Bayraq yürüşü

 

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü”nə başlanılıb.

AZƏRTAC xəbər verir ki, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak edirlər.

Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildiriblər.

Tədbirdə Dövlət Bayrağı Gününün geniş qeyd edilməsinin əhəmiyyəti vurğulanıb.

Bayraq yürüşü” Dənizkənarı Milli Parkdan başlanıb və Dövlət Bayrağı Meydanınadək davam edəcək.

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 3.