır, bu vətənin sahibi həm də onlardır!

Hesab edirəm ki, bu gün dünyada mükəmməl örnək, təkmil model kimi qəbul edilib öyrənilən Azərbaycan multikulturalizmi və tolerantlığı prinsiplərinin mayası, qayəsi də məhz Heydər Əliyevin azərbaycançılıq ideyasından irəli gəlir.

Təəssüf ki, bu gün dünyada multikulturalizm və tolerantlıq kimi dəyərlərə böyük təhlükə var. Özü də bu təhlükənin demokratik dəyərləri əldə dəstəvuz edən Qərbdən gəldiyini açıq deməliyik. Amma Azərbaycandakı vəziyyət tamamilə fərqlidir. Bizim ölkəmiz digər ölkələrə yaxşı mənada örnək göstərilir. Bu da təsadüfi deyil. Azərbaycanda belə bir unikal cəmiyyətin qurulması möhtərəm Prezidentimiz İlham Əliyevin də diqqət mərkəzindədir. Azərbaycan təkcə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də ölkədə mövcud olan siyasi sabitliklə, dini, milli, irqi dözümlülüklə fərqlənir.

Azərbaycanda mövcud olan multikulturalizmin və tolerantlığın ən bariz nümunəsinin nə olduğu sualına mən konkret belə cavab verərdim: bu, müqəddəs Ramazan bayramındakı iftar mərasimində hər il süfrənin başında möhtərəm Prezidentimizin Şeyxülislamla və xristian, yəhudi icmalarının rəhbərləri ilə bərabər əyləşməsidir. Bu mənzərə - hər üç səmavi dinin ruhani təmsilçiləri ilə onların vəhdətini və dostluğunu təmin edən dövlətin rəhbərinin birgə görüntüləri yalnız rəmzi məna kəsb etmir. Bu, Azərbaycanın ən ucqar kəndindən ölkənin ən ali məqamınadək silsiləvi uzanan həyat tərzi, yaşam norması, fəaliyyət prinsipidir!

Azərbaycanda multikulturalizm və tolerantlığın vəziyyətindən danışarkən, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Son illər fondun təşkilatçılığı ilə dünyanın onlarla ölkəsində mədəniyyət və təhsil ocaqları müasirləşdirilib, bərpa edilib, mədəni irsin qorunmasına dəstək verilib. Bütün bunlar həm də Azərbaycanın malik olduğu zəngin dəyərlərin dünyaya təqdimatı üçün əlverişli vasitədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən başalayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirilir. Hesab edirəm ki, bu tədbir ölkəmizdəki mükəmməl multikultural dəyərlərin təbliği üçün ən mükəmməl vasitələrdən biridir. İndiyədək bu festifallarda dünyanın 20-dən çox ölkəsindən tanınmış musiqiçilər iştirak ediblər. Bu beynəlxalq tədbirlər təkcə Azərbaycanın zəngin mədəniyyətinin, musiqisinin, incəsənətinin təbliği ilə yadda qalmır. Qəbələnin timsalında dünyanın tanınmış musiqiçiləri, sənət adamları, ictimai-siyasi xadimləri ölkəmizin azsaylı xalqlara, millətlərə, eləcə də dinlərə dözümlü münasibətinin şahidi olurlar. Qəbələnin əcnəbi qonaqları özlərinə qarşı mehriban və qonaqpərvər münasibət fonunda Azərbaycan mültikulturalizminin parlaq təzahürlərini qabarıq hiss edirlər.

Bu gün başqa millətlərin təmsilçiləri Azərbaycanda hakimiyyətin bütün qollarında yüksək vəzifələr tuturlar. Ölkənin ictimai-mədəni həyatında çox fəaldırlar. Yenə də Qəbələ rayonundan nümunə gətirmək istərdim. Rayonda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Onlar rəhbər vəzifələrdə, yerli özünüidarəetmə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ildə seçilirlər. Onlar bildirirlər ki, Azərbaycan onların vətənidir və bu Vətəni sevirlər. Heydər Əliyev ideyalarına, cənab İlham Əliyevin yürütdüyü siyasi kursa sadiqdirlər.

Bir mühüm məqama da toxunmaq istərdim. Bu gün Azərbaycanda müxtəlif xalqların sülh və qarşılıqlı etimad şəraitində yaşamasının əsas səbəblərindən biri də bu millətlərin ağsaqqallarının düzgün mövqeyi, müdrik nəsihətləridir. Hansı etnik qrupa mənsub olmasından asılı olmayaraq ağsaqqallarımız daim insanları, xüsusən də gəncləri birgəyaşayış dəyərlərinə hörmətə çağırır, onları Azərbaycan adlı vətənlərinə sadiq olmağa səsləyirlər. Respublika Ağsaqqallar Şurasının üzvləri sırasında ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri var. Onlar əcdadlarımızdan bizə miras qalan dəyərlərimizin təbliğində və gənclərimizə aşılanmasında mühüm işlər görürlər. Bugünkü konfransın təşkilatçılarından olan Ağsaqqallar Şurası il boyu müxtəlif bölgələrdə bu kimi tədbirlər keçirəcək, ön sırada olacaqlar.

Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Fəxr edirik ki, artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərində öyrənilir, təhlil edilir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlərdən saatlarla danışsaq, yenə də bitməz. Yalnız onu demək kifayət edər ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək. İndi olduğu kimi gələcəkdə də bu məkanda yaşayan bütün millətlərin təmsilçiləri ulu öndərimiz Heydər Əliyevin bu sözlərini təkrarlayacaqlar: Fəxr edirəm ki, mən Azərbaycanlıyam.

 

Bəxtiyar SADIQOV:

- Milli-etnik zənginliyin təcəssümü olan Qəbələ rayonu həm də regional inkişafın uğurlu mərkəzlərindəndir. Bu gün Qəbələ milli yüksəliş rəmzlərindən birinə çevrilərək, sosial-iqtisadi tərəqqi və abadlıq-quruculuq prosesində də xüsusi fərqlənir. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında rayonda yaşayan bütün xalqların təmsilçilərinin birgə zəhməti, fədakarlığı mühüm amildir. Bu barədə çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEVə verilir.

 

Səbuhi ABDULLAYEV:

- Sizi qədim və tarixi Qəbələ torpağında salamlamaqdan məmnunluq duyur, hamınıza qəbələlilərin səmimi və xoş arzularını çatdırıram. Belə bir mötəbər tədbirin bu gün Qəbələ rayonunda keçirilməsi müstəqil Azərbaycanda mövcüd olan mükəmməl multikulturalizm prinsiplərinin, milli-mənəvi dəyərlərin və mədəniyyətlərin sistemli inkişafının əyani nümunəsidir. Bildiyiniz kimi, Qəbələ milli-etnik zənginliyin ən mükəmməl təcəssümlərindən biridir və əsrlər boyudur ki, müxtəlif xalqlar bu ərazilərdə mehribanlıq, sülh və qarşılıqlı etimad şəraitində yaşayırlar.

Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan multikulturalizm və tolerantlıq əslində, Azərbaycan xalqının həyat tərzidir. Ulu öndərimiz bu mənəvi dəyərlərimizin yaşadılması üçün böyük fədakarlıqlar göstərmiş, ölkəmizdəki bütün xalqları vahid bayraq, vahid milli mənafelər, vahid hədəflər ətrafında sıx birləşdirmişdir. Bu prosesi daha da inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin böyük müdrikliyi sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri elə möhkəmlənmişdir ki, artıq dünya Azərbaycanın bu sahədəki təcrübəsini mükəmməl model kimi qəbul edir və öyrənir.

Böyük qürur hissi ilə deyə bilərəm ki, rayonumuzda mövcud olan müxtəlif xalqların birgəyaşayış ənənələri dünyada az-az təsadüf olunan ən demokratik multikulturalizm modelinin gözəl nümunəsi və təzahürüdür. Qəbələnin milli tərkibinə görə əhalisininin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq hamı bayram, yaxud hüznlü günlərdə birlikdə olur, dini və milli mənsubiyyətinə görə biri-digərinə fərq qoymur, vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır.

Ölkədə əsası ulu öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin nəticəsində dini tolerantlıq bərqərar olmuş, bütün dini icmaların normal fəaliyyət göstərməsinə lazimi şərait yaradılmışdır. Rayonumuzda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza etdiyi səfərlər zamanı udilərin yaşadığı Nic qəsəbəsində və ləzgilərin yaşadığı Yenikənd kəndində ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Həmin görüşlərdən sonra bu yaşayış məntəqələrində müasir məktəb binaları tikilmiş, yeni yollar və körpülər salınmış, uşaq bağçası açılmış, məscid binası inşa olunmuş, istirahət parkı yaradılmış, qaz xəttinin çəkilişinə başlanılmışdır. Rayonda həyata keçirilən bütün sosial-iqtisadi layihələrdən milli azlıqlar yetərincə bəhrələnmiş, onların məşğulluğu diqqətdə saxlanılmışdır.

Eləcə də Qəbələdə aparılan abadlıq və quruculuq işlərində bütün etnik qrupların böyük əməyi olmuşdur. Onlar bu gün də rayonumuzun iqtisadi inkişafına uğurlu töhfələr verir, bu torpağı özlərinin əzəli və əbədi vətəni hesab edirlər. Beynəlmiləl tərkibə malik olan Qəbələnin qurub-yaratmaq üçün fədakarlıq göstərən insanlarının sayəsində şəhərimizin, qəsəbə və kəndlərimizin siması, görkəmi gündən-günə dəyişir, müasirləşir və bu füsunkar diyar dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. İnşaat sektorunun sürətli inkişafı sayəsində yeni yaradılan sənaye obyektləri, turizm infrastrukturu burada çalışan xalqların birgəyaşayış və dostluq hisslərinə stimul verir.

