Lüğətşünas alim

 

XX əsrin 70-ci illərində Azərbaycan dilçilik elminə doğma ana dilimizi hədsiz dərəcədə sevən bir gənc gəldi. Aşıq Oruc Əhmədovun ailəsində boya-boşa çatan İsmayıl Məmmədlinin dilçilik elminə hədsiz sevgisi həm də onun tərbiyə aldığı ailə mühiti ilə bağlı idi. Aşıq ədəbiyyatını hər gün dinləyən İsmayılda bu sahəyə olan maraqla yanaşı, Azərbaycan dilinə, onun zənginliyinə günü-gündən artan sevgi və məhəbbəti alimi filologiya elmləri doktoru, professor zirvəsinə yüksəltmişdir. Bu gün Azərbaycan elmi ictimaiyyətinin böyük əksəriyyəti filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlini yaxşı tanıyır. Onun leksikologiya, onomalogiya, lüğətçilik, üslubiyyat, şifahi və yazılı ədəbi dil, nitq mədəniyyəti, etimologiya sahəsində apardığı araşdırmalar Azərbaycan dilçilik elminə təqdim olunmuş ən qiymətli töhfələrdir.

İsmayıl Məmmədlinin həyatı və yaradıcılığı təsdiq edir ki, o, olduqca işgüzar, məsuliyyətli, özünə tələbkar bir insandır. 1962-1967-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun alman-Azərbaycan dilləri şöbəsində təhsil almış, hazırda əməkdaşı olduğu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına gələnə qədər Azərbaycan Sovet Ensiklopediyasında (1967-1970-ci illərdə) elmi və ədəbi nəzarət redaksiyasında redaktor, böyük elmi redaktor vəzifələrində çalışmış və zəngin təcrübə toplamışdır. Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olmuş, görkəmli türkoloq Məmmədağa Şirəliyevin rəhbərliyi altında 1974-cü ildə “Kommunist” qəzetinin leksikası” mövzusunda dissertasiya işini müdafiə etmişfilologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. İsmayıl Məmmədlinin doktorluq dissertasiyasının elmi məsləhətçisi akademik Ağamusa Axundov olmuşdur. O, 1993-cü ildə “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun doktorluq dissertasiyası dilçilər, etnoqraflar, bir sözlə, azərbaycanşünaslıqla məşğul olan hər kəs üçün olduqca faydalı və gərəklidir. İsmayıl müəllim doktorluq dissertasiyasında dilimizin ən qədim leksik layı olan etnoqrafik sözləri, ifadələri tədqiq etmiş, onların yaranması və inkişaf tarixi barəsində geniş araşdırmalar aparmışdır. Bu tədqiqat əsəri xalqımızın soykökünü, maddi və mənəvi mədəniyyətini öyrənmək baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Onu da qeyd etmək yerinə düşər ki, İsmayıl müəllimin doktorluq dissertasiyasında o qədər zəngin etnoqrafik, dialektoloji, folklor materialları vardır ki, burada onun böyük zəhmət çəkdiyini görməmək mümkün deyildir. Azərbaycanın ayrı-ayrı bölgələrindən topladığı məlumatları doktorluq dissertasiyasının müsbət məziyyətərindən biri kimi qeyd etməmək olmur. İsmayıl müəllim Azərbaycan dilçiliyində ilk dəfə olaraq etnoqrafik leksikanın sahələrini, üslubi, leksik-semantik xüsusiyyətlərini təhlil və tədqiq etməklə elmimiz üçün təqdirəlayiq bir görmüşdür.

İsmayıl Məmmədli hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinə rəhbərlik edir. O, 1970-ci ildə institutda fəaliyyətə başlamış, aspirantlıqdan şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. İsmayıl müəllim lüğətçiliyi ən çətin işlərdən biri sayır. “Lüğət hazırlamaq olduqca çətin və məsuliyyətli işdir. Hər kəs bunu bacara bilməz. Lüğət işi ilə məşğul olmaq dilçidən yüksək səbir, hövsələ tələb edir. Lüğət tərtib etmək olduqca əzablı işdir. İki çox ağırdır: folklor yığmaq və lüğət yazmaq”.

Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin elmi yaradıcılığı çoxşaxəli və çoxsahəlidir. Onun indiyə qədər 180-dən çox elmi məqaləsi çap olunmuşdur. Ayrı-ayrı toplularda, məcmuələrdə, jurnallarda, elmi dərgilərdə çıxan məqalələri həmişə dilçilərin, filoloqların diqqət mərkəzində olmuşdur. İsmayıl Məmmədlinin ən böyük amalı bilik əldə etmək, biliklə, ədəblə yüksəlmək olmuşdur. Oxuduqları, öyrəndikləri də bu məqsəd yolunda ona yardımçı olmuşdur. Ən müqəddəs kitabları, klassiklərin yaradıcılığını oxuya-oxuya yüksəlmiş, hörmət-izzət sahibi olmuşdur.

İsmayıl Məmmədlinin çap etdirdiyi kitablar Azərbaycan dilinin müxtəlif sahələri ilə bağlı olmaqla onu deməyə əsas verir ki, o, bir dilçi kimi geniş erudisiyaya, dünyagörüşə və bilgiyə malikdir. Kitabların təkcə adlarına fikir versək görərik ki, onun imzası Azərbaycan dilçiliyi ilə bağlı bəzi problemlərdən xəbər verir, bir çox aktual mövzuları gündəmə gətirir. OnunEkran, efirdilimiz”, “Azərbaycan dilinin etnoqrafik leksikası” monoqrafiyaları, “Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti” (tərtibçilərdən biri), üçcildlik “Azərbaycan dilinin izahlı lüğəti” (tərtibçilərdən biri), “Azərbaycanca - rusca danışıq kitabı” (həmmüəllif), “Vurğu lüğəti” (tərtibçi və redaktoru), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (təkmilləşdirilmiş, artırılmış sonuncu mükəmməl nəşrinin tərtibçisi), “Neftqaz sənayesinə aid terminlər lüğəti” (ingilis-Azərbaycan və rus dillərində, redaktoru) və s. lüğətləri bu qəbildəndir.

İsmayıl Məmmədli ömrünün düz 9 ilini (1981-1990) doğma ana dilimizi təbliğ etməyə, onun zəngin və rəngarəng xüsusiyyətlərini yaymağa həsr etmişdir. O, Azərbaycan televiziyası və radiosunda “Azərbaycan dili” və “Dil mənəvi sərvətdir” elmi-publisistik proqramlarını hazırlayıb aparıcılıq etmiş, uzun müddət dinləyicilərin, tamaşaçıların yaddaşında dərin iz buraxmışdır. Qeyd etmək lazımdır ki, dilin zəngin xüsusiyyətlərini və imkanlarını yaymaq, təbliğ etmək vacib işlərdən biridir. Belə olmasa, dili lazımi səviyyədə sevdirmək, yaşatmaq, onun qiymətini üzə çıxarmaq mümkün olmaz. Bir sözlə, İsmayıl Məmmədli bu mənada Azərbaycan dilinin bütün imkanlarından istifadə edərək yalnız nəzəriyyəçi kimi deyil, həm də praktik olaraq dilimizə sevgi, hörmət yaratmaq istiqamətində əlindən gələni əsirgəməmişdir. Radioteleviziyada Azərbaycan dili ilə bağlı apardığı verilişlərdə dilimizin daxili dünyasını, hikmətini, gözəlliyini, ruhunu dinləyicilərə, tamaşaçılara çatdırmışdır.

