Azərbaycan nümunə göstərir

 

Məcburi köçkünlərin problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir

 

Hələ də doğma yurd-yuvalarının nisgili ilə yaşayan, didərgin düşdükləri ərazilərə qayıdacaqlarını böyük səbirsizliklə gözləyən məcburi köçkünlər əslində o günün çox da uzaqda olmadığını yaxşı bilirlər. Tam və birmənalı şəkildə etimad göstərdikləri Ali Baş Komandanın onların yurd həsrətinə son qoyacağına da qəti əmindirlər.

Sadəcə, bir qədər də səbir etmək qalır. Azərbaycan təkcə tarix boyu başqalarının əlində vasitə olan ermənilərə qarşı mübarizə aparmır. Çox mürəkkəb geosiyasi şəraitdə bu mənfur qonşularımızı teatr kuklası kimi oynadanların da ölkəmizin əleyhinə məkrli planları uğurla neytrallaşdırılır. Elə bundan irəli gəlir ki, ölkəmiz Cənubi Qafqazın lider dövləti sayılır, regionda siyasi, iqtisadi proseslərin inkişaf axarını müəyyən edir.

Qeyd edilənlər kontekstində Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün də uzaqda deyil və buna məcburi köçkünlər də qəlbən inanırlar. Yurd qubarına son qoyulan günə qədər və ondan sonra da dövlətlərinin daim arxalarında olduğunu, onlara hərətəfli qayğı göstərdiyini və göstərəcəyini də yaxşı bilirlər.

 

6 milyard manatdan çox vəsait sərf olunub

 

Qeyd edək ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən mühüm tədbirlər baxımından Azərbaycan artıq dünyada uğurlu bir nümunənin müəllifi qismində çıxış edir. Lakin bu diqqət və qayğı onlara doğma ocağa qayıtmaq arzusunu unutdurmayaraq daha da gücləndirib, insanların öz ata-baba yurdlarına dönmək ümidlərini artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya göz açdıqları torpaqlara qayıdacaqlarına getdikcə daha çox əminlik ifadə edirlər.

İndinin özündə isə məcburi köçkünlərin problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. Müvafiq qurumlar tərəfindən məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda mütəmadi olaraq görüşlər keçirilir, əhalini narahat edən məsələlərin həlli məqsədilə lazımi tədbirlər görülür.

Ümumiyyətlə, ölkə rəhbərliyinin Azərbaycan xalqının inkişafına hesablanmış siyasətindən qaçqın və məcburi köçkünlər də uğurla faydalanırlar. Məhz bundan irəli gəlir ki, ölkə əhalisinin ən həssas təbəqəsi sayılan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər bu insanların həm sosial, mənzil-məişət çətinliklərinin aradan qalxmasında, həm də maddi rifah hallarının yüksəlməsində mühüm rol oynayıb. Xatırlatmaq yerinə düşərdi ki, bu vaxta qədər məcburi köçkünlərin üzləşdikləri problemlərin həllini ehtiva edən müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər müasir infrastrukturun qurulduğu yerlərə çevrilib.

Bir mühüm məqamı da qeyd edək ki, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib. Qarşıdakı müddət ərzində də bu istiqamətdə görülən işlərin daha geniş miqyas alması nəzərdə tutulur.

 

Məşğulluq səviyyəsi yüksəldilir

 

Ötən dövrdə yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmiri də həyata keçirilib, onların məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkilib, yeni məktəblər, uşaq bağçaları tikilib və digər çoxsaylı işlər görülüb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanların hamısının yaxın tezlikdə problemlərinin daha səmərəli şəkildə həll olunacağını deməyə əsas verir.

Əsas etibarilə daxili imkanlar hesabına görülən bu işlərə beynəlxalq miqyasda da maliyyə və diqqət ayrılması üçün əməli addımlar atılır. Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən imzalanan son sazişi buna misal göstərmək olar.