Ölkəmizin multikulturalizm məskəninə çevrilməsində Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə rayonumuzda keçirilən beynəlxalq musiqi və kino festivalları, rəsm sərgiləri, idman yarışları və digər bu kimi tədbirlər öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin həm də dünyanın cəlbedici turizm məkanına çevrilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir. Birinci xanımın qeyd etdiyi kimi, Qəbələ məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqinə və inkişafına daim öz töhfəsini verən məkan kimi tanınmaqdadır.

Multikulturalizm bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çoxmillətli Azərbaycanda ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl milli siyasətin həyata keçirildiyini göstərir. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması kimi qiymətləndirir, multikulturalist ənənələrə söykənən içtimai münasibətlərin təbliğini, eləcə də təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

Əminliklə bildirmək istəyirəm ki, Qəbələ rayonunda əsrlərin sınağından keçən millətlərarası tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər və görülən işlər bundan sonra da uğurla davam etdiriləcək, xalqlararası dostluğa böyük töhfələr veriləcəkdir.

 

Bəxtiyar SADIQOV:

- Ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində şübhəsiz ki, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin də mühüm rolu var. Bu sahədə son dövrlərdə genişmiqyaslı iş aparan xidmətin fəaliyyətini uğurlu saymaq olar. Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsas istiqamətləri barədə danışmaq üçün söz Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar NƏCƏFOVa verilir.

 

Etibar NƏCƏFOV:

- Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyev çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Bu isə özünü aşağıdakı məqamlarda: ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.

Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur! Bununla bağlı Prezident İlham Əliyev qeyd edir: “Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar”.

Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən biri kimi cənab Prezidentin sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini göstərmək olar.

Multikulturalizm sahəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin rəhbərliyi ilə BBMM-in həyata keçirdiyi layihələr sırasında aşağıdakıları qeyd etmək olar: Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının açılması; Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi. Bu fənlər üzrə tədris proqramlarının çap edilməsi və “Azərbaycan multikulturalizmi” adlı dərsliyin hazırlanması üzrə iş aparılması; “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün mütəmadi treninqlərin təşkili; “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini öyrənən Azərbaycan və xarici ölkə tələbələri üçün “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: öyrən, araşdır, paylaş. Beynəlxalq Yay-Qış məktəblərinin” təşkili; Xarici ölkələrin intellektual və administrativ məkanlarında Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirələrin (“dəyirmi masa”lar, konfranslar və s.) təşkili; Dünyanın 13 universitetində (İtaliya, Bolqarıstan, Rusiya, Çexiya, Litva, İsveçrə, Ukrayna, Türkiyə, Portuqaliya, Almaniya, Gürcüstan, Belarus, İndoneziya) və Azərbaycanın 28 ali məktəbində bu gün “Azərbaycan multikulturalizmi” fənninin tədrisi; Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi və publisistik, siyasi və hüquqi qaynaqlarının öyrənilməsi.

 

Bəxtiyar SADIQOV:

- Vaxtilə qədim Alban dövlətinin paytaxtı kimi Qəbələ Qafqazın ən güclü iqtisadi-siyasi mərkəzlərindən biri olub. Bu möhtəşəm tarixdən danışarkən, heç şübhəsiz ki, udi xalqını xüsusilə qeyd etmək lazım gəlir. Azərbaycanın etnik zənginliyinin incisi olan udilər öz dini inanclarını, milli dəyərlərini, mədəniyyətlərini qorumuş və inkişaf etdirmişlər. Son 20 il isə bu sahədə udilərin əsl intibah dövrü sayılır. Qəbələdə yaşayan udilərə dövlətin yaratdığı imkanlar barədə danışmaq üçün söz Alban-Udi Xristian dini icmasının sədri Robert MOBİLİyə verilir.

 

Robert MOBİLİ:

- Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, həmçinin Prezident İlham Əliyevin son dərəcə səmərəli fəaliyyəti sayəsində respublikamızda sosial-siyasi sabitlik hökm sürür, tolerantlıq və multikulturalizmin inkişafı əməli şəkildə gerçəkləşdirilir, xalqlar və etnik qruplar arasında sülh və əmin-amanlıq, birlik və qarşılıqlı etimad bərqərar olunmuşdur. Azərbaycan etnosunun inkişafı və formalaşması müxtəlif tayfa və xalqların əlaqələri əsasında baş verən uzun prosesdir və bu gün də respublikada əsas etnosla yanaşı 20-dən çox milli azlıq yaşayır. Onların hamısı vahid və çoxmillətli Azərbaycan xalqını təşkil edir.

