Həmişə xalqla birlikdə

 

Keçən ayın əvvəllərində Ermənistan işğalçı qoşunlarının cəbhə xəttində törətdiyi aramsız təxribatlara Azərbaycan Ordusunun sərt reaksiyası düşməni vahiməyə saldı. Uzun illər özünü vəziyyətin sahibi kimi aparan təcavüzkar tərəf Silahlı Qüvvələrimizdən belə bir tutarlı cavab gözləmirdi, çünki yenə də cəzasız qalacağına, haray-həşir qoparıb özünü “təcavüz qurbanı” kimi təqdim edərək havadarlarından dəstək alacağına, ermənipərəst dairələrin Azərbaycana dərhal təzyiq göstərəcəyinə ümid edirdi.

Lakin bu dəfə alınmadı. Azərbaycan əsgəri azğınlaşmış düşməni yerində oturtdu, üstəlik, qoşunların təmas xəttində bir neçə strateji yüksəkliyi ələ keçirdi. Bu, silahlı münaqişənin gedişində dönüş nöqtəsi idi - 22 il əvvəl fəal hərbi əməliyyatlar dayandırılandan bəri düşmən ilk dəfə geri çəkilmək məcburiyyətində qalmışdı. Təcavüzkar tərəf nə qədər cidd-cəhd etsə də, status-kvonu bərpa etməyə nail ola bilmədi. Həm ordumuzun cəbhədə döyüşən bölmələri, həm də düşmənin bir addımlığında yerləşən yaşayış məntəqələrimiz təcavüzkarın qarşısında sipər oldu.

Bir qayda olaraq, hərbi əməliyyatların başladığı ərazidə mülki əhali müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürülür. Amma həm Azərbaycan rəhbərliyi, həm də cəbhə xəttinə bitişik bölgələrdə yaşayan Azərbaycan vətəndaşları qətiyyən belə bir fikirdə deyildi: geriyə yol yoxdur! O gərgin günləri bütün Azərbaycan xalqı birgə yaşadı, düşmənlə birgə mübarizə apardı və birgə qələbə qazandı.

Müharibə aparılmasının öz qaydaları var. Bu qaydaların ən başlıcası ordunun ordu ilə vuruşması, yalnız bir-birini hədəf seçməsidir. Lakin təcavüzkar Ermənistan, həmişə olduğu kimi, bu dəfə də qarşısındakı ordunu - Azərbaycan Silahlı Qüvvələrini deyil, Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini hədəf seçdi. Döyüş meydanında Azərbaycan əsgəri ilə bacara bilməyən Ermənistanın işğalçı qoşunları var gücünü kəndlərimizə yönəltdi, dinc əhalini nişan aldı: tank və topların atəşi ilə günahsız vətəndaşlar həlak oldular, yaralandılar, yaşayış evləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri dağıdıldı.

Həmişə olduğu kimi, Azərbaycan dövləti yenə də vətəndaşının yanındadır. Ötən bazar günü Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında oldular.

Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış oldu, şəxsi heyətlə görüşdü. Bu, adi görüş yox, Ali Baş Komandanla onun əmrini yerinə yetirib düşməni əzmiş əsgərin görüşü idi. Təbii ki, həm Ali Baş Komandanın, həm də əsgərin əhvali-ruhiyyəsi yüksək idi. Cənab İlham Əliyev əmin oldu ki, ordumuzda nizam-intizam yüksək səviyyədədir.

Dövlət başçısı hərbi hissənin şəxsi heyəti ilə görüşdə digər məsələlərə toxunmaqla yanaşı, münaqişənin tezliklə tənzimlənməsinin vacibliyini vurğuladı. Rəsmi Yerevana belə bir siqnal ünvanladı ki, görüntü naminə danışıqlar aparmağın mənası yoxdur - danışıqlar yalnız problemi həll etmək üçün aparılmalıdır: “Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar... Biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq”.

Prezidentbirinci xanım Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, eləcə də Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşdülər, həmçinin Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkdilər. Dövlət başçısı səfərin gedişində Ermənistan işğalçı ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə yerindəcə tanış oldu, sakinlərlə söhbət etdi, vətəndaşlara dəymiş ziyanı tezliklə aradan qaldırmaq üçün lazımi qərarlar qəbul etdi, tapşırıqlar verdi. Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri dövlətin onlara göstərdiyi qayğıdan razı qaldılar, düşmən qarşısında mətanətlə dayanan ordumuzun xalqın müdafiəsində durduğunundan qürur hissi keçirdiklərini bildirdilər.

Ümumilikdə Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri göstərdi ki, dövlət hər bir vətəndaşın, xüsusilə qoşunların təmas xəttində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Eyni zamanda dövlət başçısının səfəri cəbhə bölgəsində yaşayan əhalinin, əsgər və zabitlərin onsuz da yüksək olan əhvali-ruhiyyəsini daha da yüksəltdi. Hamı şahidi oldu ki, Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedir, həm hərbçilərlə, həm də mülki şəxslərlə görüşür.

Diqqəti belə bir məqam da cəlb etdi ki, işğalçı ordu ilə qarşı-qarşıya yaşayan insanların müharibə şəraitində olduqları qətiyyən hiss olunmur. Onlar hər cür təhlükəyə baxmayaraq, bu torpağa bağlıdırlar, bu torpaqda qurub-yaratmaq əzmindədirlər, çünki əmindirlər ki, dövlət cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Prezident cəbhə bölgəsinə səfəri zamanı bir daha öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, işğal altındakı torpaqların azad olunması, Vətən torpağının müdafiəsi naminə son damla qanınadək vuruşacaq.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2016.- 4 may.- S. 4.