Digər mühüm məqamlardan biri də odur ki, son 13 ildə 380 min nəfər əməkqabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri açılıb. Sadalanan bu statistik rəqəmlər onun təsdiqidir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası və ölkədə uğurla reallaşdırılan yeni sosial-iqtisadi islahatlar əhalinin digər təbəqələri kimi, məcburi köçkünlərin də həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir.

Yenə də bu siyasətdən irəli gəlir ki, Azərbaycanda 10 ilə yaxındır çadır şəhərcikləri ləğv edilib. Əvvəllər belə şəhərciklərdə yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Xatırladaq ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsinə yüksəlməsi istiqamətində atılan mühüm addımlardan biri Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələrin təsdiq edilməsi oldu. Ötən müddət ərzində görülən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilmiş əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.

Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.

 

Dünya üçün nümunə

 

Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə də addımlar atılır. Belə ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq. Bütün bunlar bir daha Azərbaycanın məcburi köçkünlərə diqqət və qayğı baxımından uğurlu bir nümunə olduğunu aydın surətdə nümayiş etdirir.

Bu nümunəyə dünyada ehtiyac artır. Məsələn, faktdır ki, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Çox vaxt ölüm və işgəncələrdən can qurtaran qaçqın və miqrantları qəbul edən ölkələrdə rəhmlilik, dözümlülük göstərilməkdənsə, ayrı-seçkilik və ksenofobiya müşahidə olunur. Bu, əlbəttə, onların onsuz da çətin vəziyyətini daha da ağırlaşdırır. Halbuki on milyon əhaliyə malik, gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, bir milyon 200 min nəfərdən çox qaçqının, məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

Bu gün Avropa bir milyon qaçqın və miqrantın əlində girova çevrilib. Avropada hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışa, onların hüquqlarının kobud şəkildə pozulmasına dair xeyli sayda məlumat yayılır. Özü də bütün bunlar o fonda baş verir ki, Avropanın iqtisadi imkanları, əhalisinin sayı Azərbayandan dəfələrlə böyükdür. Amma miqrantların idarəçiliyində onlar, demək olar ki, çıxılmaz bir duruma düşüblər. Azərbaycanda isə əksinə, məcburi köçkünlərin, qaçqınların problemlərinin həllində əməli addımlar atılır. Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşlərinin birində deyib: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır... Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il, demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək”.

Elə bu səbəbdəndir ki, BMT-nin yeni Baş katibi seçilmiş Antonio Quterreş bundan əvvəl ölkəmizə səfərləri fonunda Azərbaycanın məcburi köçkünlərlə bağlı gördüyü işləri mühüm təcrübə kimi dünyanın bir çox ölkələri üçün nümunə adlandırıb. 10 milyonadək əhaliyə malik, gənc, kiçik bir dövlət olan Azərbaycanın 20 ildən çox müddət ərzində təbii artım hesabına sayı bir milyon 200 mini keçən qaçqın və məcburi köçkünün əsas problemlərini öz üzərinə götürərək həll etməsi, beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi həqiqətən də nümunədir. Azərbaycan bu nümunəni məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra da davam etdirəcək və bu insanlar öz doğma yurd-yuvalarında da hərətərəfli qayğı ilə əhatə olunacaqlar. O gün isə, yuxarıda qeyd olunduğu kimi, uzaqda deyil.

O da mühüm faktdır ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) dünyanın müxtəlif yerlərində humanitar yardım üzrə layihələr həyata keçirir, həssas qrupa məxsus olan insanlara humanitar yardım göstərir, habelə səhiyyə, təhsil, enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində potensialların yaradılması proqramlarını təşkil edir.

Məqsəd zərər çəkmiş bu cür ölkələrdə BMT-nin “2030 - Davamlı İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə nail olmaqdır. Çünki həll olunmamış münaqişələr yeni qaçqın axını yaratmaqda və evlərinə qayıtmaq istəyən milyonlarla qadınları, kişiləri və uşaqları qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam edir. Azərbaycan isə bu problemlərlə üzləşən dövlət kimi onun həm ölkə daxilində, həm də dünya miqyasında həllində maraqlıdır və bu istiqamətdə də əməli addımlar atır.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 1, 2.