Yerli azlıqlar arasında mənşəyi və tarixi artıq 200 ildir ki, dünya alimlərinin diqqətini cəlb edən udilər də var. Udilər Azərbaycanın avtoxton xalqı və Qafqazın ən qədim yerli etnoslarından biridir. Azərbaycanın ərazisində yaşayan azsaylı xalqlar arasında alban-udilər özlərinə məxsus etnoqrafik xüsusiyyətləri, tarixi, dili və dini ilə seçilən unikal etnosdur. Bu gün Azərbaycan Respublikası udilərin kompakt şəkildə yaşadığı yeganə məkan - onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır; dil, din, özünəməxsus mədəniyyət, adət və ənənələr inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur.

Son zamanlar Azərbaycanda dövlət hakimiyyəti orqanlarının fəal dəstəyi ilə yaxın və uzaq udi icmalarının, yaradıcı ziyalıların, bizim qəsəbənin bütün sakinlərinin iştirakı ilə dini və mədəni tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir. Son illər ərzində xaricdə (İngiltərə, İtaliya, Fransa, Belçika, ABŞ, Türkiyə, İsrail, Keniya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan), Bakıda və Nicdə görüşlər, “dəyirmi masa”lar, beynəlxalq konfranslar keçirilir və həmin tədbirlərdə bizim icmanın üzvləri tərəfindən də “Azərbaycan multikulturalizmi modelində udi nümunəsi” təqdimatı ilə çıxışlar edilir.

Müstəqil Alban kilsəsinin konfessional irsinin hüquqi və birbaşa dini varisi kimi bizim icmamız onun bərpası üçün çalışır. Tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri kimi, apostol mənşəli olduğunu göstərir. Uzun əsrlər boyu mövcud olmuş Alban kilsəsi bölgədə xristianlığın tarixini təcəssüm etdirən çoxsaylı abidələr qoyub getmişdir. 1836-cı ilə qədər iqamətgahı Qandzasarda yerləşməklə müstəqil şəkildə mitropoliya statusunda mövcud olan Alban katolikosluğu həmin il martın 11-də Rusiya çarı I Nikolayın “Erməni-Qriqorian kilsəsi haqqında” reskripti ilə ləğv edilmiş, katolikosat xəttinə və vəzifə təyinatına son qoyulmuşdur. Bütün bunlar bədniyyətli qonşularımızın iki əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi idi. Erməni kilsəsi nəinki Alban kilsəsinin məbədlərini və dəftərxanasını, hətta orada uzun əsrlər boyu saxlanan bütün əlyazmaları, Alban kilsəsinin qədim abidələrini, Qüds şəhərində yerləşən məbədi və Alban kilsəsinə məxsus olan iqamətqahı mənimsədi.

Bu gün Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya qoymağa imkan verir.

Müasir dünyanın gerçəklikləri - 180 il bundan əvvəl ləğv olunmuş Alban kilsəsinin indiki obyektiv durumu, kanonik zəmin və onun irsi, müstəqil Alban kilsəsinin intibahı - bütün bunlar möhtəşəm hadisə və tarixi ədalətin bərpasıdır. Deyilənləri nəzərə alaraq hazırda müxtəlif konfessiyaların, xüsusən Şərqin (Kopt, Suriya, Qüds, Konstantinopol) dini liderlərinin, albanşünas alimlərin, dinşünasların, mədəniyyətşünasların və MDB dövlətlərindəki udi icmalarının təmsilçilərinin iştirakı ilə “Alban kilsəsinin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilməsi son dərəcə zəruridir. Belə bir tədbirin keçirilməsi çox aktualdır və respublikanın bütün əhalisinin, Azərbaycanda yaşayan müxtəlif konfessiyalar və mədəniyyətlərin təmsilçilərinin daha da sıx birləşməsi üçün çox vacibdir və önəmlidir. Bu cür tədbirlərin rolunu və əhəmiyyətini qiymətləndirməmək mümkün deyil, çünki onlar polietnik və polikonfessional dövlət üçün zəruridir və multikulturalizm, xalqlar arasında sülh, qarşılıqlı etimad və dostluq siyasətini fəal şəkildə həyata keçirən Azərbaycan Respublikasının həm bütün dünyada, həm də ölkə daxilində nüfuzunu daha da artırır. Bu, dünya mədəniyyəti tarixində mühüm yer tutmaqla yanaşı, çağdaş dövrdə aparılan dünyəvi dini-konfessional dialoqda da mühüm hadisə olacaqdır.

Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, multikultural dəyərlər, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti udi icmasının fəaliyyətinə zəruri şərait yaradıb; Nicdə “Orayin” udi milli-mədəniyyət mərkəzi, Alban-udi xristian icması, Oğuzda udilərin cəmiyyəti fəaliyyət qöstərir. Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir. Bugünədək özlərinin ənənəvi yemək və içkilərini, dil iə din, milli geyim və mərasimlərini qoruyub saxlayıblar. Budur Azərbaycanın həqiqəti.

