İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır

 

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ikinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə ikinci dəfə keçirilən Azərbaycan Elm Festivalının respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra aliorta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Tədbirin keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. İki il əvvəl keçirilmiş birinci Elm Festivalında 15 mindən çox insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə diqqətə çatdırıb ki, budəfəki tədbirə qatılanların sayının 50 minə çatacağı gözlənilir. Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan akademik festivala hazırlıq prosesini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

AMEA-nın prezidenti ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən də söz açıb. O, akademiyanın bir sıra dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edib. A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, akademiyada 75 magistrant təhsil alır. Müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onları düzgün istiqamətləndirməklə bütün sahələrdə fəaliyyətlərinin artırılmasına dəstək göstərmək son dərəcə vacibdir.

Hazırda AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyən akademik bildirib ki, akademiyada islahatyönümlü hədəflər 2020-ci ilədək davam edəcək. AMEA-nın 70 illik yubileyi ilə bağlı akademiyaya bir sıra nəşrlər təqdim olunub. Bu nəşrlər sırasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə işıq üzü görmüş “Müstəqillik yollarında - 25” kitabı xüsusi qeyd edilməlidir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elmali təhsil sahəsində keçdiyi yoldan söz açıb. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf edib, ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-cı ilə nisbətdə iki dəfədən çox artıb. Azərbaycanda elm və təhsilin dövlət siyasətinin prioritetlərindən olduğunu cari ildə qəbul edilmişElm haqqında” Qanun bir daha təsdiqləyir. Sənəddə ali təhsil müəssisələri üçün yeni “tədqiqat universitetistatusu müəyyənləşdirilib. Bu da ali təhsil ocaqlarımızın elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədilə elmin gücündən istifadəni genişləndirməkdir. Bunun üçün nazirlik AMEA, ölkəmizdə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birgə elm və təhsil arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura pilləsinin yaradılması, birgə layihələrin reallaşdırılması bu əməkdaşlığın uğurlu nəticəsidir.

Elmin bütün cəmiyyətlərin ehtiyac duyduğu tərəqqini sürətləndirmək üçün ən böyük qüvvə olduğunu deyən nazir tədbir iştirakçılarını, xüsusilə gənc nəslin nümayəndələrini elmi prosesin fəal iştirakçısı olmağa çağırıb.

Sonra Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov festival haqqında fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, festival elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacaq.

Daha sonra Dünya Elm Festivalının prezidenti Cudit Koksun ikinci Azərbaycan Elm Festivalının iştirakçılarına təbriki səsləndirilib.

Tədbirin bədii hissəsində AMEA-nın marşı səsləndirilib, müxtəlif elmi şoular nümayiş olunub, ABŞ-ın “Acidic Bandmusiqi qrupunun ifası maraqla qarşılanıb.

Daha sonra festival iştirakçıları AMEA-nın “Alimlər evi”ndə təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə təmsil olunan AMEA-nın institutları, bir sıra ali təhsil ocaqları və müxtəlif dövlət qurumları son iki ildə qazandıqları elmi nailiyyətləri nümayiş etdiriblər.

Festival AMEA-nın Mərkəzi Elmi Kitabxanası, GeologiyaGeofizika İnstitutu, KatalizQeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, həmçinin BDU, BANM, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.

Tədbir çərçivəsində bir sıra muzeylərə, texnoparklara və digər məkanlara elmi ekskursiyalar təşkil olunub.

Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək festival noyabrın 5-də başa çatacaq.

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 4.