Sosial inkişafa xidmət edən siyasət

 

2017-ci ilin dövlət büdcəsi də sosialyönümlü olacaq

 

Dünyada maliyyə-iqtisadi böhranının yeni mərhələyə keçməsinə baxmayaraq, ölkəmizdə görülən qabaqlayıcı tədbirlər sayəsində makroiqtisadi sabitlik təmin olunub. Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir.

Azərbaycan dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadisiyasi çağırışlara adekvat olaraq sosial-iqtisadi islahatları davam etdirir. 2016-cı ilin ötən on ayında əldə olunan nəticələr də deməyə əsas verir ki, müstəqil Azərbaycan böhran şəraitində belə davamlı inkişaf edir.

İqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında vurğulanmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Ölkəmizdə son 13 ildə ÜDM-in həcmi üç dəfə artıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 5 faizə enib.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əməkqabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliyinə imkan verir. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.

Son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə əlverişli biznes mühiti formalaşdırılıb. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci, MDB məkanında isə yenidən 1-ci yerə layiq görüb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb.

Azərbaycan dünyada üçdaha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxalixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirir, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsinə çalışır. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir.

Prezident İlham Əliyev cari ildə aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən artıq fərman və sərəncam imzalayıb. Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib.

Prezident İlham Əliyev növbəti ildə də böyük sosial layihələrin icra ediləcəyini bildirib: “Ümumiyyətlə, gəlirlərimizin azalmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.

Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu, təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerlixarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş qanunla 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması da bu islahatların praktik davamı kimi xüsusi vurğulanmalıdır. Bu addımlar mahiyyətcə qlobal maliyyə böhranı dövründə təkcə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına deyil, həm də demokratik inkişafın, sabitliyin qarantı olan orta burjuaziyanın formalaşmasına yönəlmişdir.

Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusionalsiyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyəti olan, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.

Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərən müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına əlverişli şərait yaradır. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyaraq daha böyük nailiyyətlər qazanacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 2.