Cəsarət və şücaət örnəyi

 

Ali Baş Komandan hər zaman qalib Azərbaycan Ordusunun önündədir

 

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfəri həm ölkə, həm də dünya mətbuatının gündəminin əsas mövzusuna çevrilib. Səfərlə bağlı yazılan şərhlərdə, söylənilən ifadələrin hər birində yekdil bir fikir var: “Bu, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin öz vətəndaşına olan qayğısının, isti münasibətinin bariz nümunəsi, əyani təsdiqidir”.

Səfəri yüksək dəyərləndirən siyasətçilər də hesab edirlər ki, Prezident İlham Əliyevin bu addımı onun Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Bu səfər həm də ordumuzun aprel zəfərindən sonra hələ də özünə gələ bilməyən işğalçı Ermənistan üzərində psixoloji üstünlüyün nümayişidir.

Milli Məclisdə Xankəndi seçicilərinin təmsilçisi Flora Qasımova qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə getməsi, əsgərlərə baş çəkməsi, mülki vətəndaşlarla görüşməsi heç nə ilə müqayisə olunmayacaq bir hadisədir: “Şəxsən mən fəxarət hissi keçirirəm. Bir dövlətin ki, Prezidenti həm xoş gündə, həm də dar gündə xalqın yanındadırsa, bundan qürurlu heçola bilməz. Elə buna görə də düşmənlə üz-üzə yaşayan əhali erməni topunun-gülləsinin qarşısında mərd-mərdanə dayanır. Bilir ki, arxasında dövlət və dövlətin rəhbəri dayanır”.

Deputat deyir ki, cəbhə bölgəsi, təmas xətti daim həyəcanlı, təhlükəli bir ərazi hesab edilir. Orada yaşamaq ölümlə üz-üzə dayanmaq deməkdir. Amma Azərbaycanın mərd vətəndaşları qorxu hissi yaşamadan öz yurdlarını tərk etmirlər. Bunun yeganə səbəbi də dövlətə, onun Prezidentinə olan inamdır: “Belə düşünürəm ki, bəlkə də 1990-1992-cı illərdə bu dövlətə rəhbərlik etmiş şəxslər ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev kimi  xalqın yanında olsaydılar, başımıza bu qədər müsibətlər gəlməzdi, 20 faiz torpağımız işğal olmazdı. Həmin dövrdə ölkəmizin dövlət başçılarının səriştəsizliyinin, xalqı, torpağı düşünməmələrinin acısını hələ də çəkirik. Hesab edirəm ki, əsl rəhbər dar gündə cənab İlham Əliyev kimi xalqı ilə bir yerdə olmalıdır. Bu hal xalqın güvənini və mübarizliyini daha da artırır”.

Flora Qasımovanın sözlərinə görə, bütün xeyriyyəçilik fəaliyyəti göz önündə olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva isə əsl Azərbaycan qadınının simvoluna çevrilib. Son hadisələr zamanı ölkəmizin birinci xanımının şəhid analarının yanında olması, cəbhə bölgəsində yaşayan qadınlarımıza, qız-gəlinlərimizə ürək-dirək verməsi bunu bir daha təsdiqləyir: “Bütün bu hadisələr dövlətlə xalqın sıx birliyinin göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı arxasında güclü dövlətin, müzəffər ordunun və qətiyyətli Ali Baş Komandanının olduğunu görür. Azərbaycan Prezidenti öz vətəndaşına, vətəndaşlar isə dövlət rəhbərinə inanırlar, güvənirkər. Hesab edirəm ki, məhz bu sarsılmaz vəhdətin sayəsində də Dağlıq Qarabağ başda olmaqla işğal altındakı bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq”.

Milli Məclisdə Ağcabədi-Füzuli rayonlarının seçicilərinin təmsilçisi Aqil Abbas isə bildirdi ki,  Prezident İlham Əliyev mütəmadi olaraq cəbhəboyu rayonlara səfər edirorada görüşlər keçirir: “Bu, Prezidentin ilk səfəri deyil. Cənab İlham Əliyev dəfələrlə cəbhədə, təmas xəttində olub, əsgərlərimizlə görüşüb. Səfərləri zamanı təmas xəttinin yaxınlığında yüksək rütbəli zabitlərlə müşavirə keçirib. Prezidentin və xanımı Mehriban Əliyevanın cəbhəyanı ərazilərdə yaşayan sakinlərlə görüşü ölkə rəhbərliyinın vətəndaşın yanında olduğunun göstəricisidir”.

Deputatın sözlərinə görə, bu səfər Azərbaycan dövləti üçün hər bir vətəndaşının nə qədər qiymətli və dəyərli olduğunu bir daha təsdiqlədi. Prezidentin cəbhə xəttində ağır şərtlər altında yaşayan, təhlükələrdən çəkinməyən cəsur insanlarla görüşü zamanı onlara dövlət dəstəyinin ifadəsi, dağıdılmış evlərin tez bir zamanda Azərbaycan dövləti tərəfindən bərpa olunacağına dair söylədiyi fikirlər hər bir vətəndaşımızı qürurlandırıb: “Ali Baş Komandan xəstəxanada yaralılara da baş çəkdi. Prezidentin onlara baş çəkməsi, vəziyyətləri ilə maraqlanması həmin yaralılara 100 həkimin məlhəmindən daha yaxşı təsir edir. Bundan əlavə, Ali Baş Komandan cəbhədə əsgərlərlə görüşdü. Əsgər qarşısında atasını gördü. Ali Baş Komandan hərbçinin atası sayılır. Hərbçinin Ali Baş Komandanı qarşısında, yanında, cəbhənin ön xəttində görməsindən yüksək nə ola bilər ki? Prezidentin indiki təhlükəli şəraitdə ön xəttə səfər etməsi təbii ki, həm də düşmən ölkəyə, işğalçı Ermənistana verilmiş açıq mesajdır. Dövlət başçısı hər kəsə nümayiş etdirdi ki, Ali Baş Komandan hər zaman qalib Azərbaycan Ordusunun önündədir”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan .- 2016.-4 may.- S. 3.