 

Bəxtiyar SADIQOV:

- Multikulturalizm, tolerantlıq dəyərləri Qəbələdə əsrlərdir ki, insanlarımızın həyat tərzinə, yaşam fəlsəfəsinə çevrilib və ən mükəmməl birgəyaşayış nümunəsi kimi tanınıb. Burada yaşayan bütün xalqların təmsilçiləri dövlət strukturlarında layiqincə təmsil edilir, rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər. Bir sözlə, Azərbaycanın tamhüquqlu vətəndaşları kimi dövlətə layiqincə xidmət göstərirlər. Bu mövzuda çıxış üçün söz Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Emil ZƏKİyə verilir.

 

Emil ZƏKİ:

- Uzun əsrlərdir ki, ölkəmizdə müxtəlif millətlərə mənsub insanlar birgəyaşayış şəraitində tolerant həyat tərzi sürürlər. Ölkədə hər zaman azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır. Bu gün doğma Azərbaycanımızda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin inkişafı, möhkəmləndirilməsi üçün bütün zəruru siyasi və sosial şərait yaradılıb. Hər bir millətin nümayəndəsi ölkəmizdə sərbəst yaşayır, öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlayır, inkişaf etdirirlər.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizim ənənəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bunun bariz nümunəsidir. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqımızın həyat tərzidir. Çoxmillətli ölkəmizdə azərbaycanlılarla yanaşı ruslar, ləzgilər, talışlar, gürcülər, avarlar və digər milli-etnik toplumlar əsrlər boyu mehriban dostluq şəraitində yaşayıblar.

Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udilərdir. Udilər Qafqazın qədim sakinlərindəndirlər. Tarixən Günəşə, Aya və Oda sitayiş edən udilər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. Qafqaz Albaniyasının yadigarları olan udilər hazırda kompakt şəkildə Qəbələ rayonunun Nic qəsəbəsində və qismən də Oğuz rayonunun mərkəzində yaşayırlar. Bu gün Nic qəsəbəsini tolerantlığın kiçik modeli kimi qəbul etmək olar. Burada tarix boyu azərbaycanlılar, ləzgilər, udilər mehriban şəraitdə, bir yerdə yaşayıblar.

Qəsəbədə üç kilsə, iki məscid, habelə müsəlmanların və xristianların ziyarət etdikləri müqəddəs yerlər var. Dövlət tərəfindən udilərə öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır. Məktəblərimizdə doğma dilimiz - udi dili tədris olunur. Uşaqlarımız bu dildə yazmağı, oxumağı öyrənirlər. Dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, I-IV siniflər üçün udi dilində “Ana dili” (“Nanay muz”) dərslikləri çap olunmuşdur. Bunun üçün biz dövlətimizə, onun rəhbərinə təşəkkür edirik.

Qəsəbədə yaşayan bütün xalqların nümayəndələri mehriban dostluq şəraitində bir ailə kimi yaşayırlar. Bu münasibətlər o qədər sıx və istidir ki, kimin hansı xalqa mənsub olması haqda qəsəbəmizdə heç kəs düşünmür. Çünki bizim bayramlarımız, xoş günlərimiz həmişə bir yerdə olub. Həyatın qanunudur: hər kəsin bir ağır günü, çətinliyi olur. Belə günlərdə də biz azərbaycanlıları yanımızda görmüş, onların mənəvi dəstəyini hiss etmişik. Bu münasibətlər qohumluq, ailə münasibətlərinə çevrilmişdir: Azərbaycanlı oğlanların udi qızları ilə həyat qurduğu onlarla ailələr var. Biz gənclər bu adət-ənənələrlə böyümüş, tərbiyə almışıq. Hər birimiz çalışacağıq ki, belə bir birgəyaşayış tərzini qoruyub saxlayaq və gələcək nəsillərə ötürək. Təbii ki, Azərbaycan kimi ölkədə bu heç də problem deyil. Bu gün Azərbaycan tolerant ölkələrin siyahısında ilk yerlərdədir. Azərbaycan tolerantlıq ölkəsi kimi Şərq və Qərb ölkələri arasında böyük bir körpü rolu oynayır.

Müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ölkəmizin gələcək inkişafının əsasıdır. Biz inanırıq ki, doğma Azərbaycanımızın multikulturalizm modeli həmişə dünyanın siyasi arenasında ön sırada dayanacaqdır.

 

Bəxtiyar SADIQOV:

- Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir. Təsadüfi deyildir ki, bu siyasətin həyata keçirilməsində ictimai təşkilat kimi Heydər Əliyev Fondunun da dövlətimizə böyük əməli dəstəyi var. Ulu öndərimizin irsini layiqincə yaşadan və təşviq edən fondun bu sahədəki fəaliyyəti artıq qlobal miqyasda təqdir olunur. Ölkəmizdə və xaricdə multikulturalizmin əsas təbliğatçısı olan Heydər Əliyev Fondunun Qəbələdə həyata keçirdiyi uğurlu layihələr də yetərincədir. Bu barədə danışmaq üçün söz Qəmərvan kənd məktəbinin müəllimi Rəna HACIYEVAya verilir.

