Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub

 

Əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir KİV və jurnalistin hüquqları dövlət tərəfindən qorunur

 

Müstəqilliyinin 25 ilini geridə qoyan Azərbaycanda bu dövrdə bərqərar olan demokratik meyarlardan biri söz və mətbuat azadlığıdır. Çünki məhz azad mətbuat plüralist cəmiyyətin əsas göstəricilərindən biridir. 140 ildən çox tarixi və özünəməxsus ənənələri olan milli mətbuatımız hər zaman mütərəqqi ideyaların carçısı kimi çıxış etsə də, müstəqilliyimizin ilk illərində əsl azadlığına qovuşa bilməmişdi. Söz azadlığına olan əngəllərin nəticəsi kimi Azərbaycan mətbuatı o dövrdə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirdi.

 

Buxovlardan qurtulan mətbuat

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində mətbuat xalqımızın arzularının reallaşmasına, müstəqillik amalının güclənməsinə, mənəvi dəyərlərinin tərəqqisinə, milli şüurun və mədəniyyətin formalaşmasına öz töhfələrini verə bilmirdi. Hakimiyyət orqanları, siyasi dairələr yeni ictimai formasiyanın tələblərindən irəli gələrək mətbuatın azadlığı naminə nəinki bir gördülər, əksinə əvvəlki totalitar ənənələri daha da möhkəmləndirdilər. Jurnalistin nazir tərəfindən döyüldüyü, televiziya verilişinin canlı efirinə müdaxilə edildiyi bir dövrdə hansı müstəqil və azad mətbuatdan söhbət gedə bilərdi?! Senzura səbəbindən yazıların qayçılandığı, qəzet səhifələrinin dərc olunduğu cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, inkişafı mümkün deyildi.

Bütövlükdə, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektivsubyektiv səbəblər üzündən KİV ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Yalnız ulu öndər Heydər Əliyevin demokratik cəmiyyət quruculuğu istiqamətində başlatdığı islahatların nəticəsi olaraq mətbuat siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Azad sözün inkişafı məqsədilə KİV-in sərbəst fəaliyyəti təmin edildi, o cümlədən mətbuatın dövlət tərəfindən tənzimlənməsi tədricən aradan qaldırıldı. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Bu fərmanla həmçinin hərbi senzura yaradılması haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bütün bunlar “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü.

Azərbaycanda mətbuatın inkişafına xidmət edən digər mühüm amillərdən biri dövlətin etdiyi yardımlardır. Məhz ulu öndərin mətbuatın inkişafına diqqət və qayğısının nəticəsi olaraq bir sıra qəzetlərin, o cümlədən müxalifət mətbuatının çapa görə illərdən bəri yığılmış borcları dövlətin hesabına ödənildi. Bu diqqət və qayğının nəticəsi idi ki, 2001-ci ildə Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.

 

Dövlət qayğısı davamlıdır

 

Söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də KİV-nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Dövlət başçısının mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənir. Son 12 ildə qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.

Hər il maliyyə yardımlarının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bir daha sübut edir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə son onillikdə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı respublikamızdakı kimi liberal qaydalara rast gəlmək olar. Televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bunu yüksək qiymətləndirən mətbuat işçiləri Prezident İlham Əliyevi iki dəfə “Jurnalistlərin dostuelan ediblər.

 

Heç kim sərbəst düşüncəsinə görə təqib edilmir

 

İstənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaqyaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi mətbuat üçün demək olar ki, adi normadır. Mətbuatda tənqid olmalıdır və Azərbaycanda da digər demokratik cəmiyyətlərdə olduğu kimi bu, normal qəbul olunur.

Tənqid adı altında qara yaxmaq, təhqir, şantaj etmək isə yolverilməzdir. Jurnalistika fəaliyyəti o demək deyil ki, böhtan atmalı, şantaj etməli, dezinformasiya yaymalısan. Təbii ki, bu zaman böhtanın, şantajın, yalanın hədəfi olanlar qanunvericilik çərçivəsində öz hüquqlarını müdafiə etmək məcburiyyətində qalacaqlar.

Digər tərəfdən, jurnalist olmaq heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə üstün səlahiyyətlər vermir. Jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs yaşadığı və fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməyə borcludur. 1993-cü ilədək baş verənləri nəzərə almasaq, indiyədək Azərbaycanda peşə qanunvericiliyinə əməl edən heç bir jurnalistə təzyiq olunmayıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün özünü jurnalist hesab edən bəziləri mətbuatda yol verdikləri etik pozuntuları, vergidən yayınmanı, xuliqanlığı, hətta adi məişət səviyyəsində üzləşdikləri məsələləri söz azadlığının boğulması kimi qələmə verməyə çalışır, hüquqazidd əməllərini mətbuata təzyiq kimi pərdələməyə cəhd göstərirlər. Qəzet və ya jurnalistin məhkəməyə verilməsi tamamilə demokratik normadır və bu, mətbuata təzyiq kimi qiymətləndirilə bilməz. Danılmaz faktdır ki, bir sıra hallarda mətbuatda etik tələblərin pozulması, təhqir və şantaj, məqsədyönlü şəkildə yalan məlumatların yayılması kimi hallar baş verir. Amma buna görə 90-cı illərin əvvəllərində olduğu kimi, heç bir jurnalist döyülmürya heç bir redaksiyaya basqın edilmir.

Ölkədəki demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan verir. Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir və əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq hər bir KİV-ninjurnalistin hüquqları dövlət tərəfindən qorunur, o cümlədən ölkədə söz azadlığının olmadığını iddia edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində quran müxalifət mətbuatının. Azərbaycanda heç kim sərbəst düşüncəsinə görə təqib edilmir. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırmaqda azaddır.

Bu mənada Azərbaycanda mətbuat azadlığının olmaması barədə xarici hesabatlarda yer alan fikirlər yalandan başqa bir şey deyil. Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, siyasi dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata çıxış imkanlarının məhdudlaşdırılmasına dair bir fakt belə göstərə bilməzlər. Odur ki, onların Azərbaycan mətbuatı ilə bağlı qənaətləri tamamilə obyektivlikdən uzaqdır. Bu cür yalanlar ənənəvi olaraq ölkəmizə qarşı həyata keçirilən antimilli kampaniyanın tərkib hissəsidir. Söz azadlığının pozulması ilə bağlı heç bir fakta əsaslanmadığına görə belə hesabatlar tamamilə qeyri-obyektiv mülahizələrdən ibarətdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 1, 2.