İsmayıl Məmmədli sözə böyük bir nemət kimi yanaşan dilçi alimlərimizdən biridir. Ona görə də görkəmli alim dilimizin saflığı uğrunda müntəzəm olaraq əsl vətəndaş mövqeyindən çıxış edir. Burada rus yazıçısı, mütəfəkkiri Lev Nikolayeviç Tolstoyun (1828-1910) bir fikrini xatırlatmaq istəyirəm. “Söz böyük nemətdir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də”. Bax bu mənada İsmayıl Məmmədli nəinki dilimizin, dilimizdəki hər bir sözün keşikçisidir. O, dilimizin bütün incəliklərinə bələd olan, xalqımızın zəngin folklorunu dərindən bilən, dilimizin keçdiyi tarixi yola tədqiqatçı kimi yanaşmağı bacaran, bir sözlə, Azərbaycan dilinin əməli fəaliyyəti ilə təəssübkeşi olan dilçi alimlərimizdəndir.

İsmayıl Məmmədli Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Dövlət Dil Komissiyasının (2001-ci il) üzvüdür. İsmayıl Məmmədliyə görə, “Dilin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə durub baxa bilməz. Görürsən ki, biri dilində qəliz ərəb-fars sözləri işlədir, o biri yeri gəldi-gəlmədi Avropa, bir başqası isə rus sözləri işlədir. Bu danışanlardan heç bir şey başa düşülmür. Mənliyini dərk etməyən adamdan ömründə tələb etmək olmaz ki, sən niyə bu dili korlayırsan? Yəni insan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünmürsə, ona həmin sözü deməyin mənası nədir?

İsmayıl Məmmədli dili güvənc yerimiz sayır. Onun tədqiqatlarında ədəbi tələffüz qaydaları, Azərbaycan dilinin orfoepiya qaydaları, bütövlükdə ədəbi dilimizin normaları məsələsi həmişə aparıcı mövqedə olmuşdur. O, radioteleviziya verilişlərini ədəbi dil normalarının ən yaxşı təbliğatçısı hesab edir. Müsahibə və reportajlarda müşahidə etdiyi qüsurları nümunələrlə izah edir. İsmayıl Məmmədli ədəbi tələffüz normalarını pozanlar barəsində çox dəqiq diaqnoz qoyur. O yazır: “Ədəbi tələffüz normaları bəzi ziyalıların, müğənni və aktyorların nitqində, hətta aparıcı və diktorların da danışığında pozulur”.

İsmayıl Məmmədli nitq mədəniyyətinin nəzəri məsələləri ilə yanaşı, praktik tərəflərinə də müdaxilə etmiş, orijinal fikirlər yürütmüşdür. O, mütəxəssis kimi son illərdəki şifahi ədəbi dillə yazılı ədəbi dil arasındakı münasibəti belə xarakterizə etmişdir: “Son onilliklərdə şifahi ədəbi dillə yazılı ədəbi dil arasında intensiv yaxınlaşma, qarşılıqlı təsir, bir-birinə təmasetmə daha güclü müşahidə olunur”.

İsmayıl Məmmədli çağdaş Azərbaycan dilçiliyində öz yeri olan lüğətşünas alimlərimizdən biridir. Onun lüğətşünaslıqla bağlı fikir və mülahizələri elmi-nəzəri mənbə rolunu oynayır.

İsmayıl Məmmədli dilçilik istiqamətində yazılmış dissertasiyalara, elmi əsərlərə opponentlik edən resenziyalar, rəylər yazan ən məhsuldar alimlərdəndir. Onun opponentlik etdiyi dissertasiyalar Azərbaycan dilçiliyinin ən aktual mövzuları ilə bağlıdır. Aktual mövzular olan yerdə İsmayıl müəllimin dilçi mövqeyi görünür. Biz onu dilçiliyin bütün yeniliklərinə bələd olan, eyni zamanda yeniliyi, orijinallığı ilə seçilən əsərlərin bələdçisi olan alim kimi tanıyırıq. Bu, dilçi üçün çox vacib şərtlərdən biridir.

2016-cı il filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli yaşının üstünə bir yaş gətirdi. Onun 70 yaşı tamam oldu. İsmayıl müəllim ömrünün ən mənalı, yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Ona sağlamlıq, xoş əhvali-ruhiyyə, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 7.