 

Rəna HACIYEVA:

- Ümummilli lider Heydər Əliyevin banisi olduğu multikulturalizm və tolerantlıq siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və yeni qlobal çağırışlara uyğun olaraq inkişaf etdirilir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin adını daşıyan fond da bu prosesdə daim dövlətin yanındadır. Fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda tolerantlığın, multikultural ənənələrin təbliği ilə bağlı Heydər Əliyev Fondu tərəfindən olduqca möhtəşəm layihələr həyata keçirilir. Bu layihələr bir daha onu göstərir ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər böyu dinc yanaşı yaşaması ölkəmizdə tolerant cəmiyyət modeli kimi mövcuddur.

Müxtəlif azsaylı xalqların məskunlaşdığı doğma Qəbələmiz tək turizm mərkəzi deyil, eyni zamanda, beynəlxalq tədbirlərin, forum və sammitlərin keçirildiyi məkandır. Heydər Əliyev Fondu özünün ən möhtəşəm layihələrindən birini məhz Qəbələdə reallaşdırmışdır. Artıq 8 ildir ki, Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə dünyanın xeyli ölkəsinin məşhur musiqiçilərinin və musiqi kollektivlərinin qatıldığı Beynəlxalq Musiqi Festivalı keçirilir. Dünyanın diqqətini cəlb edən bu festival təkcə musiqinin deyil, sülhün, barışın, əməkdaşlığın, birliyin təntənəsi olur.

Qəbələdə gerçəkləşdirilən IV Beynəlxalq İncəsənət Sərgisi də mədəniyyətlərarası dialoqun ən bariz nümunəsi olduğunu göstərdi. Multikulturalizmin Azərbaycan modelini bütün dünyaya cəsarətlə nümayiş etdirən Heydər Əliyev Fondu bir daha sübut etdi ki, ölkəmizdə reallaşdırılan bütün tədbirlər son nəticədə azərbaycançılıq ideyasına, Azərbaycan dövlətçiliyinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi uzun əsrlərdir tolerantlıq mühitində yaşayan biz qəbələliləri də çox sevindirdi. Dövlətimizin elə təkcə mənim yaşadığım Qəmərvan kəndinə göstərdiyi diqqət və qayğıdan çox danışmaq olar. Lakin vaxt məhdudluğuna görə mən bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Qəmərvan dağlar qoynunda yerləşən səfalı ləzgi kəndidir. Əsasən qoyunçuluq və maldarlıqla məşğul olan kənd sakinləri yarımköçəri həyat tərzi yaşadığından sosial infrastruktur günün tələblərindən çox geri qalırdı.

Azərbaycanın müstəqillik qazanması, demokratik dövlətin yaranması və ölkə başçısının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən kənd təsərrüfatına ayırdığı diqqətin nəticəsində kəndimiz sürətlə inkişaf etməyə başladı. Qısa müddət ərzində kəndə asfalt yol çəkildi. Əvvəllər selin tez-tez yuyub apardığı yola beton bənd vuruldu. Qəmərvanda ləzgi balaları üçün müasir ikimərtəbəli məktəb binası tikilərək istifadəyə verildi. Bu gün məktəbdə ləzgi dilinin tədris olunması dövlətimizin xalqımıza göstərdiyi dəstəklə yanaşı, həm də ləzgi xalqının dilinə, mədəniyyətinə olan qayğının təzahürüdür.

Ölkə başçısının azsaylı xalqlara olan diqqətinin nəticəsidir ki, bu gün kəndə qaz çəkilişi başa çatmaq üzrədir. Rayonda mövcud olan tolerant ənənələrin bariz nümunəsidir ki, keçən il yeni məsçid binası tikilərək dindarların ixtiyarına verilmişdir. Hazırda Qəbələ-Qəmərvan yolu üzərində iki nəhəng körpünün tikintisi gedir. Bu gün bütün qəmərvanlıların evində telefon və internet vardır.

Bunlar hamısı Azərbaycan dövlətinin biz ləzgilərə olan qayğısının parlaq təcəssümüdür. Əslində, biz ləzgilər azərbaycanlılardan yalnız danışıq dilinə görə fərqlənirik. Biz heç vaxt çox möhkəm qohumluq əlaqələrimiz olan azərbaycanlılar arasında sıxılmamışıq, əksinə, bizə olan sevgi, hörmət, qayğı bir arada yaşamağımıza stimul vermişdir. Qarabağ uğrunda gedən döyüşlərdə Qəmərvan neçə şəhid vermiş, itkin düşənlər olmuşdur. Bu, bir daha sübut edir ki, bizim bir vətənimiz var - Azərbaycan! Ölkə vətəndaşı olaraq biz bundan qürur duyuruq.

