Azərbaycanın ixrac potensialı yüksəldilir

 

Dünya ölkələri siyasi quruluşlarından iqtisadi vəziyyətindən asılı olmayaraq ayrı-ayrılıqda lazımi inkişaf səviyyəsinə çata bilməzlər. Sivilizasiyanın inkişaf təcrübəsinə nəzər salsaq görərik ki, yalnız ölkələrin bir-biri ilə əlaqələr qurması onların iqtisadi, sosial və mədəni səviyyələrinin yüksəlməsinə səbəb olur. Bunun üçün də ölkələr iqtisadi sahədə qarşılıqlı əməkdaşlıq edirlər.

Ölkələrarası iqtisadi əlaqələr müxtəlif zamanlarda müxtəlif formalarda olmuşdur. Bu əməkdaşlıq formalarından ən qədimi və ən geniş yayılmışı beynəlxalq ticarətdir. Beynəlxalq ticarət dünya ölkələrinin xarici ticarətinin məcmusu olan əmtəə-pul münasibətləri hesab edilir. Buraya idxalixrac formasında malların hərəkəti daxildir. Dünya ölkələrinin bir çoxunda xarici ticarət iqtisadi əlaqələrin böyük hissəsini özündə əks etdirir. Xarici ticarət anlayışını beynəlxalq ticarətdən fərqləndirən əsas cəhəti onun ayrıca nəzərdə tutulmuş ölkə üçün tətbiq edilməsidir.

Müasir dövrdə ölkələr arasında aparılan ticarət əlaqələri beynəlxalq əmək bölgüsünün dərinləşməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, ölkələrin iqtisadi inkişaf səviyyəsinə və coğrafi mövqeyinə uyğun olaraq onların ayrı-ayrı məhsul istehsalı üzrə ixtisaslaşmasının nəticəsi kimi başa düşülür. Xarici ticarət ölkələr arasında idxalixrac əməliyyatlarının məcmusundan ibarətdir. Beynəlxalq ticarətdən hər bir istehsalçı udur. Beynəlxalq ticarət həm də istehsalçılara daha bacarıqlı olduqları sahələrdə ixtisaslaşmağa və mübadilə nəticəsində daha çox əmtəə və xidmətlər əldə etməyə imkan verir.

Beynəlxalq ticarət haqqında mövcud olan nəzəriyyələrin hər biri onun mahiyyətini və əsas cəhətlərini özündə əks etdirir. Bu teoremlər bütünlüklə öz tarixi dövrü üçün beynəlxalq ticarət haqqında suallara cavab tapmışdır. Lakin müəyyən zaman sonra əmtəə-pul münasibətləri yeni mərhələyə qədəm qoyduqca, həmçinin sosial və təşkilati iqtisadi münasibətlər dəyişdikcə nəzəriyyələr öz aktuallığını itirmiş və qismən dəyişərək yerini yenilərinə vermişdir. Hazırda bazar iqtisadi sisteminin mövcud olduğu ölkələrin əsas məqsədlərindən biri xarici ticarətin, daha dəqiq ifadə etsək, ixrac potensialının stimullaşdırılmasıdır. Klassik iqtisadçılardan müasir iqtisadi fikirlərə qədər beynəlxalq ticarət haqqında nəzəriyyələrin hər birində dövlətin ixracı dəstəkləməsi məsələləri hər zaman ön planda olmuşdur.

Azərbaycanda da son dövrlər ixrac imkanlarının, xüsusilə də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması haqqında bir sıra iqtisadi islahatlar aparılıb. Dünya bazarında neftin qiymətinin ucuzlaşması bu prosesi daha da sürətləndirmişdir. Odur ki, postneft dövrü keçən ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra davamlı işlər görülür. Ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliyinin artırılması, iqtisadi strukturunun diversifikasiya olunması ilə bağlı dövlət tərəfindən göstərilən yardımlar bu istiqamətdə atılan mühüm addımlardır. Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli sərəncamı isə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması üçün vacib sənəddir. Sərəncamda Nazirlər Kabinetinə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən məbləğin hissəsi və ödənilmə mexanizmi haqqında layihə hazırlamaq, İqtisadiyyat Nazirliyinə isə potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və ixracyönümlü istehsal üçün kreditzəştlərinə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər vermək tapşırılmışdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ixrac potensialının artırılması məqsədilə bəzi ölkələrdə milli valyutanın devalvasiya olunması həyata keçirilir. Məqsəd xarici ticarət balansında ixrac-idxal əməliyyatlarını tənzimləmək, ölkənin maliyyə ehtiyatlarının azalmasının qarşısını almaq, yəni maliyyə ehtiyatlarının xaricə axınını tənzimləməkdir. Milli valyutanın dəyərinin enməsi sonda xarici ticarətdə idxalın səviyyəsinin azalmasına, ixracın isə stimullaşdırılmasına ciddi təsir edir. Ölkəyə xarici investisiyaların artmasına səbəb olan devalvasiyanın həyata keçirilməsi sonda milli iqtisadiyyatın şaxələnməsinə, rəqabətqabiliyyətli məhsul istehsalının artmasına, ölkənin ixrac imkanlarının genişlənməsinə təsir edir.

İxrac potensialının stimullaşdırılmasında əsas məsələ rəqabətqabiliyyətli məhsul istehsalının üzərinə düşür. Bu baxımdan Azərbaycanda sahibkarların səmərəli işləməsi üçün dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Çünki yalnız sağlam rəqabət, düzgün infrastruktur, resurs-xammalın əlçatan olduğu şəraitdə fizikihüquqi şəxslər həm keyfiyyət, həm də kəmiyyət baxımından səmərəli fəaliyyət göstərə bilirlər. Bu zaman istehsal edilən məhsullar və ya görülən xidmətlər həm də rəqabətqabiliyyətli olur. Qalır ixracı stimullaşdırmaq. Bunun üçün isə dünya bazarında həmin məhsullara olan tələbin öyrənilməsi, marketinq fəaliyyətinin qurulması, məhsulların tanınması üçün şirkət nümayəndələrinin beynəlxalq sərgilərdə iştirakı, beynəlxalq sertifikatların alınması, həmçinin xarici bazarlara ixrac edilən məhsulların daşınmasında sərf olunan nəqliyyat xərclərinə dövlət tərəfindən güzəştlərin tətbiqi və s. vacib şərtlərdir.

Unutmaq olmaz ki, ölkələrin beynəlxalq ticarətdən kənarda qalmaları onların iqtisadiyyatlarının geriləməsi ilə nəticələnə bilər. Beynəlxalq iqtisadi münasibətlərdə göstərilir ki, ölkələr yüksək inkişaf səviyyəsinə malik olmaq üçün ixracı stimullaşdırmalı, yerli istehsalçıları qorumaq məqsədilə idxalda lazımi hallarda məhdudlaşdırmalar aparmalıdır. Bu baxımdan ölkəmizin ixracın stimullaşdırılması məsələsində həyata keçirdiyi iqtisadiinzibati tədbirlər təqdirəlayiqdir.

 

Qalib QAFARLI,

Bakı Dövlət Universitetinin müəllimi

 

Azərbaycan.- 2016.-3 noyabr.- S.5.