Yaponiyanın “Pavone” jurnalında Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-prisi barədə məqalə dərc olunub

 

Yaponiyanın elit dairələri arasında populyarlığı ilə seçilən “Pavone” jurnalında cari ilin iyununda Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-prisi barədə məqalə dərc olunub.

“Azərbaycanın paytaxtı Bakıda keçirilən “Formula-1” yarışının cəlbedici tərəfləri” adlı məqalədə Qran-pri barədə ətraflı məlumat verilir.

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə dərc olunan məqalədə qeyd edilir ki, son illər beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzlərdən birinə çevrilən Azərbaycan “Formula-1” yarışlarını da yüksək səviyyədə keçirib. Yarışların keçirildiyi Bakı haqqında məlumat verən müəlliflər Azərbaycan paytaxtının müasir dünya şəhərləri ilə eyni səviyyədə durduğunu vurğulayırlar. Qeyd edirlər ki, yarışların şəhər küçələrində keçirilməsi məqsədilə yaradılan Bakı şəhər halqası Azərbaycan paytaxtının gözəlliklərini görməyə imkan yaradıb.

Məqalədə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik, Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadiyyatı və turizmi üçün cazibə mərkəzi olduğu bildirilir.

Müəlliflər Azərbaycan Prezidenti İlham Əliyevin yarışların təşkilini daim diqqətdə saxladığını, onun yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verdiyini vurğulayırlar. Bildirilir ki, Azərbaycan paytaxtının gözəlliyi və ölkənin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında “Formula-1” yarışı əhəmiyyətlidir. Son dövrlərdə turistlərin sayında artım müşahidə edildiyi və Azərbaycana daha çox turistin gəlməsi üçün bu yarışın yaxşı imkan yaratdığı diqqətə çatdırılır.

Yazıda qeyd olunur ki, Azərbaycan artıq “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Şahmat Olimpiadası kimi tədbirlərə ev sahibliyi edib. Gələn il IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyunu da Azərbaycanda keçiriləcək.

Müəlliflər Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgəyaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini vurğulayırlar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 8.