 

Bəxtiyar SADIQOV:

- Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən həm də xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanırdı. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir. Bu günlərdə çapdan çıxan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı da hesab edirəm ki, bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Elmi redaktoru Dövlət müşaviri, akademik Kamal Abdullanın olduğu kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara ehtiramının təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu mövzuda çıxış uçün söz Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Möhsün NAĞISOYLUya verilir.

 

Möhsün NAĞISOYLU:

- Azərbaycanda ən qədim zamanlardan bəri müxtəlif dinlərə və etiqadlara inanan, fərqli dillərdə danışan çoxsaylı xalqlar və etnik qruplar sülh və əmin- amanlıq, dinclik və bərabərlik şəraitində yaşamışlar. Bu cür tolerant mühit və multikultural tarixi şərait təbii olaraq azərbaycanlıların bədii təfəkküründə, yəni, ədəbiyyatında da özünün obrazlı ifadəsini tapmışdır.

Klassik Azərbaycan ədəbiyyatını təmsil edən şair və yazıçıların çoxu multikultural düşüncə sistemindən qaynaqlanan bu mənəvi dəyərlərə əsərlərində geniş yer vermiş və onları yaymış, oxucularına təlqin etmiş, aşılamışlar. Eramızın VII əsrinə aid edilən, bir sıra epizodları ilə kökləri daha qədimlərə gedib çıxan Azərbaycan qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” eposunda multikultural dəyərlərlə səsləşən bir sıra maraqlı məqamlara rast gəlirik. Məsələn, Oğuz igidi Qanturalı başqa dindən olan Trabzon təkurunun qızı ilə evlənir ki, bu fakt oğuzların əski çağlardan bəri digər dinlərin daşıyıcılarına olan isti münasibətindən xəbər verir. Dastanın baş qəhrəmanı Salur Qazanın, onun oğlu Uruzun, eləcə də Bamsı Beyrəyin davranışlarında da digər xalqlara mərhəmət və ehtiram duyğuları ifadə olunur. Bütün bunlar qədim azərbaycanlıların multikultural düşüncələrindən xəbər verir.

Azərbaycanın digər folklor nümunələrində də, məsələn, “Əsli və Kərəm” dastanında, “Şeyx Sənan” əfsanəsində xristian qızı ilə müsəlman gəncinin yüksək ülvi məhəbbətindən bəhs olunur ki, bu da multikultural dəyərlər sırasında önəmli yer tutur. Klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sində multikultural düşüncələr daha konkret şəkildə və geniş planda, həm də əlvan boyalarla öz əksini tapmışdır. Nizami Gəncəvi “Yeddi gözəl” və “İskəndərnamə” poemalarında bir sıra xalqların nümayəndələrinin parlaq surətlərini yaratmışdır. Bütün bunlar qüdrətli sənətkarın böyük ideallar carçısı və yüksək multikultural düşüncə sahibi olmasını açıq-aşkar şəkildə ortaya qoyur.

XIV-XV əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsimi yaradıcılığında da multikultural dəyərlərin açıq-aşkar izlərinə rast gəlirik. Şairin şeirlərinin mərkəzində insan amili, insana böyük dəyər verilməsi, şəxsiyyət azadlığı, insan adının uca tutulması kimi yüksək bəşəri amallar dayanır. Klassik Azərbaycan ədəbiyyatının digər bir böyük söz ustadı Məhəmməd Füzuli də bədii yaradıcılığında multikultural düşüncələrə geniş yer vermişdir. Dahi şair yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında baş qəhrəmanını - Məcnunu kamillikdə Günəşə və İsa peyğəmbərə bənzədir.

Multikultural düşüncələrin Azərbaycan ədəbiyyatında daha geniş vüsət aldığı dövr isə heç şübhəsiz, XIX əsr və sonrakı yüzilliyin ilk iki on illiyidir. XIX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin yaradıcılığında multikultural fikirlər də istər bolluğu, istərsə də rəngarəngliyi ilə diqqəti çəkir. Məsələn, böyük maarifçi sənətkar hələ 25 yaşında olarkən - 1837-ci ildə dahi rus şairi A.S.Puşkinin ölümünə bir elegiya həsr etmişdir. Bundan əlavə, maarifçi sənətkar komediyalarında alman, fransız, erməni xalqlarının nümayəndələrinin bədii obrazlarını yaratmışdır. M.F.Axundzadənin kiçik müasiri Seyid Əzim Şirvaninin yaradıcılığında da multikulturalizm dəyərlərini əks etdirən fikirlər kifayət qədərdir. Maarifçi şair ətrafında baş verən bəlaların kökünü savadsızlıq və cəhalətdə, dini-məzhəbi ayrı-seçkilikdə, qaranlıq və nadanlıqda görmüş, çıxış yolunun elmə və biliklərə yiyələnmək olduğunu vurğulamışdır.

