Bu ilTürk dünyasının mədəniyyət paytaxtı” Şəkidir

 

Azərbaycanın qədim diyarı bu şərəfli statusu ləyaqətlə daşıyır

 

Son illər ardıcıl olaraq Şəkidə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi bu tarixi məkanın dünyanın sayılıb-seçilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsindən xəbər verir. Bu mənada 2016-cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin də böyük əhəmiyyəti olmuşdur.

Xatırladaq ki, TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazağıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişehir, 2014-cü ildə Tatarıstanın Kazan, ötən il Türkmənistanın Marı şəhərləri “paytaxtelan olunmuşdur. 2015-ci ildə Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - “TÜRKSOY”-un baş katibi Düsen Kaseinov 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olaraq məhz Şəki şəhərinin seçilməsi səbəblərini müsahibələrinin birində belə açıqlamışdır: “Şəkidə ənənəvi olaraq keçirilən beynəlxalq festivallarda türkdilli ölkələrin musiqi kollektivlərinin iştirakı, bu şəhərdə TÜRKSOY-un rəssamlarının görüşünün, türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilənin təşkili, ənənəvi olaraq hər il İpək Yolu beynəlxalq musiqi festivalının, beynəlxalq kulinariyaşirniyyat festivalları, 2014-cü ildə I beynəlxalq teatr festivalının, beynəlxalq zərb alətləri festivalının, 2015-ci ildə Şəki teatrında tanınmış türk dramaturqu Haldun Tanerin əsərinin tamaşaya qoyulması və digər tədbirlər Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsində öz rolunu oynayıb. Düsen Kaseinov həmçinin qeyd etmişdir ki, bu şəhərdə qonaqlara göstərmək üçün hər şey var: “Dünya memarlığının incisiXan sarayı”, karvansaraylar, qədim Alban məbədləri və digər tarixi məkanlar, həmçinin gözəl təbiət Şəkinin paytaxt seçilməsini şərtləndirən əsas amillərdəndir”.

Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY tərəfindən birgə tədbirlər planı və ilin loqotipi təsdiq edildi. Fevralın 29-da 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən, “Türk xalqlarının müasir ədəbiyyatı” mövzusunda kitab sərgisi təşkil edildi. Şəki Dövlət Dram Teatrında təşkil olunan sərginin açılışında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək türk dünyasının UNESCO-su hesab edilən Beynəlxalq Türk Mədəniyyət Təşkilatının - TÜRKSOY-un türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində səmərəli apardığını vurğuladı.

Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində qədim “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimi keçirildi. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Paytaxt ilinin təntənəli açılış mərasiminin proqramı olduqca maraqlı və rəngarəng tədbirlərlə zəngin idi. Mərasim iştirakçıları Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayının qarşısındakı həyətdə təşkil olunmuş xanlıqlar dövrünü xatırladan bədii proqrama tamaşa etmiş, Narınqala divarları ərazisindəki meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışlarını və pəhləvanların çıxışlarını izləmişlər.

Tədbir iştirakçıları qoruğun ərazisindəki Xalq tətbiqi sənəti muzeyinin həyətində təşkil edilən Şərq bazarına da tamaşa etmiş, xalq sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olmuş, folklormusiqi kollektivlərinin çıxışlarını dinləyərək Şəki mətbəxinin ləziz təamlarına qonaq edilmişlər. İştirakçılar həmçinin Yuxarı Karvansarayın həyətində təşkil edilmiş Şəki sənətkarlarının əl işlərindən ibarət müxtəlif sənət nümunələrinin satış-sərgisi ilə də tanış olmuşlar. Axşam saatlarında tədbir iştirakçılarına “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Yay teatrında “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin rəsmi açılışına həsr edilən Azərbaycanın və türkdilli ölkələrdən gəlmiş musiqi kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunmuşdur.

Proqram çərçivəsində 27 iyun-1 iyul tarixlərdə Şəkidə VII Ənənəvi İpək Yolu Beynəlxalq Musiqi Festivalı da keçirilmişdir. Festivalda 11 türkdilli ölkənin musiqiçiləri rəngarəng konsert proqramları ilə çıxış etmişlər.

İyulun 20-də festivallar şəhəri kimi tanınan qədim Şəkidə Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Şəki III Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin - İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak etmişlər.

Həmin gün XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaraymehmanxana kompleksinin həyətində festivalın təntənəli açılış mərasimi olmuşdur. Sentyabrın 15-də isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalına start verilmişdir.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak etmişlər. Azərbaycan bu festivalda Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə dövlət dram teatrları ilə təmsil olunmuşdur. Festivalın açılış mərasimində tədbirin təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, tanınmış teatr və incəsənət xadimləri iştirak etmişlər. Sentyabrın 25-dək davam edən teatr festivalında təqdim olunan səhnə əsərlərini minlərlə tamaşaçı izləmişdir.

Bu ayın son ongünlüyündə isə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur. Əminik ki, bu tədbir də uğurla yekunlaşacaq.

 

Mirvari ZEYNALOVA,

Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri

 

Azərbaycan.- 2016.- 3 noyabr.- S. 6.