Dünya bazarlarında artıq Azərbaycan məhsullarına tələbat yaranır

 

Sahibkarlar istehsal etdikləri məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını və ixrac qabiliyyətini nəzərə alırlar

 

Son illər ərzində Azərbaycanın qeyri-neft sahəsinin ümumdaxili məhsul həcmində üstün çəkisinin qorunub saxlanması üçün həyata keçirilən işlər ixrac imkanlarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. İstehsal olunan kənd təsərrüfatı məhsullarının bir qismi artıq müvafiq xarici bazarlarda öz yerini tutub. Yerli məhsullarımızın müəyyən bir hissəsinin xarici bazarlarda təmsil olunmasına baxmayaraq, ölkədə ixrac olunmayan yüksək keyfiyyətli məhsullar kifayət qədərdir. Bu şəraitdən yararlanaraq həmin məhsulların ölkə sərhədlərini aşmasına nail olmaq mümkündür.

Prezident İlham Əliyev ilin əvvəlində qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalını Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri elan etmişdir. Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, texnoparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanır. Dövlət fermerlərə dəstək göstərir, subsidiyalar ödəyir, güzəştlərlə gübrələr, yanacaq verir. İnvestisiyalar qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 1 milyard manat həcmində güzəştli kreditlər verilib. Bu il isə 200 milyon manatın verilməsi nəzərdə tutulur. Nəticə etibarilə, artıq dünya bazarlarında rəqabətə girəcək müxtəlif məhsullar ictimaiyyətə təqdim edilir. Lakin xarici bazarlara üz tutarkən müəyyən problemlər ortaya çıxır. Valyuta itkisi, yaxud məhsulların lazımınca təqdim edilməməsi kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev təqdirəlayiq addım atdı və xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikatpatent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydasını təsdiqlədi, həmçinin müvafiq istiqamətdə işlərin görülməsilə əlaqədar fərman verdi.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev dünyadaMade in Azerbaijanbrendinin təbliğ olunmasının vacibliyini qeyd edib:Biz artıq “Made in Azerbaijanbrendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər”. Dövlət başçısı bildirib ki, bu gün bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə burada yeni bir yanaşma tətbiq edilməlidir.

Sözsüz ki, “Made in Azerbaijanbrend olaraq ümumiləşdirici anlayışdır və Azərbaycan daxilində istehsal edilən bütün məhsullara şamil olunur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərmanda əks olunmuş mexanizmlər və bütünlükdə qaydalar qeyri-neft məhsullarına şamil olunur. Başqa sözlə desək, “Made in Azerbaijanixrac qabiliyyətli məhsulları özündə cəmləşdirir. Ona görə də hər hansı bir məhsulun istehsalı ilə məşğul olan sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar. İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmalıdır ki, dünya bazarında özünə yer tapa bilsin. Xüsusən də meyvə-tərəvəz məhsullarının xaricə çıxarılması üçün müəyyən işlər görülməlidir. Həmin məhsullar beynəlxalq standartlara cavab verməlidir. Mütəxəssislər hesab edirlər ki, beynəlxalq bazara çıxmaq üçün əvvəlcə daxili bazarın tələbatını təmin etmək lazımdır. Bunun üçün ölkədə kənd təsərrüfatı məhsulları ilə təchizat sxemi qurulmalı, nəqletmə və qablaşdırma işləri təkmilləşdirilməlidir. Bundan başqa, ölkədə kənd təsərrüfatının inkişafı və məhsulların xarici bazarlara çıxarılması üçün bir sıra marketinq addımları atılmalıdır. Məsələn, topdansatış bazarında olan qiymətlər barədə məlumat dərgisi hazırlanmalıdır. Bu ona görə lazımdır ki, fermerlər bazardakı qiymətlərdən xəbərdar olsunlar. Sözügedən məsələlər müvafiq orqanlar tərəfindən tənzimlənməli və problemlərə diqqətlə yanaşılmalıdır. Belə olduqda həm istehsalçı, həm də istehlakçı ümumi işdən razı qalacaqdır.

Xarici bazarlarda Azərbaycan məhsullarına, xüsusən də kənd təsərrüfatı mallarına ciddi tələbat var. Statistikaya nəzər salsaq görərik ki, 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqifiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 100 ölkəyə məhsul ixrac olunub. Xarici ticarət dövriyyəsinin 81,9 faizi Rusiya, İtaliya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Çin, Birləşmiş Krallıq, İsrail, Çexiya, Gürcüstan, Sinqapur, Yaponiya, Hindistan, Portuqaliya, Ukrayna, Norveç, Tailand, İsveçrə və Xorvatiya dövlətlərinin hesabına formalaşıb.

İxracın strukturunda xam neft, neft məhsulları, təbii qazla yanaşı, meyvə-tərəvəz, plastik kütlə, qara metallaronlardan hazırlanan məmulatlar, alüminiumondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağları üstünlük təşkil edib.

Azərbaycan məhsullarının ixracı üçün əsas bazarlardan biri də təbii ki, Rusiyadır. 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 934,45 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 742,75 mln. ABŞ dolları, ixracın həcmi isə 191,70 mln. ABŞ dolları təşkil etmişdir. Lakin Azərbaycandan Rusiyaya meyvə-tərəvəz idxalı artsa da, hazır məhsullar, məsələn, şirələr, içkilər, konserv məhsulları sahəsində vəziyyət hələ də istənilən səviyyədə deyil. Baxmayaraq ki, Prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş strategiyası sayəsində Azərbaycanda müasir texnologiyalara əsaslanan şərab, şirə zavodları, digər müəssisələr yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda istehsal olunan şərablar keyfiyyətinə, dadına görə gürcü şərablarından geri qalmır, əksinə daha da irəliyə gedir. Lakin Azərbaycan şərablarının xarici bazarlara ixracının həcmi mövcud potensialdan çox aşağıdır.

Ona görə də bu istiqamətdə həyata keçirilən işləri daha da sürətləndirmək və mövcud potensialdan maksimum yararlanmaq lazımdır. Daha doğrusu, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən strategiya üzrə müvafiq işlərin vaxtında və dəqiq aparılması ilə Azərbaycan nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcək. Bunun üçün ölkədə bütün imkanlar var.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. 2016.- 4 noyabr.- S. 1, 2.