XX əsrin əvvəlində Azərbaycanda mətbuatın inkişafı, xarici ölkələrlə mədəni-ədəbi sahələrdə əlaqələrin qurulması multikultural baxışların inkişafı üçün də genuş üfüqlər açmışdır. Yazıçı-dramaturq Nəriman Nərimanov “Bahadır və Sona” adlı roman yazaraq dini ayrı-seçkiliyi pisləmiş və ayrı-ayrı dinlərin daşıyıcılarına olan fərqli baxışları “uçurum” adlandırmışdır. Elə bu zamanlarda böyük filosof şair Hüseyn Cavid də “Şeyx Sənan” adlı məşhur faciəsini yazaraq insanları ayrı-ayrı dinlərə bölənlərə qarşı öz etiraz səsini ucaltmışdır.

Dahi satirik şair Mirzə Ələkbər Sabir isə ayrıca bir şeirində 1905-ci ildə baş vermiş erməni-müsəlman davasına qəti şəkildə etirazını bildirərək, hər iki xalqın nümayəndələrini barışa, sülhə çağırmışdır. Beləliklə, bütün bu deyilənlər klassik Azərbaycan ədəbiyyatında multikulturalizm ənənələrinin dərin kökləri və qədim tarixi olduğunu sübut edir.

 

Bəxtiyar SADIQOV:

- Tədbirimiz olduqca məhsuldar və səmərəli keçdi. Çıxış edən natiqlərin hər biri Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı bəhs etdilər.

Bu konfransın ən əlamətdar məqamlarından biri ondan ibarətdir ki, çıxış edənlərin əksəriyyəti Qəbələdə yaşayan millətlərin nümayəndələri - udilər, ləzgilər, türklər idilər. Onlar Azərbaycanda multikulturalizmin həyat tərzi kimi tətbiqini hamıdan yaxşı bilirlər və bunu hamıdan yaxşı söyləyirlər.

Bir məqama da toxunmaq istəyirəm. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri onların sabit yaşayışı, sosial inkişafı, təhsili və mədəni hüquqları üçün yaradılan münbit şəraitə görə Azərbaycan xalqına və dövlətinə daim minnətdarlıqlarını bildirirlər. Amma onlar bilməlidirlər ki, qədirbilən Azərbaycan xalqı da onlara minnətdardır. Çünki biz təkcə əsrlərin ağrı-acılı sınaqlarından birgə və ləyaqətlə çıxmamışıq. Biz həm də müstəqilliyin ilk illərinin uğursuzluqlarını və çətinliklərini birgə yaşamışıq. Qarabağda və digər ərazilərimizdə erməni işğalçılarına qarşı döyüşlərdə səngər yoldaşı olan xalqlarımız etnik separatçılıq cəhdlərinin də qarşısını eyni əzm və fədakarlıqla alıblar.

Heydər Əliyev siyasi kursu və azərbaycançılıq ideyası ətrafında sıx səfərbər olan xalqlarımızın birgə əməyinin, zəhmətinin və mübarizliyinin nəticəsi olaraq bu gün Azərbaycan sürətli inkişafa, davamlı yüksəlişə nail olub.

Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin möhkəmləndirdiyi müstəqil Azərbaycan hər birimizin mənəvi istinadgahı və qürur mənbəyidir. Azərbaycan hamımızın vətənidir. Və bu Vətən var olduqca birliyimiz, dostluğumuz əbədi olacaq, gündən-günə daha da möhkəmlənəcəkdir.

***

Konfransın rəsmi hissəsindən sonra rayon Mədəniyyət Mərkəzində Qəbələdə yaşayan xalqların təmsilçilərinin böyük konserti keçirildi. 2 saylı məktəbin şagirdlərinin şeir-kompozisiyası ilə başlayan tədbirdə “Azərbaycanım” (Telman Hümbətov), “Azərbaycan qızıyam” (Aydan), “Azərbaycan” (Samir Zülfüqarov) mahnıları, həmçinin Qəndalı Rəşidovun ifasında ləzgi dilində və Gena Vəzirxoyun təqdimatında udi dilində mahnılar səsləndirildi. Nic qəsəbə Yaradıcılıq evinin “Çəngi” qrupunun “Çəngi” və “İncə” rəqs qrupunun “Mən güləm” rəqsləri ilə yanaşı, Nic və Qəmərvan kənd məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar, 3 saylı məktəbin şagirdi Mədinə Rəhimovanın səsləndirdiyi rus dilində şeir, Nurəddin Xanlarov və aşıq Ayazın ifasında “Xəstə Qasım və Ləzgi Əhmədin deyişməsi” təqdim edildi. Konsert proqramı Müsavər Qasımovun ifasında “Dədə Qorqudun xeyir-duası” ilə başa çatdı.

 

Azərbaycan.- 2016.- 10 mart.- S. 5, 6, 7